"Evdə, maşında, işdə tibb çantasının olması vacibdir"- Çantada nələr olmalıdır ?





Son vaxtlar yol qəzaları, küçədə insanların halının pisləşməsi, ürəktutmaları kimi hallara çox rast gəlinir. Nə vaxt və hansı bədbəxt hadisə ilə qarşılaşacağımızı əvvəlcədən bilə bilmirik. Köməyimizə ehtiyacı olan şəxslərə vaxtında ilkin tibbi yardım göstərə bilsək, hətta həyata qaytara da bilərik. Bunu etmək üçün hər bir evdə, maşında, iş yerində tibb çantasının olması çox vacibdir.

Maraqlıdır, ilkin tibbi yardım qutularını hazırlayarkən nələrə diqqət etməliyik?


Sualımızı cavablandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Sherg.az”a bildirib ki, maşında saxlanan ilk yardım qutularında vacib olan "jqut”lardır:

"Sovet dövründən bir ənənə qalıb ki, ilk tibbi yardım çantalarına aktiv qara kömür qoyulur. Bu, boş, işə yaramayan vasitədir. Qutuda "Karvalol”, "valerian” kimi ürək dərmanları, naşatır spirti, ağrıkəsici, bint, spirt, yod, pambıq kimi vasitələr olmalıdır. Amma avtoqəzalarda qanaxma halları daha çox yaşanır. Buna görə, ilkin tibbi yardım çantasında turnalar (jqut) mütləq olmalıdır”.

Həkimin sözlərinə görə, evdə, işdə saxlanan ilkin yardım çantaları hazırlanarkən, ailə və ya kollektiv üzvlərinin tibbi narahatlıqları nəzərə alınmalıdır:

"Ən çox yayılan təzyiq, şəkər kimi xəstəliklərdir. Ona görə, bunlarla əlaqədar dərmanların qutularda saxlanması vacibdir. Məsələn, evdə təzyiqi yüksək olan xəstə varsa, təzyiqsalıcı "Kaptopril” dərmanı mütləq ilkin tibbi yardım çantasına qoyulmalıdır.

Ümumilikdə, tibb çantalarında yara bandı, steril qablaşdırılmış bezlər, salfetlər, qrelka, hazır sarğılar, müxtəlif ölçülərdə üçbucaq və rulon sarğılar, Qayçı, pinset, şpris, plastik buz torbası, sancaq, pambıq paketi, termometr, qələm, qeyd dəftəri, əl fənəri, antiseptik preparatlar, ağrıkəsicilər, antibiotiklər, yanıqlara qarşı maz, vazelin, naşatır spirti, spirt, yod, hidrogen-peroksid, insanı ayıldan maddələr, ilk yardım kitabçası olmalıdır”.

Aysel Aslan