"Ermənistanla danışıqlar qeyri-mümkündür" - Müharibə mesajı




"Ermənistan atəşkəsin pozulmasında ona görə maraqlıdır ki, danışıqları ləngidib, sülh prosesini arxa plana atmaq istəyir”.

Bunu Sherg.az-a cəbhə xəttində atəşkəsin intensiv şəkildə pozulmasının səbəblərini izah edərkən hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib. 

O bildirib ki, Ermənistan status-kvonun saxlanmasından razıdır:

"Ona görə, düşmən hər hansı dəyişikliyin tərəfdarı deyil. Ermənistan münaqişənin sülh yolu ilə həllinə razılıq verməlidir. İndiyə qədər dəfələrlə cəbhədə vəziyyəti gərginləşdirən düşmən münaqişənin sülh yolu ilə həllindən yayınıb. Sonuncu dəfə belə vəziyyət 2016-cı ilin yaz aylarında yaşandı və aprel döyüşləri də bunun kuliminasiya nöqtəsi oldu.

Aprel döyüşlərindən sonra Ermənistan danışıqlar masasına oturdu və prosesə razılıq verdi. Lakin bir müddət sonra Ermənistan vəziyyətdən çıxış yolu kimi yenə təmas xəttində vəziyyətin gərginləşməsinə çalışdı. Hazırda da düşmənin təxribatları davam edir. Ermənistan Azərbaycanın diplomatik təzyiqlərinə tab gətirmir və uğursuzluğa düçar olacağını bildiyindən vəziyyəti gərginləşdirməyə çalışır”.

Düşmənin mülki əhalini də atəşə tutduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, cəbhədə sabitlik yaranmadan Ermənistanla danışıqlar qeyri-mümkündür:

"Cəbhədə vəziyyətin bu formada davam etməsi sülh prosesinə ancaq xələl gətirə bilər. Nəticədə ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan yaranmış vəziyyətlə sona qədər razı olmayacaq. Nəticədə aprel hadisələri təkrarlana bilər və münaqişə yenidən alovlanar.

Ermənistan anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri vəziyyətin bu şəkildə davam etməsini loyal qarşılamayacaq və əks tədbirlər görəcək. Bununla Ermənistan silahlı qüvvələri ağır zərbələrlə qarşılaşa bilər. Nəticədə düşmənin danışıqlardan yayınmaq üçün həyata keçirdiyi təxribatlar onun xeyrinə işləməyəcək”.

Aysel Aslan