Ermənistan Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlmək şansı daha çoxdur - Politoloq

"Serj Sarkisyana qarşı etiraz aksiyalarına qoşulan siyasətçilərin Ermənistanın gələcəyi ilə bağlı vahid baxışı yoxdur”.
Bunu "Sherg.az”a Ermənistanda sabah keçiriləcək baş nazir seçkiləri ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Serj Sarkisyanın istefasından sonra pərdəarxası danışıqlar aparılır:
"Bütün siyasi partiyaların nümayəndələri oyundadırlar. Bir müddət əvvəl bəzi siyasətçilər, Rusiyaya səfərlər etdi. Digərləri isə qərb diplomatları ilə mütəmadi danışıqlar aparır, təlimatlar alırlar.
İndiyə qədər Ermənistan birmənalı şəkildə Rusiyanın təsir dairəsində idi. Hazırda qərbpərəst qüvvələr Ermənistanı bu vəziyyətdən çıxarmağa çalışır. Halbuki, bu hər hansı istəklə ortaya çıxıb, şüarlar səsləndirən şəxslərin qalib gələcəyi demək deyil. İnqilabi şəraitdə əsas məsələ ondan asılıdır ki, daha çox hansı qütbün tərəfində sosial baza, enerji var”.
Tofiq Abbasovun sözlərinə görə, sabah keçiriləcək baş nazir seçkisi Ermənistan üçün bütün problemlərin həlli deyil:
"Əsas siyasi qarşıdurma seçkilərdən sonra başlayacaq. Yeni baş nazirin hansı siyasi kursu prioritet elan edəcəyi, Ermənistanın hansı siyasi yolla addımlayacağı ölkənin və xalqın gələcəyini müəyyən edəcək.
İstənilən halda Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlmək şansı daha çoxdur. Serj Sarkisyanın dövründə yarımçıq da olsa, Avropa İttifaqı ilə sazişə imza atıldı. Ona görə, yeni hökumətin hansı cəbhəyə yönələcəyi hələlik sual altındadır. Mayın 1-i, baş nazir seçkilərində ciddi qarşıdurmaların yaşanacağı istisna deyil”.
Qeyd edək ki, Ermənistan parlamentinin "Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb. Bundan əlavə, baş nazir vəzifəsinin müvəqqəti icra edən Karen Karapetyan da bu post üçün namizəd olaraq çıxış edir.
Aysel Aslan