“Facebook”dakı dezinformasiyaların qarşısı alınacaq

Ekspertin qənaətincə, bu addım istifadəçiləri daha dürüst paylaşım etməyə vadar edəcək




Son zamanlar dünyada və eləcə də ölkəmizdə ən aparıcı xəbər saytları belə informasiya siyasətini "facebook” şəbəkəsi üzərində qurur. İnternet medianın şəbəkə məlumatlarına üstünlük verməsi, həmin xəbərlərin meydanını genişləndirir.

Bu səbəbdən orada yazılan hər bir məlumat portalların səhifələrini bürüyür. Lakin bəzən həmin informasiyalar həqiqəti əks etdirmir ki, bu da müəyyən problemlərə yol açır. "Facebook” rəhbərliyi belə arzuolunmaz halları nəzərə alaraq növbəti yenilik tətbiq edib. Şirkət bəyan edib ki, şəbəkədə yayılan dezinformasiyalara qarşı mübarizəyə başlayır. Məlumata görə, yaxın zamanlarda istifadəçilər yalan saydıqları xəbərləri xüsusi bayraq ilə işarələyə biləcəklər. Bayraqların sayı çoxalanda həmin xəbərin yayılmasının qarşısı alınacaq. Bununla yanaşı, aldadıcı postların (Şərhə filan sözü yazın, şəkil açılan`kimi) qarşısı da alınacaq. Şirkət onu da nəzərə çatdırıb ki, yalan xəbərləri tamamən sıradan çıxarmaq mümkün olmasa da, onların genişlənmə imkanları məhdudlaşdırılacaq.

Addımın müsbət məqsəd daşıdığını söyləyən Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli "Şərq”ə bildirib ki, bunun məntiqi aydındır: "Əvvəllər təhqiredici məlumatlar və pornoqrafiyalara dair geriyə bildirişlər verilirdi. Həmin materiallar haqqında şikayətlər olduqda şəbəkədən silinirdi. İndi bunu yalan məlumatlar üçün tətbiq ediblər. Əslində şəbəkə rəhbərliyi "facebook”u ciddi informasiya qaynağına və ya səhih məlumat mənbəyinə çevirmək istəyir”.

Ekspertin qənaətincə, bu addım istifadəçiləri daha dürüst paylaşım etməyə vadar edəcək: "Hər bir istifadəçinin məsuliyyətini artıracaq. Qarşımıza çıxan məqamlara qiymət versək, əminəm ki, qısa müddətdə mənfi yüklü yalan informasiyalar sıradan çıxacaq”.

Ayyət Əhməd