“Amma Türkiyənin Rusiya qarşısında hansısa şərt qoyacağı inandırıcı deyil”
Rusiya prezidenti Vladimir Putinin dekabrın 1-nə nəzərdə tutulan Türkiyə səfəri Ermənistan mətbuatında ciddi narahatlıq doğurub. Erməni mətbuatı rəsmən Rusiya-Türkiyə Şurasının 5-ci iclasına sədrlik etməyə gedən rus liderinin səfərinin Ermənistan üçün ciddi nəticələr verəcəyini iddia edirlər. Erməni jurnalist Haykazn Qaqriyanın yazdığına görə, Rusiya və Türkiyə arasında anlaşılmazlıqlar var, amma onlar daima bu məsələləri həll edirlər. İndi də iki ölkə bir sıra regional məsələlər barədə anlaşa bilərlər.
Onun fikrincə, bu görüşdə Türkiyə ilə Rusiya arasında erməni məsələsi də həll ediləcək: "İndi məlum olub ki, Moskva və Ankara erməni məsələsinin müzakirəsinə hələ 2008-ci ildən başlayıblar. Rusiya-Türkiyə danışıqları çərçivəsində Ankara Qarabağın geri qaytarılmasını və soyqırımın tanınması məsələsinə mövqeyin dəyişdirilməsini şərt qoyub”.
Putinin Rusiya-Türkiyə Şurasının 5-ci iclasına sədrliyi ilə əlaqədar Türkiyəyə səfər edəcəyini xatırladan "Trend” İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev səfərlə bağlı təhlillərə əsasən deyib ki, prezidentlərin əsas müzakirə məsələsi Krım problemi, Suriyada baş verənlər və Kipr məsələsi olacaq. Amma Putinin Türkiyə səfərinin əsası iqtisadiyyatla bağlıdır.
Sözügedən səfərdən sonra Rusiya-Türkiyə münasibətlərində müəyyən irəliləyişlərin olacağını güman edən politoloqun sözlərinə görə, görüş zamanı regional və qlobal problemlərlə bağlı açıq qalan suallara da aydınlıq gətirilməsi mümkündür. O cümlədən də, Dağlıq Qarabağ münaqişəsi və sərhədlərin açılması kimi məsələlərə də toxunulacaq: "Rusiyanın iqtisadi cəhətdən Türkiyədə maraqları var. Bu gün ABŞ və Avropa dövlətləri tərəfindən tətbiq olunan sanksiyalardan çıxış yolunu Rusiya Türkiyədə görür. Faktiki olaraq bu gün Rusiya üçün iqtisadi baxımdan ən böyük partnyordur. Məhz bunu nəzərə alaraq, Türkiyə həm Qarabağla, həm də soyqırımla bağlı məsələni qaldıra bilər. Çünki bugünkü Rusiya iqtisadiyyatı Türkiyənin özünü necə aparmasından asılıdır”.
Rəsmi Ankaranın Moskva qarşısında Qarabağın geri qaytarılması və soyqırımın tanınması məsələsinə mövqeyin dəyişdirilməsini şərt qoymasına gəldikdə isə A.Nağıyev deyib ki, Türkiyənin Rusiya qarşısında bu cür şərtlər qoyması inandırıcı deyil: "Sadəcə olaraq, Tükiyə ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətlərindən biri kimi Azərbaycanın mövqeyini Putinin diqqətinə çatdıra bilər. Yəni ki, Azərbaycana dost və qardaş ölkə olaraq, Türkiyə Rusiya ilə Dağlıq Qarabağ probleminin həllini tezləşdirmək məsələsini müzakirə edə bilər. Konkret olaraq, Ankaranın Moskva qarşısında Qarabağın geri qaytarılması və soyqırımın tanınması məsələsində mövqe dəyişməsini tələb etməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Hətta Türkiyənin belə bir tələbdə bulunması qeyri-mümkün məsələdir”.
Politoloqun sözlərinə görə, Putinlə Ərdoğan arasındakı görüş sırf Dağlıq Qarabağ probleminin həllinə yönəlmədiyi üçün bu istiqamətdə elə bir irəliləyiş gözlənilmir: "İŞİD, Suriya, Krım tatarlarının məsələsi fonunda Dağlıq Qarabağ probleminin həllinə də qayıdıla bilər. Çünki 2008- ci ildən üzü bu yana Türkiyə-Rusiya danışıqlarında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib. Bunun Abdulla Gülün prezidentliyi, Ərdoğanın baş nazirliyi, Davudoğlunun isə Xarici işlər naziri olduğu dönəmlərdə də şahidi olmuşuq. Hər üç Türkiyə rəsmisi mütəmadi olaraq, rəsmi Moskva qarşısında Qarabağ problemini qaldırıb”.
Şəymən