Ermənistan rəhbərliyi xalqın başını qatır

200 milyonluq silah bizim Rusiyadan, İsraildən aldığımız sursatın heç 5 faizi deyil



Rusiyanın nüfuzlu "İzvestiya” qəzeti Ermənistana 200 milyon dollarlıq kredit çərçivəsində silah və hərbi texnika satışına başlanıldığını yazıb. Məqalədə göstərilib ki, Azərbaycana satılan silahların Ermənistana da verilməsi nəzərdə tutulur. Ancaq rəsmi Moskva və İrəvan silah və texnikanın çeşid və çatdırılma vaxtı haqqında heç bir açıqlama verməyib.

Yazıda həmçinin deyilib ki, Rusiya tərəfi çatdırılan hərbi texnikadan yararlana biləcək hərbi mütəxəssislərin yetişdirilməsi ilə də məşğul olacaq. Bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovvanisyan da təsdiqləyib. Nəşrin məlumatına görə, Ermənistan Rusiyadan "Smerç” sisteminə aid qurğular, "İqla-S” səyyar zenit raket kompleksləri, "Avtobaza-M” tipli yerüstü radiotexniki kəşfiyyat kompleksləri almaq istəyir. Hərbi ekspert Andrey Frolov deyib ki, Moskva Ermənistana bir qədər əvvəl Azərbaycanın satın aldığı silah dəstini verir. Onun sözlərinə görə, bu silahlar tarazlığı Ermənistanın xeyrinə yaxşılaşdırsa da, Bakı yenə də müəyyən üstünlüyü saxlayır. Mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov erməni rəhbərliyi ölkə ictimaiyyətinin başını qatmaq üçün silah məsələsini tez-tez ortalığa atır: "Görün ermənilər nə qədər miskin gündədir ki, 200 milyonluq kredit məsələsini gündəmə gətirirlər. Əslində bu, növbəti erməni hiyləgərliyidir. Rusiya 1994-cü ildən bu yana dəfələrlə qeyri-qanuni yollarla düşmən ölkəyə silah-sursat verib. Hazırkı erməni rəhbərliyi onlara ediləcək silah yardımını dillərinə dolamaqla hakimiyyətdən cana doymuş xalqı aldatmağa çalışırlar. Axı ermənilər 200 milyonluq silahla bizə nə edə bilərlər ki? Heç bir qələt edə bilməzlər. Azərbaycan öz halal pulu ilə istədiyi silahı, texnikanı alır, ermənilər isə əl açıb dilənirlər. Aprel savaşında bütün dünya gördü ki, ermənilərin bəh-bəhlə təriflədiyi ordusu nə gündədir. 200 milyonluq silah bizim Rusiyadan, İsraildən aldığımız sursatın heç 5 faizi deyil. Üstəlik, Azərbaycanın əldə etdiyi silahların dəyəri, keyfiyyəti çox yüksəkdir. Ermənilər isə 102-ci bazadan çıxarılmış köhnə texnikanı almaq üçün Kremlə yalvarırlar. Əgər yenidən hərbi toqquşmalar başlasa, Azərbaycan müasir silahlarla düşməni məhv edəcək”.

İsmayıl