Erkən doğulan uşaqların yaşama şansı yaxşı qulluqdan da asılıdır

Əkizlərin tələf olmasına səbəb tibb bacılarının səhlənkarlığı da ola bilər
“Xüsusən də gecə növbəsində olanlar aparatda nəzarətdə olan uşaqlara baxmırlar, mətbəxdə oturub telefonla oynayırlar”



Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Məmmədova Alidə Tofiq qızı vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib. Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb. Baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda yüksək təzyiqi olub: "Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.

Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə açılışla gətirilib. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, araşdırmalara görə, Azərbaycanda hər il gerçəkləşən 2-3 min doğuşun 10 faizi vaxtından əvvəl doğuş olur. Mütəxəssislər isə erkən doğuşun ana və uşaq ölümlərinə səbəb ola biləcəyini deyir. Onların qənaətincə, hamiləliyin ilk günündən həkim nəzarətində qadınlarda ana və uşaq ölümlərinə az rastlanır.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən radioloq-ultrasəs müayinə həkimi Aynurə Hidayətqızı erkən doğuşdan sonra körpələrin həyatda qala bilməməsinin müxtəlif səbəbləri olduğunu deyib: 

"Əsas səbəblərdən biri dünyaya gələn uşağın çəkisinin həddindən artıq az olması ilə bağlıdır. Belə olanda bədən özünü müdafiə edə bilmir. Erkən doğuş zamanı uşağın ölməsinin digər səbəbi ölkəmizdə də texniki avadanlıqların yüksək səviyyədə olmaması ilə bağlıdır. Bəzi xəstəxanalarda həmin sistem tam formalaşmayıb. 

Xarici ölkələrdə 600 qramlıq uşağı da həyatda saxlamaq mümkün olur, amma bizdə 900 qramlıq körpəni nadir hallarda saxlayırlar. Xatırlayırsınızsa, bizim xəstəxanalardan birində sağlam körpənin oksigen çatışmazlığından dünyasını dəyişməsi ilə bağlı xəbər yayılmışdı. Yəni xəstəxanada oksigen balonu çatışmazlığı varmış”.

Radioloqun sözlərinə görə, əkizlərin dünyasını dəyişməsinə səbəb tibb bacılarının səhlənkarlığı da ola bilər. Xüsusən də gecə növbəsində olanlar aparatda nəzarətdə olan uşaqlara baxmırlar, mətbəxdə oturub telefonla oynayırlar: 

"Belə halların şəxsən şahidi olmuşam. Halbuki dövlətdən maaş alan hər kəs öz vəzifəsini ləyaqətlə yerinə yetirməlidir ki, qazandığı pulun halallığı olsun. Nəzərə alsaq ki, erkən doğulan uşaqların yaşama şansı yaxşı qulluqdan asılıdır, deməli, xəstəxanada olduğu müddətdə tibb bacılarının və həkimlərin üzərinə böyük məsuliyyət düşür”.

Erkən doğum səbəblərinin çox olduğunu deyən həkimin sözlərinə görə, erkən doğum həm ana, həm də uşaqların səhhəti ilə bağlı olur.

Erkən doğum riskinə gəldikdə isə A.Hidayətqızı bu problemin hamiləlik dönəmində ortaya çıxan xəstəliklərlə bağlı olduğunu deyib: 

"Əsas səbəblərdən biri hamiləliyə düzgün nəzarət olunmamasıdır. Qadınların bir qismi hamiləlik dönəmində müayinə olunmurlar. Rayondan gələn xəstələrim var. Onlara müntəzəm müayinəni məsləhət görəndə deyirlər ki, birinci uşağı sağlam doğmuşam. Halbuki bəzi infeksiyalar hamiləliyin 6-cı ayında belə körpəni inkişafdan saxlaya bilir. Dəfələrlə olub ki, ginekoloq hamilə qadınlara həmin infeksiyaya qarşı müalicə almasını tövsiyə edir, ancaq onlar ya maddi, ya da hansısa səbəbdən müalicədən imtina edir. Bir problem yarananda isə həkimi günahkar bilirlər. 

Pulu olan da birinci uşağı sağlam dünyaya gətirdiyini deyib, vaxtlı-vaxtında müalicə almır. Amma o qədər olur ki, birinci hamiləlikdə sağlam olan qadın, ikinci hamiləlik zamanı müxtəlif xəstəliklərə yoluxur”. Radioloq son olaraq vurğulayıb ki, hamilə qadınlar daimi həkim nəzarətində olmalı, müayinələrdən keçməli, hər hansı bir xəstəlik olanda səhlənkar yanaşmamalıdırlar.

Şəymən