Vəfa Quluzadə: “Ölkədə siyasi vəziyyət həddindən artıq pisləşib, iqtisadiyyat gündən-günə çökməkdədir”
Ermənistanın sürətlə ağırlaşan sosial vəziyyəti və uçuruma doğru gedən siyasi durumu artıq ermənilərin özləri tərəfindən də açıq şəkildə etiraf edilir. Ölkədəki acınacaqlı ortamdan cana doyan erməni ictimaiyyəti bütün problemlərdən dolayı indiki hakimiyyəti, cinayətkar Sarkisyan rejimini günahlandırır və hökumətin istefa verməsini tələb edirlər.
Sarkisyanı hakimiyyətdən getməyə çağıran təkcə sıravi ermənilər deyil. Hökumət nümayəndələri və parlament üzvləri də gedişatdan narazılıqlarını bildirərək, indiki hakimiyyətin iflasa uğradığını boyunlarına alıblar.
Ermənistanın 2015-ci ilə ötən ildən qalma problemlərlə daxil olduğunu deyən sabiq XİN rəhbəri, deputat Vardan Oskanyan xalqın səbrinin tükəndiyini bildirib. Oskanyanın sözlərinə görə, Ermənistan rəhbərliyi ölkədə nəyisə dəyişməyə cəhd etmir. Çünki onlar öz maraqlarına zərbə endirmək istəmirlər: "Ölkənin siyasi meydanı inhisara alınıb. Bu da öz növbəsində KİV-in işinin təhrif olunması ilə nəticələnib. Qarabağ məsələsi heç vaxt indiki kimi çıxılmaz vəziyyətə düşməyib. Biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə çıxış yolu hakimiyyətin dəyişilməsidir”. Oskanyanın etiraflarını şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə "Şərq”ə verdiyi açıqlamada deyib ki, erməni xalqı indiki hakimiyyətdən və Rusiyanın asılılığından canını qurtarmasa, həmişə çıxılmaz vəziyyətdə qalacaq. Çünki Ermənistanın taleyi öz əlində deyil: "Hazırda Ermənistan sülhə və qonşularla normal münasibətə böyük ehtiyac duyur. Amma Rusiyanın apardığı imperiya siyasəti Ermənistanın buna nail olmasına imkan vermir. Ölkədə siyasi vəziyyət həddindən artıq pisləşib, iqtisadiyyat gündən-günə çökməkdədir. Ermənistan işğal etdiyi torpaqlardan da istifadə edə bilmir. Yəni hər tərəfdən çıxılmaz vəziyyətə düşüb”. V.Quluzadənin sözlərinə görə, Ermənistanı sülhə imza atmağa qoymayan Kreml müharibəyə başlamasına da icazə vermir: "İndi Moskvanın başı Ukraynaya qarışıb. Ermənistan isə öz hayındadır, amma canını necə qurtaracağını bilmir. Onların yalnız bir çıxış yolu var. Hamısı ayağa qalxıb Rusiyanın Gümrüdəki hərbi bazasını ölkədən çıxarsalar və eyni zamanda Minsk Qrupunun köməyi ilə Azərbaycanla sülh müqaviləsi bağlamağa nail olsalar, ermənilərin vəziyyəti düzələr. Əks halda, Rusiya çökənə qədər daim bərbad durumda qalacaqlar. Rusiyanın da nə vaxt çökəcəyi məlum deyil”.
İsmayıl