Ermənilər mülki iddialarla Türkiyəni beynəlxalq məhkəməyə çəkir

Məhərrəm Zülfüqarlı: “Bu iddiaları ermənilər yox, birbaşa ABŞ və Avropa dövlətləri gündəmə gətirir”
Elçin Mirzəbəyli: “Türkiyə Osmanlıya aid imzalara görə hüquqi məsuliyyət daşımır. Bu baxımdan məhkəmənin heç bir effekti olmayacaq”


Ermənistan və xaricdəki erməni diasporu 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində Türkiyəyə qarşı irəli sürdüyü saxta ərazi və mülk iddialarını hüquqi müstəviyə çıxaracaq. Maraqlısı budur ki, ermənilərin iddia etdiyi mülk və ərazilər arasında Çankaya Köşkü və Atatürk hava limanı da var. Erməni əsilli amerikalı naşir Harut Sassounyan Ermənistan hökuməti ilə birlikdə Ankaranı beynəlxalq məhkəmə qarşısına çıxarmağı planlaşdırır.

Sassounyan Ankaradakı Çankaya Köşkünün Kasapyan ailəsinə, İstanbul Atatürk hava limanının isə Sarıyan ailəsinə aid olduğunu iddia edir. Məsələni "Şərq”ə şərh edən tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib ki, ermənilərin beynəlxalq məhkəmə oyununun arxasında Qərb durur: "İddiaların məqsədi Türkiyənin başını qatmaqdır. Beynəlxalq məhkəmələr isə Türkiyəyə qarşı olan Qərb dövlətlərinin qurduğu bir teatr oyunudur. ABŞ dünyada hegemon siyasət yeridir və özünə uyğun oyuncaq rejimlər yaratmaq istəyir. Ona boyun əyməyən, müstəqil siyasət yeridən dövlətləri isə bax bu cür təzyiq vasitələri ilə sındırmağa çalışır. Nə qədər ki, SSRİ var idi, beynəlxalq aləm Türkiyədən iki əlli yapışırdı. Çünki Türkiyə SSRİ-nin sərhəddində yerləşən NATO ölkəsiydi. Amma indi vəziyyət dəyişdiyi üçün Qərb ölkələri Türkiyəni əzməyə çalışır. Yəni rəsmi Ankara onlardan tələb olunanı verməyəndə və yaxud Türkiyədən nəsə almaq istəyəndə dərhal erməni kartı ortaya atılır. Qondarma erməni soyqırımı və bu cür cılız iddialar da sırf Ankaraya təzyiq göstərmək məqsədi daşıyır. Bu iddiaları ermənilər yox, birbaşa ABŞ və Avropa dövlətləri gündəmə gətirir. "Xristian klubu” hesab olunan Avropa Birliyi Türkiyənin bu quruma girməsinin qarşısını almaq məqsədi ilə qondarma erməni soyqırımnı ortaya atdı və aranı qızışdırdı. Sual olunur, nəyə görə bu məsələ 1970-80-ci illərdə yox, məhz SSRİ dağılandan sonra ortaya çıxdı?”.

Tarixçinin sözlərinə görə, indiki dövrdə Türkiyə Qərbin Rusiyaya qarşı yeritdiyi sərt siyasəti dəstəkləmir və Moskva ilə yeni anlaşmalara imza atır. Rəsmi Ankaranın müstəqil siyasət yeritməsi, İsrailə sərt təpki verməsi, Fələstini müdafiə etməsi təbii olaraq Qərbin xoşuna gəlmir: "Hələ Osmanlının qorxusu Avropanın canından çıxmayıb. Türkiyənin yenidən güclənməsi və Qərb ölkələrində türklərin sayının və nüfuzunun artması onların yadına Osmanlını salır. Buna görə də tarixən oyuncaq olan ermənilərdən istifadə edərək Türkiyəni zəiflətməyə çalışırlar. Amma Türkiyə güclü dövlətdir”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, ermənilərə bir dəfə üz göstərmək kifayətdir ki, onlar öz həyasızlıqlarını davam etdirsinlər: "Saxtakarlıq və uydurma sənədlər ermənilərin xarakterinə uyğundur. Vaxtı ilə Osmanlı arxivlərində işləyən ermənilər hələ o dövrdən müxtəlif sənədləri saxtalaşdırıblar. Onlar hər fürsətdən Türkiyəyə qarşı hücuma keçməyə çalışırlar. Bu iddialar da qondarma "soyqırım” ərəfəsində Ermənistanın növbəti revanşıdır. Ümumiyyətlə, son dövrlər ermənilərə göstərilən xoş münasibətdən, xüsusilə Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının "yumşaq” siyasətindən sonra ermənilərin istəkləri birə-beş artıb. Onlara qarşı loyal münasibət, çoxlu sayda erməninin qeyri-qanuni yolla Türkiyədə fəaliyyət göstərməsi, hakimiyyətin digər miqrantlara sərt mövqe nümayiş etdirdiyi halda ermənilərə göz yumması əsassız iddiaların gündəmə gəlməsinə səbəb olub”. E.Mirzəbəylinin fikrincə, prosesin qarşısı ilk növbədə Türkiyənin özündə alınmalıdır: "Ermənilərin məhkəməyə təqdim etdikləri sənədlərin hamısı saxtadır və heç bir əsası yoxdur. Amma beynəlxalq məhkəməni bir kənara qoyaq. Əgər bu gün ermənilər saxta sənədlərlə Türkiyənin öz məhkəmələrində hansısa əraziyə yiyələnməyə, mülklərə sahib çıxmağa cəhd göstərirlərsə və Türkiyədə onların hüquqlarını "türk” hüquqşünaslar müdafiə edirsə, deməli, təbliğata əvvəlcə Türkiyənin özündən başlamaq lazımdır”.

Baş redaktorun sözlərinə görə, ermənilər indiki şəraitdə mülki iddia qaldıra bilməzlər. Çünki hadisələrin üzərindən çox vaxt keçib və Osmanlı tarixə qarışıb: "Osmanlının yerində müasir Türkiyə Cümhuriyyəti qurulub. Türkiyə Osmanlıya aid imzalara görə hüquqi məsuliyyət daşımır. Bu baxımdan məhkəmənin heç bir effekti olmayacaq”.

İsmayıl