Ərdoğanın müxalifətlə görüşü milli birliyə işarədir

Elşən Manafov: “Ərdoğanın prezidentlik üsul-idarəsi ilə bağlı verdiyi təklifin siyasi rəqibləri tərəfindən qəbul olunub- olunmaması maraqla gözlənilir”
Elxan Şahinoğlu: “Bununla da hər üç lider Türkiyə demokratiyasının qələbəsini paylaşmış oldu”


Beştəpədəki Prezident iqamətgahında keçirilən görüşdə Ədalət və İnkişaf Partiyasının sədri, Baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib. Görüşdə məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı nümayiş etdirdiyi mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləmək olub. CHP-nin yaydığı açıqlamada 3 saata yaxın zaman müddətində baş tutan görüşün gələcəkdə Türkiyədə normal siyasətin aparılması və qarşıda atılacaq addımlar baxımından faydalı olduğu bildirilib.

Prezident sarayında baş tutan bu görüşü bəzi ekspertlər Ərdoğanın müxalifət üzərində tam qələbəsi kimi qələmə verirlər. Amma bu görüşü bütövlükdə Türkiyə demokratiyasının göstəricisi kimi qiymətləndirənlər də yox deyil.

Politoloq Elşən Manafovun qənaətincə, hakimiyyət çevrilişinə cəhd olayları yaşanarkən əslində Ərdoğanın ən qatı opponentləri belə onu müdafiə etdi və bəyan etdilər ki, ölkədə konstitusion quruluşun qeyri-qanuni, hərbi çevriliş yolu ilə həyata keçirilməsi yolverilməzdir. Bu hal isə Ərdoğan hökumətinin legitimliyinin siyasi opponentləri tərəfindən qəbul olunması anlamına gəlir.

Ərdoğanın bu görüşə Xalqların Demokratik Partiyasının (HDP) liderini dəvət etməməsinin anlaşılan bir addım olduğunu vurğulayan E.Manafov deyib ki, məhz Ərdoğan ölkə parlamentinə müraciət edərək HDP-nin parlamentdə təmsil edilmiş üzvlərinin deputatlıq toxunulmazlığı ilə bağlı məsələ qaldırmışdı: "Ölkə parlamenti Ərdoğanın təklifini bəyəndi və həmin deputatların deputat toxunulmazlığı ləğv edildi. Digər bir məsələ ondan ibarətdir ki, həmin hadisələr zamanı HDP-nin mövqeyi çox fərqli oldu. CHP və MHP-dən fərqli olaraq HDP-nin hərbi çevrilişi pisləməsi barədə kəskin bəyanatlar görmədik. Bu partiyanın ölkənin mövcud konstitusion quruluşuna qarşı apardığı mübarizə göz qabağındadır. HDP tərəfindən Türkiyənin ərazi bütövlüyü üçün müəyyən təhlükələr olsa da, Rusiya tərəfindən həmin partiyaya maliyyə və hərbi dəstəyin olmaması şəraitində Ərdoğanın HDP liderini görüşə çağırmasına ehtiyac qalmayıb. Türkiyə-Rusiya münasibətlərinin loyallaşması, bu münasibətlərin normallaşmasından sonra HDP Ərdoğan iqtidarı üçün heç bir təhlükə törətməyəcək. Hərçənd ki, HDP-nin Qərbdən də müəyyən dəstəyi var. Qərbin Ərdoğan iqtidarına münasibəti bəllidir. Bundan sonra ölkədə fövqəladə vəziyyətin tətbiqi şəraitində Ərdoğan məhkəmə hakimiyyətinə və KİV-lərə münasibətdə bir qədər ehtiyatlı davranmalıdır. KİV-lərə qarşı edilən hücum, 100-dən çox jurnalistin bu hadisələrlə bağlı istintaqa cəlb edilməsi artıq Qərbdə ciddi narahatlıq yaradıb. Bu, Ərdoğan iqtidarının Qərbdəki əsas dəstəkçisi, NATO ilə münasibətlərin pisləşməsinə səbəb ola bilər”.

