...Sonra xaricdə təhsil alan tələbələrə keçərlər
Elşad Miri: “Bu idarənin başında duran şəxsin özü İranın ali dini liderini təqlid edir. Yəni dini mənada Xamneyinin bütün fikirləri ilə razılaşır. Şeyxin bununla bağlı çıxışı sosial şəbəkələrdə əks olunub”
"Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Sədr bildirib ki, həmin tədbirlər çərçivəsində tələbələr arasında müəyyən izahat işləri aparılır, dövlət nümayəndələrinin həmin tələbələrlə görüşü keçirilir və s. Amma buna baxmayaraq, M.Qurbanlı vurğulayıb ki, insanların ekstremist qrupların təsiri altına düşməsinin qarşısını tam almaq o qədər də asan məsələ deyil:
"Türkiyədə təsir altına düşən bəzi gənclər olub. Müvafiq qurumlar bunu araşdırır. KİV-lərin də üzərinə bu məsələdə çox iş düşür. Ailələr xaricdə təhsil alan uşaqları üzərində təsirlərini artırmalıdır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri isə bu istiqamətdə fəaliyyəti daha da gücləndirməlidir”.
Problemlə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Elşad Miri deyib ki, məsələyə ötəri yanaşmaq təhlükəli nəticələrə səbəb ola bilər. Ekspertin fikrincə, dövlət problemə çox ciddi yanaşmalıdır. Amma bu cür üsullarla deyil:
"Azərbaycandan İrana, Türkiyəyə, Səudiyyə Ərəbistana, İordaniyaya gedib təhsil alan çoxlu insanlar var. Təbii ki, onların əksəriyyəti dövlət xətti ilə deyil, öz imkanları daxilində xaricdə təhsil alırlar. Ona görə də dövlətin həmin şəxslərdən xəbəri olmur və onlara nəzarət edə bilmir. Xaricdə hər hansı dini təhsil alan şəxs ölkəyə qayıtsa belə, dövlət qurumlarının bundan xəbəri olmur. Çünki xarici ali təhsil ocaqlarının diplomları Azərbaycanda tanınmadığı üçün məzunlar nazirliyə müraciət etmirlər. Sadəcə, Misirdəki bir-iki universitetin diplomu ölkədə tanınır. Amma bizim gənclərin çoxu həmin universitetlərə deyil, mədrəsə tipli təhsil ocaqlarına üz tuturlar. Onlar xarici ölkədəki fondlardan təqaüd alır və 4-5 il yad ölkədə yaşayırlar, yəni orada yetişirlər. Hətta çoxu xarici ölkədə ailə həyatı qurur. Gənclərimiz öz yetkinlik dövrünü xarici ölkələrdə, müəyyən dairələrin arasında keçirirlər. Buna görə də o mühit bizim insanlarımız üçün daha ideal bölgəyə çevrilir. Onlar da çalışır ki, xoşladıqları yad ideyaları Azərbaycana tətbiq etsinlər”.
İlahiyyatçı bildirib ki, Azərbaycandan hər hansı nüfuzlu şəxs, dövlət xadimi xaricə gedib azərbaycanlı gənclərlə görüşəndə, onlarla söhbətləşəndə, gənclər etika xatirinə onlara qulaq asırlar. Amma bu cür söhbətlər onlara gülünc gəlir: "Problemi aradan qaldırmaq üçün sadəcə quru söhbətlər, konfranslar kifayət etmir. Dəfələrlə demişəm, yenə də deyirəm, Azərbaycandakı orta və ali təhsil ocaqlarında fakultativ də olsa, dini dərslər tədris olunmayana qədər gənclərimiz xarici dini və ekstremist qüvvələrin təsir dairəsinə düşəcəklər. Azərbaycanda fəaliyyət göstərən bir dini idarə var, Qafqaz Müsəlmanları İdarəsi. Bu idarənin başında duran şəxsin özü İranın ali dini liderini təqlid edir. Yəni dini mənada Xamneyinin bütün fikirləri ilə razılaşır. Şeyxin bununla bağlı çıxışı sosial şəbəkələrdə əks olunub. İlk növbədə həmin bu dini qurumun özü ilə iş aparmaq lazımdır. Daha sonra xaricdə təhsil alan tələbələrə keçərlər”. E.Miri bu yaxında şahidi olduğu bir hadisəni danışıb: "QMİ-nin qaziləri var. Onlar bölgələrə səfərlər edir və camaat arasında söhbət aparırlar. Ötən gün həmin qazilərdən birinin söhbətini dinlədim, elə gözəl çıxış etdi ki, lap məəttəl qaldım. Amma çıxışdan sonra həmin qazi bizə dedi ki, onlar dövlət xətti ilə gəlir və media qabağında hamının xoşuna gələn sözlər deyirlər. Lakin daha sonra öz inancları çərçivəsində işlər görürlər. Axı belə düşüncə ilə müsbət nəyə nail olmaq olar?”.
İsmayıl