Ərdoğandan ermənilərə zərbə...

Çanaqqala zəfərinin 100-cü ildönümü aprelin 24-də qeyd ediləcək



Azərbaycan və Türkiyə prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd etməyi qərarlaşdırıblar. Bunu Prezident İlham Əliyev Ankarada Ərdoğanla birgə keçirilən mətbuat konfransında açıqlayıb. Tədbirin aprelin 24-də keçiriləcəyini nəzərə çatdıran Azərbaycanın dövlət başçısı bu tarixin seçilməsini çox müdrik addım adlandırıb və dəvətə görə Türkiyənin dövlət başçısına təşəkkürünü bildirib.

Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümü ilə əlaqədar aprelin 24-də keçiriləcək tədbirlərə 102 ölkənin dövlət başçısını dəvət edib. Tədbirin proqramına görə, aprelin 23-ü İstanbulda "Sülh zirvəsi” təşkil olunacaq, 24-ü isə zirvəyə qatılacaq bütün dövlət və hökumət başçılarının iştirakı ilə Çanaqqala döyüşünün anım mərasimi keçiriləcək. Məlumat üçün bildirək ki, hər il aprelin 24-ü ermənilər qondarma soyqırımın ildönümünü qeyd edirlər. Çanaqqala savaşı ilə bağlı tədbirin məhz bu günə salınması ermənilərin və onları dəstəkləyənlərin saxta siyasətinə, təbliğatına, eləcə də Ermənistanın xarici siyasət kursuna ciddi zərbə kimi dəyərləndirilir. Ekspertlər ermənilərin

qondarma soyqırımının "100 illiyi”nə hazırlaşdıqları bir vaxtda Ərdoğanın bu bəyanatını işğalçı ölkə üçün "soyuq duş” kimi qiymətləndiriblər.

Məsələni "Şərq”ə şərh edən Azərbaycan-Türkiyə Evinin və "Azəri Türk Qadınlar” Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bunu çox önəmli və tarixi əhəmiyyət kəsb edən bir məsələ adlandırıb: "Bilirik ki, ermənilər uydurma soyqırımın yüzilliyi ilə bağlı bütün dünya ölkələrində geniş tədbirlər hazırlayır. Axır ki, Türkiyə hökuməti də erməni məsələsində etdiyi güzəştlərin heç bir xeyri olmadığını anladı və onlarla başqa cür danışmağı qərara aldı. Çanaqqala zəfərinin yüzillik tədbirinin aprel ayının 24-nə, yəni qondarma soyqırım gününə salınması çox ağıllı və təqdirəlayiq addımdır. Ermənilərin qırılması uydurmadır, amma Çanaqqalada türk əsgərləri 250 min şəhid veriblər. Çanaqqala zəfərinin əzəmətinin geniş tədbirlə dünyaya nümayiş etdirilməsi erməni "soyqırım”ının saxta olduğunu hər kəsə sübut edəcək. Mən cənab İlham Əliyevin də Ərdoğanın təklifini necə məmnunluqla qarşıladığının şahidi olduq. Hesab edirəm ki, həmin gün Azərbaycan və Türkiyə türk dünyası üçün çox mühüm bir uğura imza atacaq”.

Tarixçi-alim Nəsiman Yaqublu Ərdoğanın 24 aprel jestinin arxasında bir neçə nüansın dayandığını bildirib: "Birinci nüans erməni soyqırımından diqqətin uzaqlaşdırılmasıdır. Yəni Türkiyənin zəfər bayramına bütün dünyanın diqqətinin yönəldilməsidir. Türk və müsəlman dünyasına qarşı Qərbin göstərdiyi "münasibətin” bu formada qarşısının alınmasıdır. İkincisi də, dünyaya yeni mesajların verilməsidir. Ərdoğan bununla bildirir ki, bu gün dünyada yaşamağa haqqı olan yalnız xristianlar deyil, həm də müsəlmanlardır, türk dünyasıdır. Yəni müxtəlif dinlərin daşıyıcıları olan bu xalqların bu dünyada bərabər yaşamaq haqqı var. Mən Ərdoğanın jestini belə qəbul edirəm”.

Buna baxmayaraq, N.Yaqublu Çanaqqala zəfər bayramının 24 apreldə keçirilməsinin ümumilikdə böyük türk dünyası üçün xüsusi önəm kəsb etdiyini deyib: "Türk dünyasına və müsəlmanlara qarşı indiki münasibət 19-20-ci əsrlərdə də var idi. Türkiyə Çanaqqala zəfərindən sonra həm də özünün varlığını qoruyub saxlaya bildi. Çünki 19-cu əsrin sonlarında başlayan səlib yürüşünün əsas məqsədi Osmanlı imperiyasını və Türkiyəni parçalamaq idi. Doğrudur, Osmanlı imperiyası dağılsa da, Türkiyə öz varlığını qoruyub saxladı. Ərdoğan da bu bayramı 24 aprelə salmaqla türk dünyasının varlığının qorunub saxlanıldığı günü dünyanın diqqətinə çatdırmaq istəyir. Bizim ölkə başçısının da o tədbirə dəvət olunmasının xüsusi səbəbləri var. Bununla da Azərbaycan torpaqlarını heç zaman ermənilərə güzəştə gedilməyəcəyi mesajı verildi. Yəni bu gün Türkiyə qondarma erməni soyqırımını qəbul etmir”.

İsmayıl