Politoloqun sözlərinə görə, Ərdoğanın siyasi opponentləri ilə apardığı danışıqlar milli barışığa, milli həmrəyliyə istiqamətlənib. Eyni zamanda bu danışıqların baş tutması Ərdoğan iqtidarının legitimliyinin bir daha sübutudur: "Ancaq bunu Ərdoğan iqtidarının tam qələbəsi kimi də təqdim etmək olmazdı. Bu danışıqlar zamanı Ərdoğanın prezidentlik üsul-idarəsi ilə bağlı verdiyi təklifin siyasi rəqibləri tərəfindən qəbul olunub-olunmaması maraqla gözlənilir. CHP-nin bu təkliflərə qarşı çox kəskin mövqeyi var. Danışıqlardan sonra fikir söyləmək olar. Hər halda bu görüş siyasi opponentləri ilə apardığı mübarizədə əldə etdiyi ciddi uğurlardan biridir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu görüşün Ərdoğanın qələbəsi kimi dəyərləndirilməsini doğru hesab etmir:

"Bu görüş Türkiyə demokratiyasının qələbəsidir. Çünki bu, Ərdoğanın Türkiyə Prezidenti seçildikdən sonra müxalifət liderlərinin Beştəpədəki iqamətgahda ilk dəfə qəbulu, eyni zamanda üç partiyanın bir araya gəlməsidir.

Əslində görüşün həmin məkanda baş tutması onu göstərdi ki, hərbi çevriliş planının baş tutmaması təkcə iqtidarın yox, müxalifətin də maraqlarına uyğundur. Meydanlara çıxan vətəndaşlar təkcə Ərdoğanın tərəfdarları deyildi ki? Onlar arasında solçular, millətçilər də vardı. Bütün Türkiyə əhalisi çevrilişin əleyhinə idi. Çünki 1980-ci il çevrilişindən sonra günahsız yerə ölümə məhkum edilən insanlar arasında hər bir təbəqənin nümayəndələri vardı. Bu səbəbdən də insanlar eyni hadisələrin yaşanmasını istəmədi”.

Ərdoğanla müxalifət liderlərinin görüşünü müsbət dəyərləndirən politoloq deyib ki, bununla da hər üç lider Türkiyə demokratiyasının qələbəsini paylaşmış oldu. Hətta Kılıçdaroğlu CHP-nin Taksimdə təşkil etdiyi böyük mitinqdə Türkiyə bayraqları ilə yanaşı, M.K.Atatürkün şəkilləri ilə daxil olmağa icazə verildiyinə görə öz minnətdarlığını da bildirib. Əslində Türkiyənin Atatürk irsinə sadiqliyini bəyan etmək üçün bu da çox əhəmiyyətli bir məsələ idi.

Bununla belə E.Şahinoğlu hesab edir ki, Ərdoğan mövcud situasiyadan istifadə edərək əlini gücləndirməyə çalışacaq. Konstitusiya dəyişikliklərinə gedəcək və ordunu özündən asılı vəziyyətə salmağa çalışacaq: "Amma bunların elə də asan başa gələn məsələ olduğunu zənn etmirəm. Əks halda ölkə üçün yeni təhlükələr yarana bilər. Ona görə də Ərdoğan gələcək addımlarında ehtiyatlı olacaq. Fikir verirsinizsə, son zamanlar Türkiyənin müxalifət liderləri haqqında sərt açıqlamalar vermir, xarici siyasətdə də bir xeyli yumşalıb. Artıq dərk edir ki, ölkənin daxili və xarici münasibətlərinə şəxsi prizmadan yanaşmaq olmaz. Bütün addımlar dövlətin milli və təhlükəsizlik maraqları çərçivəsində atılmalıdır”.

Politoloqun sözlərinə görə, indiki situasiya Ərdoğan prezidentlik üsul-idarəsinə keçidi bir az ləngitməli olacaq: "Düşünmürəm ki, bu məsələ yaxın aylarda müzakirə predmeti olsun. Əks halda, Ərdoğan "Biz qiyamçıları ona görə neytrallaşdırmadıq ki, sən hər şeyə sahiblənəsən” kimi kəskin ittihamlarla üzləşə bilər. Belə bir günlərdə isə Ərdoğan müxalifətlə üz-üzə gəlmək istəməz. Onun əsas hədəfi Fətullah Gülən və onun ordudakı, polisdəki qüvvələridir”.

Görüşə HDP nümayəndəsinin qatılmama səbəbinə gəldikdə isə politoloq bunun birbaşa MHP lideri ilə bağlı olduğunu deyib: "Dövlət Baxçalı dəfələrlə bəyan edib ki, Dəmirtaş olan yerdə mən yoxam. Ona görə də Ərdoğanla müxalifət liderlərinin görüşünə HDP dəvət olunmayıb. Amma yaxın müddətdə Dəmirtaşla Ərdoğan arasında görüş keçiriləcəyini ehtimal edirəm”.

Şəymən