Əvvəllər belə deyildi...
İndi məktəblilər üstlərində bıçaq gəzdirir
Bir neçə gün əvvəl Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi olub. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi, 15 yaşlı Rüstəm Camalov 14 yaşlı Bayraməli İmanovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bu hadisənin işıqlandırılması orta məktəb şagirdlərinin davranışlarına nəzarət edilməsi məsələsini bir az da önə çəkib. Ekspertlər hesab edir ki, bir yeniyetmə əgər cinayət törədirsə, o bunu əksər hallarda əylənmək, öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək, özünü təsdiqləyərək onların etimadını qazanmaq üçün edir. Bəzən isə onlar bunu qeyri-adilik etmək, macəra yaşamaq, kəskin hislər duymaqdan ötrü bir vasitə halına gətirirlər. Yeniyetmələr öz aralarındakı mübahisələr zəmnində törətdikləri cinayətlərlə bərabər əksər hallarda qrup şəklində, planlaşdırılmamış cinayətlər də törədirlər. Tamah motivli cinayət törədən yeniyetmələr yaşlılardan fərqli olaraq əsasən dəbdə olan telefon, elektron avadanlıqlar, maşınlar, içki və böyük olmayan məbləğdə pul əldə edirlər. Müxtəlif vaxtlarda şagirdlərin belə cinayətlər törətməsi hallarının, bıçaq faciələrinin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
"Şərq”ə danışan Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü şagirdlərin aqressiv davranışlarını və mənfi hərəkətlərini bir qədər sosiallaşma ilə də əlaqələndirir: "Selfie maraqları, sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə, texnologiya bağımlılığı şagirdlərin xoşagəlməz davranışlar sərgiləməsinə yol açır. Hesab etmirəm ki, həmin yeniyetmələr hər gün məktəbə bıçaqla gedir, yəqin ki, bu, əvvəlcədən düşünülmüş bir addımdır. Sosial şəbəkələrdən aşırı istifadə edən gənclər belə şeyləri artıq adiləşdirirlər. Bu məqamda məni təəccübləndirən əsas valideynlərin fikridir. Axı valideynlər hara baxır ki, uşaqlar bu cür telefon, sosial şəbəkə, internet aludəçisinə çevrilir. Düzdür, yeniyetmələrə tam internet, kompyuter qadağası qoyulması da düzgün deyil. Lakin bu, müəyyən çərçivə daxilində, düzgün nəzarətlə həyata keçirilməlidir. Tərbiyə elə formalaşdırılmalıdır ki, uşaqlar həm cəmiyyətin, həm valideynlərin diktə etdiyi müsbət keyfiyyətləri mənimsəyə bilsin”.
Ekspert qeyd edib ki, sosiallaşma prosesinə düzgün yanaşılması üçün məktəblərdə və ailələrdə normal təbliğat aparılmalıdır. Valideynlər tənbəllik etmədən uşaqlarla bağlı hər şeylə maraqlanmalıdırlar.
Psixoloq Dəyanət Rzayev isə şagirdlərin bıçaq gəzdirmələrini və cinayətə meyilli olmalarını psixoloji durumları ilə əlaqələndirir: "Məktəblilərin üzərində bıçaq gəzdirmələrinə səbəb onların daxilində olan bəzi qorxular və özünü isbat etmək hissidir. Əvvəllər üzərində bıçaq gəzdirən insanlara cəmiyyət mənfi münasibət bəsləyirdi. Kiminsə bıçaq gəzdirdiyini biləndə qınayırdılar. İndi isə bu, bir növ adiləşib. Burada bir təzad var ki, bizim qoruyub saxlamağa çalışdığımız dəyərlər artıq sıradan çıxıb. Nə avropalaşa bilirik, nə də öz dəyərlərimizi qoruyub-saxlaya bilirik. Buna görə gənclər də çaş-baş qalır. Bıçaq gəzdirməklə müasir olmağa, özlərini təsdiq etmə hissini ödəməyə çalışmaları faciəvi sonluqla nəticələnən cinayətlərə yol vermələrinə səbəb olur. Əsrimiz informasiya əsri olduğundan uşaqlar tez inkişaf edirlər, yeni texnologiyalar, internet, sosial şəbəkələr vasitəsilə bu gün istənilən məlumatı asanlıqla öyrənə bilirlər. Bəzən bu "məlumat bolluğu” mənfi effekt verə bilir. Yeniyetmələrdə son zamanlar sıx rastlaşdığımız özünəqapanma, aqressivləşmə prosesinin səbəblərindən biri də məhz sosiallaşmanın mənfi nəticələridir. Məsələn, mən özümün və yaşıdlarımın həmin yaş mərhələsindəki davranışlarımı yadıma salanda görürəm ki, biz yeniyetmə olanda daha romantik idik. Lakin indi yeniyetmələr artıq özlərindən yaşca daha böyük düşünməyə başlayıblar. 15 yaşında uşaqla söhbət edəndə insan özünü 30-40 yaşında, həyatdan küsmüş biri ilə söhbət edirmiş kimi hiss edir”.
Psixoloqun sözlərinə görə, 14-15 yaş uşaqların elə bir dövrüdür ki, onlar daha aktiv olurlar. "Sonradan yaranan əsas problem isə onların bu aktivliyi hansı istiqamətdə göstərməsidir”- deyən Dəyanət Rzayev əlavə edib ki, ailədə tərbiyə əvvəldən düzgün qurulmadıqda uşaqlar yeniyetmə yaşında fərqli istiqamətə öz enerjilərini sərf edirlər. Bu da bəzən cinayətlərə, daha yüngül formada avaralığa, "vorzakonluğa” gətirib çıxarır: "Valideynlər bu dövrdə uşaqlarla daha diqqətli davranmalıdır. Onları müxtəlif faydalı istiqamətlərə yönləndirmək olar. İdmana, elmə, yaradıcılığa cəlb etməklə yeniyetmələrin bitmək bilməyən enerjisini müsbət yöndə istifadə etmək olar. Əks halda bu enerji aqressiv formada özünü büruzə verəcəkdir və sonu belə faciələrlə yekunlaşacaqdır”.
Bütün bunların nəticəsində yeniyetmələr arasında cinayətkarlığın artımının səbəblərinin müxtəlif olduğunu görə bilərik. Ən əsası isə bu sahədə profilaktika işinin o qədər də möhkəm olmadığı göz önündədir. Elm, təhsil ocağı olsa da məktəbin işi yalnız təhsil verməklə məhdudlaşmamalıdır. Tərbiyə işinə də xüsusi önəm verilməlidir. Psixoloqlar, pedaqoqlar bütün şagirdlər, xüsusən də yeniyetmə yaş qrupuna aid olan şagirdlərlə aktiv iş aparmalı, onları daim lazımi mövzularda təlimləndirməli, maarifləndirilməlidirlər. İnformasiya əsrində yaşayan bir cəmiyyətin Kütləvi İnformasiya Vasitələrində cinayət başlıqlı xəbərlərin paylaşımı, aqressiv məzmunlu TV veriliş və filmlərin yayımlanması daha həssas qrup olan yeniyetmələrə müxtəlif cür təsir edir. Bu səbəbdən də valideynlər uşaqlarının izlədikləri TV proqramlara, internet saytlarına nəzarət etməlidirlər. İstənilən halda yeniyetmələrin internetdən, sosial şəbəkələrdən sərhədsiz istifadə etməsinə şərait yaradılması və ya bilə-bilə göz yumulması yolverilməzdir.
Aysel Aslan