Etiraf etmək lazımdır...

Qarabağ münaqişəsinin həllində söz sahibi Rusiyadır



"Rusiya heç kimi dialoqdan çıxarmır”. Bunu Rusiya XİN-in rəsmisi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib. Zaxarova bildirib ki, "Rusiya Dağlıq Qarabağ məsələsini öz nəzarətində saxlayır” ifadəsi Kreml üçün bir komplimentdir:

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç kimi kənarda saxlamır. Biz həmsədrlərlə fikir mübadiləsi aparırıq, söhbət edirik, əlaqə saxlayırıq və onların rolunu yüksək qiymətləndiririk”. XİN təmsilçisinin sözlərinə görə, Moskva mövcud formatda digər həmsədrlərdən daha fəal işləyir. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Rusiya digər həmsədrlərdən fərqli olaraq coğrafi və mental baxımdan münaqişə tərəflərinə daha yaxındır: "Minsk Qrupunun həmsədrləri seçiləndə bu amillər nəzərə alınıb. Rusiya ötən müddət ərzində maddi və mənəvi baxımdan prosesə münasibət bildirib. Eləcə də 1994-cü ilin may ayında imzalanan atəşkəs sazişində Moskvanın rolu böyük olub. Nəzərə almaq lazımdır ki, Ermənistan Moskvanın təkidi ilə atəşi dayandırıb və danışıqlar prosesinə qoşulmağa məcbur edilib. O baxımdan Rusiyanın prosesdə aparıcı rol oynadığını etiraf etmək lazımdır. Digər tərəfdən Almaniya da Rusiya ilə bağlı mövqeyinin dözümlü olduğunu göstərdi və münaqişənin həllini bir növ Moskvaya həvalə etdi”. Ekspert bildirib ki, həmsədr Rusiyanın münaqişənin həlli prosesində yaxından məşğul olması təbiidir: "Rusiya prinsip etibarı ilə həm rəsmi Bakı, həm də İrəvanla dialoqu gücləndirir. Bu mənada intensivlik Rusiyaya məxsusdur və fikrimcə, belə intensivlikdən səmərə gözləməyə dəyər. Problem ondadır ki, Ermənistan bütün ciddi-cəhdlə diqqəti 5-ci dərəcəli məsələlərə yönəldir. Amma bunlar əsas predmet deyil. Əsas predmet "Böyük Sülh Sazişi” üzərində işləməkdir”.

İsmayıl