Ermənilər Paşinyana inanmır

Seçici aktivliyinin zəifliyi güvənsizliyin göstəricisidir
"Dağlıq Qarabağ barəsində alınacaq qərar təkcə münaqişənin həlli demək deyil, eyni zamanda Ermənistanın gələcəyi üçün önəmlidir"


Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir. Bunu rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən deyib. Onun sözlərinə görə, N.Paşinyan ilk növbədə Rusiya ilə dialoq qurmalıdır: "Bu, yeganə çıxış yoludur. Digər ölkələrə Yerevan lazım deyil və yeni hakimiyyət əbəs yerə qərb ölkələrinə və onların köməyinə ümid bəsləyir. Moskva müdaxilə etməsə, ölkəni hissə-hissə satacaqlar, əhali isə oranı tərk edəcək”. 

Mixaylov əlavə edib ki, Ermənistan üçün böhrandan çıxmağın daha bir yolu Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq və köməklə əlaqədar Bakı ilə danışıqlara başlamaqdır, amma görünür ki, buna bu hakimiyyət qərar verməcəyək: "Fikrimcə, Paşinyanla münasibət qurmaq çətindir. Qərbyönümlü düşüncəyə malik olmaqla, tam əksinə, münaqişə yaratmağa və bura müəyyən beynəlxalq qüvvələri və ilk növbədə ABŞ-ı çəkməyə çalışacaq. Hesab etmək olar ki, Rusiya buna kəskin müqavimət göstərəcək və Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarətini bərpa etməsi üçün Yerevana təzyiqləri gücləndirəcək”.

Mixaylovun açıqlamasını "Şərq”ə dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri deyib ki, əgər Paşinyan hökumət rəhbəri kimi Ermənistanın siyasi-iqtisadi yöndə önünü açmaq istəyirsə, bunun üçün mütləq mənada Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməlidir: "Bunu etmək üçün Paşinyanın əlində kifayət qədər səlahiyyət var.

 Seçkidən sonra Ermənistanda bütün strateji qərarları parlament verəcək. Anlamaq lazımdır ki, Dağlıq Qarabağ barəsində alınacaq qərar təkcə münaqişənin həlli demək deyil, eyni zamanda Ermənistanın gələcəyi üçün önəmlidir. Hesab edirəm ki, Paşinyan yaxın müddətdə Rusiya ilə münasibətləri pozmağa çalışmayacaq. Ən azından siyasi hakimiyyətin tam oturuşması üçün Qərblə Moskva arasında manevr edəcək. Hələlik Kreml Paşinyana təsir etmək niyyətində deyil. Əslində Rusiya İrəvan hökumətinə Qərbə yaxınlaşmaq üçün bəhanə vermək istəmir. Erməni rəhbərliyi isə Qərbdə yeni maliyyə qaynaqları tapanadək Avropaya inteqrasiyanı təxirə salır. Fikrimcə, bir müddət Ermənistan-Rusiya münasibətləri qeyri-müəyyənliyini qoruyacaq”.

İsmayıl