Erməni hərbi helikopteri məhv edilib

Zakir Həsənov düşmənin helikopterini vuranı mükafatlandırdı
Müdafiə Nazirliyi cəbhədə ermənilərə məxsus hərbi vertolyotun vurulması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir: "Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər.
Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün (dünən) daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb”.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterində üç pilot həlak olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Erminstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya görə, helikopterdə həlak olan hərbçilərdən birinin adı məlum olub. Bildirilir ki, ölən hərbçilərdən biri komandir Sergey Saakyandır.
Düşmən helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb. İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.
Ermənistan Respublikası Silahlı Qüvvələrində indiyədək cəmi 12 Mi-24 tipli helikopter olub
İndiyədək Ermənistan Respublikası Silahlı Qüvvələrində cəmi 12 Mi-24 tipli helikopter olub. Mi-24 tipli vertolyota hərəkətli pulemyot quraşdırılıb. Pulemyot 900 patron tutumuna malikdir. Hərbi texnikada həmçinin tank əlehinə kompleks mövcuddur. Helikopterin sükan vinti isə sağda yerləşir.
Sözügedən helikopterin texniki göstəricilərini sizə təqdim edirik:
Heyət: 2-3 nəfər
Sərnişin: 8 desan, 2 xərəkdə yaralı və 2 tibb işçisi
Kreyser sürəti: 270 km/s
Maksimal sürəti üfüqi uçuş: 335 km/s
Uçuş məsafəsi: 450 km
Orta yanacaq sərfi: 1 saata 780 litr
Vurulan erməni helikopteri ilə bağlı rəsmi Ermənistanın reaksiyasının Azərbaycanı maraqlandırmadığını vurğulayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycan ərazi bütövlüyünə olan bütün təhdidləri öz bildiyi yollarla dəf etmək iqtidarındadır: "Bu gün Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus "Mi-24” tipli helikopteri işğal edilmiş Azərbaycan torpaqlarında təlimlər zamanı döyüş kursuna enərək mövqelərimizə hücumu zamanı qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində məhv edilib. Mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavabını alıb.
Bununla da, Azərbaycan tərəfi Dağlıq Qarabağ məsələsində Silahlı Qüvvələrin imkanlarından həmişə istifadə edəcəyini bir daha Ermənistan tərəfinə göstərmiş oldu və Ermənistan provakasiyalarının cavabsız qalmayacağı barədə Azərbaycan tərəfinin çoxsaylı bəyanatlarının konkretliyi göründü. Düşmən növbəti dəfə hərbimizin gücünü öz üzərində hiss etdi. Bu ilin avqust ayındakı mövqelərimizə həmlələri zamanı aldığı cavab onlar üçün görünür azlıq edib. Hərbi paradlarımız zamanı nümayiş etdirilən hərbi texnika, cəbhə bölgələrimizdəki hərbi hazırlığın vəziyyəti və ölkə rəhbərliyimizin verdiyi sərt bəyanatların Ermənistana heç nə başa salmadığı aydın olur. Torpaqlarımızı işğal edən və onları azad etməkdən imtina edən, beynəlxalq hüquq normalarına riayət etməyən ölkə bunun özü üçün ağır nəticələrinin olacağının fərqinə varmalı idi. Ermənistan rəhbərliyi 1991-94-cü illərin eyforiyasından ayılmalı və Azərbaycanın işğalla barışmayacağını özü üçün aydınlaşdırmalı idi.
Bu gün Azərbaycan əsgəri Ermənistana yaxşı bir dərs keçdi və provakasiyalar olacağı halda növbəti addımlarını atmağa hazır olduğunu bir daha göstərdi. Düşmən tərəf ölkəmizin hərbi gücünü və qətiyyətini görmüş oldu. Ermənilər bilməlidir ki, işğal etdikləri Azərbaycan ərazilərindən çıxmadıqları müddətdə Silahlı Qüvvələrimiz tərəfindən bu cür qətiyyətli zərbələr alacaqlar”.
Təxribatçı Ermənistanın bu hadisədən Azərbaycana qarşı istifadə edəcəyinə gəldikdə isə millət vəkili bildirib ki, Ermənistan bununla özlərini ifşa etmiş olacaq: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ermənistan Silahlı Qüvvələrinin işğal zonasında olması isə bir daha Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünü təsdiqləyir. Ermənistan qoşunları Azərbaycan torpaqlarını tərk edənə qədər Azərbaycan ərazi bütövlüyünə edilən bütün təhdidlərə bu cür sərt cavab verəcək. Azərbaycan silahı, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin ərazi bütövlüyümüzlə bağlı qətiyyəti göz qarşısındadır. Ancaq müharibənin və işğal siyasətinin əldən saldığı Ermənistanın isə artıq bizimlə silah gücü ilə danışmağa gücü qalmayıb. Onun ərazi bütövlüyümüzə hörmət etməkdən başqa digər çıxış yolu isə yoxdur”.
Düşmən Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına münasibət bildirən AXP sədri Pənah Hüseynin qənaətincə, işğal olunmuş ərazilərimizin üzərində uçuşa qadağan situasiyası yaratmaq olduqca vacib məsələdir. Erməni helikopterinin vurulmasını ciddi uğur hesab edən P.Hüseyn bu münasibətlə hərbçilərimizi təbrik də edib: "Bu, ciddi uğurdur, xoş xəbərdir. İşğal olunmuş ərazilərimizin real olaraq uçuşa qapalı zona olmasına nail olmaq lazımdır. Azərbaycan əsgərinə eşq olsun!”.
Şəymən