"Dünyanın əksər ölkələrində evakuasiya məsələsi elə müəyyən edilib ki, hər kəs harada maşın saxlamağın lazım olduğunu mütləq bilir”.
Bunu "Sherg.az”a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O diqqətə çatdırıb hətta lazımi ərazilərdə xüsusi nişanlar qoyulub:
"Bizdə isə evakuasiya qaydalarında, yanaşmalarda qeyri-müəyyənlik var və ədalətsizliklər baş verir. 2012-ci ilə qədər Rusiyada qeyri-müəyyənlikləri aradan qaldırmaq məqsədilə evakuasiya xidmətini pulsuz təşkil ediblər.
Evakuasiyaya görə, alınan ayrıca ödənişi ləğv etmək lazımdır. Yalnız dayanma və durma qaydasını pozmaya görə, cərimə qalsa, daha məqsədəuyğun olar. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilə bilər.Parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədalətin təmin edilməsi önəmlidir. Məsələn, 2 maşın eyni yerdə, eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 20 manat cərimə, 20 manat evakuasiya haqqı – ümumi 40 manat pul, xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu, ədalətsizlikdir.
Bəzən olur ki, bir şəxs hər gün eyni yerdə maşını saxlayır. Bir müddət sonra həmin yerdən maşının evakuasiya olunduğunu görür. Qeyd etməliyik ki, əvvəlki hallarda sadəcə sürücünün bəxti gətirir və ekakuator maşını aparmadığından ödənişdən azad olur. Amma qayda pozuntusu varsa, cərimə ödənməlidir. Belə məsələlərdə məsuliyyətin labüdlüyü önə çəkilir”.
Aysel Aslan