Ermənistan masadan qaçır...

İyun görüşündə nəticə olmasa, silahlar danışacaq


Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilə bilər. İddialara görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır. Əgər tərəflər razılıq verərsə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaqlar. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu istiqamətdə işin getdiyini vurğulayıb. Peskov bildirib ki, belə görüşlərin keçiriləcəyi istisna edilmir: "Prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək”. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də iyunun sonunda Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçiriləcəyini təsdiqləyib: "Hazırda görüşün detallarını bilmirik. Lakin təsdiq edə bilərik ki, görüş iyunun sonunda olacaq”. Kremlə yaxınlığı ilə tanınan rus politoloq Sergey Markov deyib ki, bundan əvvəlki görüş Qərbdə baş verdiyinə görə, Moskva növbəti görüşün Rusiyada baş verməsini istəyir. Çünki bu, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Moskvanın daha önəmli rol oynamasını göstərir. Amma Markovun fikrincə, görüş iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində mümkündür. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi bu foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvət edilib. Növbəti görüşün baş tutma ehtimalından danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan tərəfinin davranışı görüşün reallaşmayacağı təəssüratını yaradır: "Danışığa getməyin müəyyən tələbləri var. Sülhü istəyən tərəfin müvafiq davranışı olmalıdır. Amma Ermənistan rəhbərliyi təxribat yönlü açıqlamalar verməklə, Azərbaycanın ünvanına təhdidlər səsləndirməklə məşğuldur. Danışıqlarda Kazan formatı çökdükdən sonra prosesdə boşluq yarandı. Bu boşluqdan Ermənistan özünəməxsus şəkildə istifadə etdi və "status-kvo”nu saxladı. Ötən müddət ərzində də düşmən ölkə özünü "sülhə hazır dövlət” kimi qələmə verməyə çalışdı”. Ekspertə görə, Azərbaycanın mövqeyi dəyişməyib, ərazilərimiz mübahisə predmeti ola bilməz: "Danışıqlar xatirinə danışıqlarda iştirak etməyəcəyik. Ötən ilin sonunda Berlin görüşü baş tutdu. Ermənistan qarşılıqlı inamın bərpa olunmasını, gücdən istifadə edilməməsi, insidentlərin araşdırılması və bu kimi ikinci, üçüncü dərəcəli imperativləri səsləndirdi. Bir müddət sonra isə Vyana görüşü oldu. Bu görüşdə də Ermənistanın davranışlarında müsbət çalarlar özünü büruzə vermədi. Əslində, Vyana görüşü Sarkisyanın istəyi ilə reallaşmışdı. Elə görüşdən də bəlli oldu ki, Ermənistan mövqeyində dəyişiklik etmək niyyətində deyil. Son günlər həmsədrlər müsbət tonda danışırlar. Ancaq vəziyyət elə deyil. Həmsədrlər əvvəlki kimi populizmlə məşğuldurlar. Onlar öz funksiyalarını doğrultmaq üçün ümidverici məqamları tirajlayırlar. Bu mənada yenə də söz Azərbaycan Ordusuna qalacaq”.

Politoloq Fikrət Sadıqov isə hesab edir ki, görüş mütləq baş tutmalıdır: "Bu günlərdə olmasa da, yaxın gələcəkdə görüş təşkil olunmalıdır. Çünki bununla bağlı Vyanda qərar qəbul olunub. Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrov da erməni həmkarı Edvard Nalbadyanla bu məsələni ciddi şəkildə müzakirə ediblər. Deməli, hansısa planlar cızılır, konkret təkliflərin irəli sürülməsi gözlənilir. Əlbəttə, bir görüş zamanı bütün məsələlər həll oluna bilməz. Lakin bütün hallarda müəyyən proseslərin getdiyi hiss olunur. Ermənistan isə müxtəlif səbəb və bəhanələrlə vaxt uzatmağa çalışır. Amma Ermənistanın bu davranışları çox davam edə bilməz. Çünki artıq razılıq əldə olunub. Bu görüş baş tutmalıdır. Ancaq görüş ərəfəsində sazişlə bağlı bir sıra məsələlər də həll olunmalıdır. Yəni, hazırlıqlı gəlmək lazımdır ki, görüşdə konkret təkliflər irəli sürülsün”. Politoloqun fikrincə, danışıqlardan nəsə əldə edilməsə, genişmiqyaslı döyüşlər başlaya bilər: "Lokal toqquşmalar isə hər zaman olacaq”.

İsmayıl