Ermənistan beynəlxalq çağırışlara da məhəl qoymur

Elmar Məmmədyarov: “Qarabağda və ona bitişik 7 rayonda Ermənistan ordusunun mövcudluğu təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”



"Ermənistan "status-kvo”nu dəyişmək üçün edilən beynəlxalq çağırışlara məhəl qoymamaqda davam edir”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, bu ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində törədilmiş son təxribat aktları münaqişənin tarixində görünməmiş gərginliyə səbəb olub:

"Biz həmişə aydın şəkildə bildirmişik ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda Ermənistan silahlı qüvvələrinin davam edən mövcudluğu qeyri-sabitliyin və təmas xətti boyunca tez-tez baş verən ölümcül hərbi qarşıdurmaların əsas mənbəyidir”. E.Məmmədyarov deyib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində maraqlıdır: "Onun sülh və sabitlik üçün yol xəritəsi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan "Vışeqrad dördlüyü” və digər beş "Şərq Tərəfdaşlığı” ölkəsi kimi öz ərazi bütövlüyünü güzəştə getməyəcək. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin edilməlidir”.

"Multikulturalizm birgə problemlərə qalib gəlmək üçün təşviq edilməlidir”

E.Məmmədyarov deyib ki, radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələr Avropa və onun tərəfdaşlarının sabitlik və təhlükəsizliyinə təhdid törədir: "Bu hədələr yalnız insanların həyatını deyil, həm də dinc birgə yaşamanı təmin edən əsas universal dəyərləri hədəfə alır. Multikulturalizm və müxtəliflik müasir birgə problemlərə qalib gəlmək üçün geniş şəkildə təşviq edilməlidir. Azərbaycan öz multikultural cəmiyyəti ilə bu baxımdan təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nin xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizim təcrübi fəaliyyətlərimizin modallıqlarını müəyyən etməkdə alət kimi baxırıq. 25-27 aprel, 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olacaq Bakı Bəyannaməsini qəbul edib. Forumun mövzuları və alt-mövzuları inklüziv cəmiyyətləri davamlı inkişafının əsas komponenti kimi təşviq edən ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb”.

"Avropa İttifaqı ilə danışıqların başlamasını səbirsizliklə gözləyirik”

Xarici işlər naziri bildirib ki, Avropa İttifaqına üzv ölkələr arasında strateji tərəfdaşların sayının artması bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır: "Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacaq. Bu yaxınlarda sözügedən saziş layihəsi üzrə birgə məsləhətləşmələri yekunlaşdırmışıq və hazırda danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyirik. V4 ölkələri Aİ kontekstində də bizim mühüm tərəfdaşımızdır. Əminik ki, bizim önəmli Vışeqrad tərəfdaşlarımız Aİ Xarici Əlaqələr Şurası tərəfindən danışıqların aparılması üçün mandatın qəbul edilməsini təşviq edəcək”. E.Məmmədyarov qeyd edib ki, Aİ qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq: "Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır. Azərbaycan özünün Avropa İttifaqı ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub”.

İsmayıl