Ermənilər dinc əhaliyə atəş açdı

Çəmənli sakinlərindən xəsarət alan olmasa da, texnikaya ziyan dəyib
“Niyyətləri odur ki, xalqın nəzərləri etirazlardan yayınsın və cəbhəyə yönəlsin”


Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribata əl atıblar. Düşmən ordusu Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını, yəni mülki sakinləri atəşə tutublar. İdarə işçiləri Çəmənli kəndində təmir-bərpa işləri apararkən bir neçə dəqiqə atəş altında saxlanılıblar. Əməkdaşlardan xəsarət alan olmasa da, texnikaya ziyan dəyib. İdarə rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib:

"Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütəmadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir”. Müdafiə Nazirliyindən bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: 

"Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”. Təxribatla kifayətlənməyən erməni əsgərləri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini dəfələrlə pozublar. Bununla yanaşı, işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçiriblər. Təlimlər cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində müşahidə olunub. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilib. Ekspertlər bildiriblər ki, torpaqlarımızı işğal etmiş Ermənistanda hazırda ciddi və gərgin proseslər gedir. Belə məqamda Ermənistandakı siyasi qüvvələr ölkə daxilində üstünlük əldə etmək üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ata bilərlər. 

Həm Nikol Paşinyanın, həm Serj Sarkisyanın tərəfdarlarının, həm də yaranmış vəziyyətdə hakimiyyətə göz dikmiş üçüncü qüvvələrin seçimlərinin təxribat olacağı heç kimdə təəccüb doğurmur. Ona görə də Azərbaycan ordusu hər məqamda döyüşə tam hazır olmalı, düşmənin istənilən təxribatının qarşısını yerindəcə almalıdır.
Düşmən təxribatı ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov Azərbaycanın istənilən anda ayıq-sayıq olduğunu deyib. Onun sözlərinə görə, bu gün Serj Sarkisyan və onun ətrafında olan qüvvələr, eyni zamanda xaricdəki müəyyən dairələr ictimaiyyətin diqqətini ölkədə gedən proseslərdən yayındırmağa çalışırlar. Bu məqsədlə də təmas xəttində müəyyən təxribatlara əl atırlar: "Niyyətləri odur ki, xalqın nəzərləri etirazlardan yayınsın və cəbhəyə yönəlsin. Hakimiyyət də desin ki, "ay camaat, biz müharibə vəziyyətindəyik, siz hökumətə etiraz edirsiz, Azərbaycan tərəfi də bundan istifadə edərək hücuma keçir”.

Deputat bildirib ki, Azərbaycan ordusu bütün təxribatların qarşısını almağa ən yüksək səviyyədə hazırdır: 

"Biz erməni xislətinə yaxşı bələdik. Ermənilərin hiyləgərliklərini illərlə müşahidə etmişik. Ermənistanda hakimiyyətə qarşı müəyyən sahələrdə problemlər, aksiyalar olan kimi dərhal cəbhədə atəşkəs pozulur, yeni təxribata əl atılır. Niyyət Azərbaycanı savaşa cəlb etməklə ölkədə birliyi müvəqqəti olaraq təmin etməkdir. İndi də eyni düşüncədədirlər. Əgər belə bir şey olarsa, Azərbaycan ordusu bunun qarşısını dərhal alacaq”.

İsmayıl