“Sərəncamda güzəştlərin ali və ya özəl təhsil ocaqlarına şamil olunmasına dair heç nə qeyd olunmayıb. Çox təəssüf edirəm ki, millət vəkili qanunu tam mənimsəməyib”
Etimad Əsədov millət vəkilini suçladı
Vətəndaşın əlində sənədi varsa, onun övladı təhsil haqqından azad edilir
“Sərəncamda güzəştlərin ali və ya özəl təhsil ocaqlarına şamil olunmasına dair heç nə qeyd olunmayıb. Çox təəssüf edirəm ki, millət vəkili qanunu tam mənimsəməyib”
“Sərəncamda güzəştlərin ali və ya özəl təhsil ocaqlarına şamil olunmasına dair heç nə qeyd olunmayıb. Çox təəssüf edirəm ki, millət vəkili qanunu tam mənimsəməyib”
Azərbaycanda təhsil haqlarının əhalinin gəlirləri ilə müqayisədə yüksək olması səbəbindən hər il yüzlərlə tələbə qəbul olunduğu ixtisaslar üzrə oxumaqdan imtina edir. Təhsil ödənişləri isə buna rəğmən hər il artırılır. Bu il də 8 faiz civarında artım müşahidə olunub.
"Bizim Yol”a müraciət edən Qubadlı rayonundan məcburi köçkün, ikinci qrup Qarabağ müharibəsi əlili Müşfiq Bayramov da qızı Ayşən Bayramovanın təhsil ala bilməyəcəyini deyir. Müharibə əlili övladı təhsil ödənişinə güzəşt olmasını istəyir: "Məcburi köçkün ailəsiyik. Binəqədi rayon 314 nömrəli tam orta məktəbin məzunuyam. Azərbaycan Kooperasiya Universitetinin çoğrafiya fakültəsinə daxil oldum. Təhsil haqqı 2000 manatdır. Əvvəl müəyyən güzəştin olunacağı bildirilsə də, sonra imtina edildi”.
Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov Prezidentin sərəncamına istinadən bildirib ki, valideynlərini itirən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid və əlil olanlar bu ali təhsil müəssisəsində təhsil haqqından tam azaddırlar.
Məsələyə münasibət bildirən millət vəkili Musa Quliyev də "Şərq”ə açıqlamasında qanunvericiliyə istinadən ölkənin müdafiəsi uğrunda döyüşən müharibə əlillərinin, döyüşlərdə şəhid olan insanların övladlarının təhsil haqqından tam azad olduqlarını deyib. Ancaq millət vəkili müvafiq qərarın özəl ali universitetlərə aid olmadığını deyib: "Özəl universitetlərin üzərinə müharibə əlillərinin övladlarını təhsil haqqından azad etmək kimi bir məsuliyyət qoyulmayıb. Bu, həmin təhsil ocaqlarının imkanından və fərdi yanaşmasından asılıdır. İmkanları çərçivəsində xüsusi statusa sahib olan ailələrin övladlarını təhsil haqqından tamamilə azad edə də bilər, 50 faiz güzəşt də edə bilər. Bu tamamilə öz seçimləridir”.
Bu cür şikayətlərlə istisna hallarda qarşılaşdığını vurğulayan "Qarabağ Qaziləri” İctimai Birliyinin rəhbəri Etimad Əsədov özəl universitetlərdə, texnikumlarda oxuyan övladları təhsil haqqından tamamilə azad edilən kifayət qədər müharibə veteranı tanıdığını deyib: "Ola bilsin, Qubadlı rayonundan məcburi köçkün və müharibə veteranı olduğunu iddia edən şəxsin ya sənədlərində problem var, ya da konkret qərəzdən söhbət gedir. Əgər həmin tələbənin atası doğrudan da Qarabağ müharibəsi əlilidirsə, onların məcburi köçkünlük statusu varsa, həmin xanım birmənalı olaraq təhsil haqqından azad edilməlidir. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin ali təhsil alan övladları da təhsil haqlarından azad olunublar. Onların təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu barədə ölkə başçısının xüsusi sərəncamı da var. Prezidentin 18 mart, 2014-cü il tarixli sərəncamı ilə ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarından ödəniş tələb olunmur. İndiki halda Kooperasiya Universitetinin güzəştlərdən imtina etməsi qanunsuzluq və həmin ailəyə qarşı qərəzdir. Hesab edirəm ki, şikayətçi ərizə yazaraq haqqını tələb etməlidir. Əlillik dərəcəsini təsdiq edən sənədin surətini də həmin məktuba əlavə edərək sözügedən təhsil ocağının rəhbərliyinə təqdim etməlidir. Əgər müraciətinə hər hansı formada cavab ala bilməsə, bizə müraciət eləsin. Biz Qarabağ Qaziləri olaraq həmin müharibə veteranının hüquqlarını müdafiə etməyə hazırıq. Amma ola bilər ki, şikayətçi Qarabağ əlili deyil, mülki əlildir. Yəni real döyüşlərdə iştirak etməyib, sadəcə bombardmanlar zamanı həyatına təhlükə yaranıb və zədə alıb. Belə şəxslərin Azərbaycan respublikasının müdafiəsi ilə əlaqəsi olmadığı üçün Universitet rəhbərliyinin təhsil haqqı tələb etməsi təbiidir. Amma yox əgər vətəndaşın əlində döyüşçü olduğunu sübut edən sənədlər varsa, universitetin müharibə veteranının övladından təhsil haqqı tələb etməyə ixtiyarı yoxdur. Yuxarıda da dediyim kimi, belə tələbələrin ödənişi dövlət büdcəsi hesabına qarşılanır”.
Millət vəkilinin güzəştlərin özəl universitetlərə aid edilməməsi ilə bağlı fikirlərinə toxunan E.Əsədov belə deyib: "Əvvəla, onu deyim ki, sərəncamda güzəştlərin ali və ya özəl təhsil ocaqlarına şamil olunmasına dair heç nə qeyd olunmayıb. Çox təəssüf edirəm ki, millət vəkili qanunu tam mənimsəməyib. Sərəncamda birmənalı olaraq yazılıb ki, müharibə əlilləri və şəhid ailələrinin bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarından ödəniş tələb olunmur. İkincisi də ki, bu bir az da vicdan məsələsidir. Özəl və ya dövlətin olmasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün təhsil ocaqları dövlət büdcəsindən yararlanaraq pul qazanır, öz gəlirlərini artırırlar. Bu baxımdan vətənin müdafiəsində iştirak edən, şəhid olan insanların ailələrinə qayğı göstərmək onların borcudur. Axı il ərzində nə qədər müharibə veteranının övladı ali məktəbə qəbul olur? Məgər özəl universitetlərin 5-10 tələbəyə güzəşt etmək imkanı yoxdur?! Onu da deyim ki, bu cür şikayətlərlə istisna hallarda qarşılaşıram. Kifayət qədər müharibə veteranı tanıyıram ki, özəl universitetlərdə, texnikumlarda oxuyan övladları təhsil haqqından tamamilə azad edilib. Ola bilsin, Qubadlı rayonundan məcburi köçkün və müharibə veteranı olduğunu iddia edən şəxsin ya sənədlərində problem var, ya da konkret qərəzdən söhbət gedir”.
Şəymən