Ermənistan qarışa bilər

Ölkədə yeni mitinq dalğasına start verilir



Ermənistanın müxalif "Yelk” bloku 19 yanvarda ölkədə bahalaşmaya qarşı mitinq-yürüş keçirəcək. "Aykakan Jamanak” qəzetinin məlumatına görə, mitinqə çağırışı "Yelk”in parlament fraksiyasının başçısı Nikol Paşayan öz feysbuk səhifəsində edib. Etiraz aksiyası İrəvanın "Moskva”kinoteatrı qarşısında keçiriləcək.

Məlumdur ki, düşmən ölkə uzun zamandır sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Bərbad durumda olan əhali mövcud duruma görə indiki hakimiyyəti suçlayır. Ölkədə özbaşınalıq, siyasi hərcmərclik və bahalaşma pik həddindədir. Xüsusən, ilin əvvəlindən aksiz vergilərinin artması ilə əlaqədar Ermənistanda avtomobil qazının və benzinin qiyməti ciddi şəkildə artıb. Yanacaqda qiymətin artması ərzaq mallarının qiymətini də 5 faiz artırıb. Əslində digər ölkələr üçün önəmsiz görünən bu artım belə Ermənistanın yoxsul əhalisini vurmağa yetib.

 Düşmən ölkədəki ağır vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Ermənistandakı proseslər aktivlik dövrünə qədəm qoyub. Səbəb isə bu il keçiriləcək seçkilərdir: 

"Müxalif "Yelk” blokunun etiraz vaxtını seçməsi təsadüfi deyil. Bu, bir növ prezident seçkisi ərəfəsində xalqın fəallaşmasına yönəldilmiş addımlardan biridir. Digər tərəfdən ölkədə ciddi problemlər var. İqtisadi tənəzzül dərinləşir, erməni valyutasının inflyasiyası artır. Bütün bunlar əhalinin rifah halının sürətlə aşağı düşməsinə gətirib çıxarır. Artıq Ermənistanda gərgin sosial-psixoloji durum mövcuddur. 

Şübhə etmirəm ki, "Yelk” blokuna digər müxalifət partiyaları da qoşula bilər. Qarşıdakı dövrdə mitinqlərin artacağı ehtimalı böyükdür. Bu məsələdə siyasi elitanın müəyyən hissəsinin də əhəmiyyəti var. Çünki söhbət Sarkisyanın tam neytrallaşması və onun siyasi səhnədən çıxarılması arzusundan gedir. Cəmiyyətdə çoxlu neqativ hallar Sarkisyanın adına yazılır.

 Ümumiyyətlə, seçkiqabağı mühit bütün siyasi qurumları və əhalini fəallaşdırır. Bir sıra ekspertlər hətta Ermənistanın qarışa biləcəyini deyirlər. Prezident Sarkisyanla baş nazir Karapetyan arasında ciddi qarşıdurma var. Bu mübarizənin ciddi fəsadları üzə çıxa bilər”.

İsmayıl