Tramp Konqres tərəfindən tamamilə küncə sıxışdırılıb
ABŞ prezidentinin dedikləri heç bir işə yaramırsa, öhdəliklərə əməl edilmirsə, bu zaman iki dövlət arasında bağlanmış hüquqi anlaşmaların heç bir mahiyyəti yoxdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin "Halkbank”ın direktor müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib. "ABŞ ədalət anlayışını gözdən keçirməlidir deyən” Ərdoğan ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlərin qüvvəsini itirdiyini bəyan edib:
"Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar. Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, lakin heç biri nəzərə alınmayıb. Elədirsə, iki ölkə arasında bağlanan beynəlxalq hüquqi anlaşmalar nəyə yarayır?” Məlumat üçün bildirək ki, keçən ilin mart ayında ABŞ-a səfər etmiş "Halkbank”ın direktor müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. Məhkəmə Atillanın Rza Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürdüyünü iddia edib.
Ərdoğanın açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, ABŞ daxilində güc mərkəzləri arasında ciddi qarşıdurma mövcuddur.
Analitikin fikrincə, Amerika Prezidenti Donald Tramp vəziyyətə nəzarət etdiyini iddia etsə də, reallıqda dominant olan Tramp və ya onun komandası yox, qanunverici orqan olan Konqresdir:
"Bütün qərarları Konqres qəbul edir, sadəcə notarial qaydada təsdiq olunması üçün Trampa göndərir. Hadisələr göstərir ki, Rusiya ilə əlaqədə ittiham olunan Tramp Konqres tərəfindən tamamilə küncə sıxışdırılıb. Trampın nizamsız hərəkətlər etməsi və anlaşılmaz qərarlar verməsi, təkcə ABŞ ictimaiyyətində deyil, qlobal səviyyədə narahatlıq yaradıb. Buna görə də, hansısa strateji qərar verməsi üçün Trampa imkan verilmir. Hətta o, istəsə belə Türkiyə ilə münasibətləri normal qaydada tənzimləyə bilmir. Çünki hazırda Konqresin daxilində Türkiyə əleyhində olan yəhudi lobbi şəbəkəsi fəaliyyət göstərir.
Türkiyə-İsrail münasibətlərinin gərgin müstəvidə olması da bunun təzahürüdür”. Ekspert vurğulayıb ki, Tramp Türkiyəli həmkarı Ərdoğana PYD silahlılarına yardım edilməməsi ilə bağlı söz vermişdi. Ancaq Konqresin qərarı ilə 2018-ci ilin büdcəsindən terror güclərinə 500 milyon dollarlıq vəsait ayrıldı: "Bu faktın özü göstərir ki, Tramp ABŞ-da dominant hakimiyyətə malik deyil. Ona görə də düşünürəm ki, Türkiyənin bu yöndə açıqlamaları tamamilə doğrudur.
Əgər həqiqətən də ABŞ prezidentinin dedikləri heç bir işə yaramırsa, öhdəliklərə əməl edilmirsə, bu zaman iki dövlət arasında bağlanmış hüquqi anlaşmaların heç bir mahiyyəti yoxdur. Ərdoğanın açıqlaması ABŞ-a ciddi xəbərdarlıqdır. Amerika idarəçiləri ciddi nəticə çıxarmazsa, NATO timsalında Türkiyə kimi güclü bir müttəfiqlərini itirərlər”.
İsmayıl