Ərdoğan türk tarixinə və birliyinə güvənir






Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfər edən əcnəbi dövlət rəhbərlərini xüsusi törənlə qarşılaması fərqli müzakirələrin yaranmasına səbəb olub. Qardaş ölkəyə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də paytaxt Ankarada sultanlar dövründə olduğu kimi, fərqli və möhtəşəm tərzdə qarşılanıb.

İlk öncə Azərbaycan prezidenti avtomobillə Prezident sarayına süvari birliklərin müşayiəti ilə gəlib. Prezidentlər salamlaşdıqdan sonra onlara ayrılmış yerdə dayanarkən 21 dəfə top atışlarının müşayiəti ilə dövlətlərin himnləri çalınıb. Qarşılanma mərasimində, həmçinin 16 Türk dövlətinin hərbi geyimlərini geyən əsgərlər də hazır dayanıb. Bundan əvvəlki rəsmi mərasimdə sarayın nərdivanlarında dayanan əsgərlər bu dəfə sarayın çölündə, dövlətləri təmsil edən bayraqların önündə dayanıblar. Qarşılanma mərasimində bir ilk də baş verib. Belə ki, Ərdoğan avtomobildən enən Prezident İlham Əliyevi "Diriliş Marşı”nın sədaları altında qarşılayıb. Məlumat üçün bildirək ki, Türkiyəyə səfər edən Fələstinin dövlət başçısı Mahmud Abbas da buna bənzər mərasimlə qarşılanıb. Vurğuladığımız kimi, Ərdoğanın özünəxas qarşılama törəni ölkədaxili müxalif qüvvələr və Qərb mediası tərəfindən ciddi tənqid olunub. Onlar Osmanlı padşahı kimi davranan Ərdoğanın yeni imperiya yaratmaq niyyətində olduğunu bildiriblər. Amma qardaş ölkə rəhbərinin yeni qarşılama mərasimini təqdir edənlər də var. Onlar isə hesab edirlər ki, Ərdoğanın əsgər maketləri müsəlman-türk dövlətlərinin birliyini təmin etmək və dünyaya birlik mesajı vermək baxımından çox önəmlidir. Bu barədə "Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ərdoğanın tətbiq etdiyi yenilikləri alqışlayır. S.Cəlaloğlunun sözlərinə görə, Ərdoğanın guya yeni imperiya yaratması və ya özünü sultan elan etməsi haqqında yayılan iddialar müasir dünya siyasətinə ziddir. Partiya sədrinin fikrincə, Ərdoğan kimi ağıllı bir adam heç vaxt belə addım atmaz. Çünki müasir dünyada sultanlar, imperatorlar və krallar oyuncaq sayılır: "Hər dövlətin xüsusi qarşılama törəni, xüsusi etiketi var. Bu, həmin dövləti digər ölkələrdən fərqləndirən əsas amillərdən hesab olunur. Ancaq Azərbaycanda qarşılama mərasimi Şərqin yox, Qərb dövlətlərinin diplomatik etiketlərinə uyğun həyata keçirilir. Ərdoğanın öz siyasətində islama və türk dünyasına xas elementlərə üstünlük verməsinin

dəfələrlə şahidi olmuşuq. Türkiyə Prezidentinin bütün müsəlman-türk dünyasının müdafiəsində göstərdiyi xüsusi fəallıq da təsdiq edir ki, Ərdoğanın dünya görüşündə islamlaşma və türkləşmə önəmli yerə sahibdir. Uzun mübahisələrə səbəb olan yeni Prezident sarayının tikintisində də bu amillər nəzərə çarpır. Diqqət yetirsəniz görərsiniz ki, yeni iqamətgah Osmanlıya məxsus Topqapı sarayının arxitekturası əsasında tikilib. Mən bu addımları çox gözəl qarşılayıram”.

S.Cəlaloğlu deyir ki, Türkiyədə öz kökünə və əslinə qayıtma meyillərinin güclənməsinin heç bir mənfi tərəfi yoxdur: "Türkiyə Cümhuriyyətinin mövcudluğu Osmanlı imperiyası ilə bağlıdır. Bu gün Türkiyənin qanunları və adət-ənənələri qədim Osmanlıdan qaynaqlanır. Osmanlının mehtər marşı dünya hərb tarixində bir ilkdir və ən böyük nailiyyətlərdəndir. Türklər dünya tarixini yaradan millətlərdəndir. Min illik tarixdə aparıcı gücə malik olan bir dövlətin qayda-qanunlarını təbliğ etməkdə yanlış nə ola bilər?”

Partiya sədrinin fikrincə, 16 türk dövlətinin əsgərlərinin hazırlanması və yan-yana düzülməsi bütün türk dünyasının birliyinə verilən ən ciddi və təsirli mesajdır: "Bu, şanlı keçmişin xatırlatmasıdır. Həqiqətən, bu gün ehtiyacımız olan tək şey türk dünyasının birləşməsidir”. S.Cəlaloğlu Azərbaycanda da Qacarın, Nadir şahın dövründə mövcud olan qayda-qanunların, törələrin tətbiq edilməsinin tərəfdarıdır: "Qədim təcrübələrdən istifadə edilməsi Azərbaycan dövlətçiliyini zəiflətməz, əksinə, gücləndirər”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə həmkarı ilə eyni görüşdə deyil: "Mən Türkiyənin ötən 10 ilini heç vaxt uğurlu hesab etməmişəm. Qarşıdan gələn illərin də uğur gətirəcəyini düşünmürəm. Tarix bu proqnozlarımı sübut edəcək. Qarşılama törənləri rəsmi protokollara uyğun şəkildə, yəni müəyyənləşmiş qaydada həyata keçirilir. Ərdoğan rəsmi qarşılama mərasimini öz şəxsi düşüncəsinə görə formalaşdırıb. Bunun başqa adı yoxdur. Görünür, 2015-ci ilin çağdaş dünyasında Ərdoğan qarşılama mərasimini belə daha yaxşı zənn edir. Sabah Türkiyə Prezidenti hansısa qiyafə haqqında da bir qanun verə bilər. Çünki Ərdoğanın ən böyük istəklərindən biri Türkiyə tarixində özünəməxsus şəkildə qalmaqdır. Bütün etdikləri də özünün orijinal görünməsi üçündür”.

İsmayıl