Ermənilər gürcüstanlı soydaşımızı bu həftə qaytaracaq

Əlibala Əsgərov: “Əgər bölgənin rəhbəri məsələyə bu qədər ciddi yanaşırsa, əlbəttə, bu proses tezləşə bilər”



İyulun 23-dən Ermənistanda girov saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini, üç uşaq atası soydaşımız Turqay Mikayılov bir həftəyə evində olacaq.

Bunu Kvemo-Kartli bölgə qubernatoru Paata Xizanişvili deyib. Dövlət rəsmiləri ilə danışdığını bildirən Xizanişvili bəyan edib ki, Gürcüstan dövləti öz vətəndaşlarının hüquqlarını müdafiə etməyə hazırdır. Qubernator T.Mikayılovun necə və hansı şəraitdə Ermənistan ərazisində saxlanıldığının araşdırıldığını da söyləyib: "Onun durumu ilə bağlı informasiya əldə etməyə çalışırıq. Ötən müddət ərzində Mikayılovun ailəsinə baş çəkilib və onlara yardım ayrılıb”.

Məsələyə münasibət bildirən "Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov deyib ki, girov götürülən şəxsin hər hansı günahı olmadığı üçün Ermənistan tərəfi onu azad etməyə məcburdur: "Ermənistan-Gürcüstan münasibətlərində görünəcək dərəcədə soyuqluq yoxdur. Hesab edirəm ki, əgər bölgənin rəhbəri məsələyə bu qədər ciddi yanaşırsa, əlbəttə, bu proses tezləşə bilər. Çünki nə Ermənistan, nə də Gürcüstan rəsmiləri bölgədə yeni bir gərginliyin yaradılmasında maraqlıdır”.

İsmayıl