Ərdoğanın qarşısında şansları yoxdur

Türkiyədə müxalifətin bir araya gəlməsi mümkün deyil




Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqiblərinin adları bilinməyə başlayır. Bu dəfə Səadət Partiyası ölkə prezidenti postuna öz namizədinin adını açıqlayıb.

Partiya sədri Temel Karamollaoğlunun ölkə prezidentliyinə namizədliyi irəli sürülüb. Bununla da Türkiyə prezidentliyinə namizədlərin sayı dördə çatıb. Namizədlər hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Səadət Partiyasının lideri Temel Karamollaoğlu, İYİ partiyasının lideri Merel Akşener və Vatan Partiyasının sədri Doğu Perinçekdir. Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası və kürdləri təmsil edən Xalqların Demokratiya Partiyası mayın 4-də prezidentliyə namizədlərini açıqlayacaqlarını bəyan ediblər. Xatırladaq ki, İYİ partiyanın sədri Meral Akşener prezident seçkilərində Demokrat və Səadət partiyaları ilə birlikdə addımlamaq istədiyini demişdi. Ancaq Səadət Partiyasının öz namizədini irəli sürməsi bu ittifaqın mümkünsüz olacağını göstərir. 

Qardaş ölkədə seçki öncəsi yaşanan prosesləri "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, vahid namizədi olmayan müxalifət partiyalarının iqtidar qarşısında heç bir şansları yoxdur. Ekspertin sözlərinə görə, müxalifət dəyişiklik istəyirsə, seçkiyə vahid namizədlə qatılmalıdır: 

"Hər siyasi partiya öz namizədini irəli sürür. Meral Akşener isə həddindən artıq ambisiyalı çıxış edir. Sabiq prezident Abdullah Gülün namizədliyini irəli sürmək ideyası gündəmə gəldiyi zaman Meral Akşener geri çəkilsəydi, bəlkə də Gül namizəd olmağa razılıq verərdi. İndiki məqamda müxalifətin bir araya gəlməsi mümkün deyil. Müttəfiq olanlar isə təsir gücünə malik olmayan kiçik siyasi qurumlardır”. Analitik bildirib ki, ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının namizəd göstərməkdə tələsməməsi anlaşılan deyil: "Bəlkə də namizədi müəyyən etməkdə çətinlik çəkirlər. Partiya içində Akşenerə dəstək vermək istəyənlər azdır. Çünki yeni yaradılmış bir partiyanın seçiciləri çox ola bilməz. Görünür, CHP daxilində Kılıçdaroğlunun namizəd olmasını dəstəkləyənlər də çox deyil. Ümumiyyətlə, müxalifət düşərgəsində qeyri-müəyyənlik hökm sürür. Ona görə də yekun qərarlar ala bilmirlər”.

İsmayıl