Kreml artıq bu dalğanı geri döndərə bilməyəcək
Son günlər təlatümlər yaşayan Ermənistanda Rusiya əleyhinə başlanan etiraz dalğası genişlənir. Etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər. Bu səbəbdən adıçəkilən şəhər prokurorluğu qarşısına axışan nümayişçilərlə polis qüvvələri arasında toqquşmalar başlayıb. Polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən - işıq-səs qumbaralarından istifadə edir. Qarşıdurma nəticəsində 12 nəfər xəsarət alıb.
Mitinqin nəticələrinə dair "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu qeyd edib ki, həmin ailənin qətlə yetirilməsi separatçı ölkə cəmiyyətində Kremllə bağlı mövzunu yenidən aktuallaşdırıb: "Əslində bu məsələlər əvvəllər də müzakirə olunurdu. Lakin üzə çıxmırdı. Ermənilər özlərinə "biz niyə Moskvaya sığınmışıq”, "niyə onların diktə etdiyini reallaşdırırıq”, "iqtisadiyyatımız niyə bərbad gündədir”, "Kreml bizə niyə yardım əli uzatmır” kimi suallar verirdilər. Son hadisə isə bədnamların səbr kasasını daşdırdı. Vəziyyət o həddə çatıb ki, nümayiş zamanı Rusiya bayrağını ayaqlar altına atdılar. Qatilin Ermənistana verilməməsi işğalçı ölkə cəmiyyətinin aşağılanmasıdır”.
Artıq fitilin alovlandığını söyləyən ekspert hesab edir ki, sözügedən ölkələr arasındakı münasibətlər bundan sonra da ciddi müzakirə obyekti olacaq: "Məlumdur ki, qatil Gümrüdəki hərbi bazanın əsgəridir. Maraqlı sual ortaya çıxır. Baza kimə qarşıdır? Baxın, Rusiya deyir ki, Azərbaycan, Türkiyə və İran onların strateji tərəfdaşlarıdır. Yaxşı, onda bu hərbi baza kimə qarşıdır? Bu, erməniləri düşündürməyə başlayıb”.
Politoloq düşünür ki, etirazlar getdikcə genişlənəcək və Sarkisyanın mövqeyi zəifləyəcək: "Ermənistan prezidenti Avrasiya İqtisadi Birliyinə imza atdı. Bundan nə xeyir götürəcək ki? Onsuz da Rusiya iqtisadiyyatı çökür. Birliyin gələcəyi sual altındadır. Bu səbəbdən zənn edirəm ki, hazırkı rejimə qarşı müqavimət güclənəcək ki, bu da müxalifətin fəallaşmasına yol açacaq”.
E.Şahinoğlunun qənaətincə, bu il Ermənistan çox böyük təlatümlə üzləşəcək: "Sarkisyan hakimiyyəti prezident seçkisinə hazırlaşır. Düşmən ölkə cəmiyyəti üçün çox ağır il olacaq”.
Mərkəz rəhbəri onu da bəyan edib ki, Ermənistandakı proseslər Moskvanın nəzarətindən çıxa bilər: "Rusiya-Ermənistan münasibətləri indiki qədər müzakirə predmeti olmamışdı. Bu, o demək deyil ki, yaşananlar separatçı ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq. Hər halda ciddi müzakirənin başlaması rəsmi İrəvanda hakimiyyəti laxladacaq. Sosial şəraitin ağırlığı cəmiyyətdə radikallaşmanı gücləndirəcək. Putin Sarkisyanı dəstəkləsə belə, onu saxlaya bilməyəcək. Moskva Sarkisyanı başqası ilə əvəz edə bilər. Məsələn, müdafiə naziri Seyran Ohanyanla. Amma onun üçün də asan olmayacaq. Ohanyanın da mövqeyi güclü deyil. Orduda intihar halları artır. Bir daha qeyd edirəm ki, təlatüm başlayıb və getdikcə genişlənəcək”.
Millət vəkili Aqil Abbas isə deyib ki, erməni xalqının və dövlətinin Rusiyaya qarşı çıxmağa qeyrəti çatmaz. Onun sözlərinə görə, aksiya sadəcə olaraq kampaniya xarakteri daşıyır: "Bunlar mənasız bir şeydir. Axı rəsmi İrəvan hansı cəsarətlə Rusiyaya qarşı çıxa bilər? Rusiya olmasa, onda heç Ermənistan bir dövlət ola bilməz. Orada Rusiya prezidenti Vladimir Putinin əleyhinə qarşı səsləndirilən şüarlar belə gözdən pərdə asmağa hesablanıb. Hesab edirəm ki, Ermənistan Rusiyaya etiraz edə bilməz. Bu, mümkün deyil. Gəlin görək Tatarıstan, Çeçenistan, Dağıstan Rusiyaya qarşı etiraz edə bilər? Bir ölkə ki, öz sərhədini və özü-özünü qoruya bilmir, ondan artıq nə gözləyəsən? Onun bütün sərhədlərini belə Rusiya tərəfi qoruyur. Etirazlar mənasızdır”.
Ayyət Əhməd