Faktlar göstərir ki, kosmos insana təsir edir

Ulduzların insan həyatına təsiri olmadığını iddia etmək absurd yanaşmadır
“Bu mövzu artıq çox çeynənib və mən dəfələrlə onlara haqsız olduqlarını sübut etmişəm”


Fizik Yalçın İslamzadə Modern.az-a açıqlamasında insanların ulduz falına, astrologiyaya inanmasının çox təəssüfləndirici olduğunu deyib. Onun sözlərinə görə, insanlar asan inandıqları üçün, heç bir astroloqdan təlimlərinin doğru olduğuna dair əsaslandırılmış izah tələb etməyiblər. Etsələr də, onlara bu izah təqdim oluna bilməyəcək:

"İnsanın xarakterini müəyyən etmək olduqca çətindir, bir insan həm müxtəlif şəraitlərdə, həm də zaman keçdikcə xarakterini dəyişir. Ancaq ulduz falına inansan, hazırda 7.5 milyard olan dünya əhalisini 12 xarakter qrupuna bölmək olar ki, bu da ifrat bəsitləşdirmə sayılardı”.

Yalçın İslamzadənin sözlərinə görə, təbiətdə bildiyimiz dörd təbiət qüvvəsindən sadəcə qravitasiya uzaq ulduzlardan bizə qədər olan məsafəni aşıb üzərimizdə cüzi təsir yarada bilər.
Yalçın İslamzadə qeyd edib ki, ulduzların insana təsiri heç bir sübuta əsaslanmır. Onun sözlərinə görə, bu təsiri bütün planet sakinlərinin hiss etməsinə, heç bir sakin arasında ulduzların təsiriylə fərq yaranması mümkün deyil:

 "Əgər bizim bilmədiyimiz bir təbiət qüvvəsi, ulduzların insanlar üzərində təsir mexanizmi varsa, astroloqlar zəhmət çəkib əsaslandırsınlar. Nobel mükafatına layiq görülərlər”.
Gənc bloqqer, sosial şəbəkələrdə elmi mövzuda silsilə yazılarla çıxış edən Taryel Abdullayev isə ümumiyyətlə, astrologiya adlı bir elm sahəsi olmadığını iddia edib.

"Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli isə "Şərq” qəzetinə açıqlamasında astrologiya elmi və ulduzların insan taleyinə təsirinin olmaması kimi iddialara cavab verib. Onun sözlərinə görə, astrologiya haqqında bir dənə elmi kitab oxumayan insanın bu barədə danışmağa haqqı ola bilməz:

"Ulduzların insan həyatına təsirinin olmadığını iddia etmək absurd yanaşmadır. Bu mövzu artıq çox çeynənib və mən dəfələrlə onlara haqsız olduqlarını sübut etmişəm. Onların gətirdikləri arqumentlərin heç vaxt əsası olmur. Sadəcə söz xatirinə danışır, gündəmdə qalmaq istəyirlər. Dedikləri savadsız bir adamın hər şeyi inkar etməsindən başqa bir şey deyil. 25 ildir bu sahə ilə məşğul oluram. Məgər axmağam ki, bu qədər vaxtı uydurma bir elm haqqında yazım? Astrologiyanın mənfi tərəfləri haqqında məndən çox yazan, bu elmi tənqid edən yoxdur, amma bu elmi yox saymaq da doğru deyil. Astroloqları fırıldaqçı adlandırıb bizi təhqir edənlər elə bilir ki, biz bu sahədən külli miqdarda gəlir güdürük. Halbuki redaksiyanın icarə haqqını verə bilmirəm, güc-bəla qəzet çıxardıram ki, əhali maariflənsin”.

S.Rəhimli deyib ki, bütün faktlar göstərir ki, kosmos insana təsir edir. "Lakin gülməli də olsa, elm bunu qəbul etmir. Çünki bu, fundamental qanunlara ziddir. Elm israr edir ki, astrologiya yalan elmdir və işləmir. 

Lakin planetlərarası boşluqlar haqqında biliklərimiz artdıqca, görürük ki, insan həyatına planetlərin təsiri böyükdür. Günəş tərəfindən yaradılan güclü sahə Günəş sistemi planetlərinə təsir edir və Günəş şüalanmasındakı dəyişikliklər Yerdəki bütün həyatı dəyişdirir. Başqa bir misal deyim: radioaktiv nəzəriyyə astroloji təsiri izah edə bilmir. Digər tərəfdən rentgen, qamma və digər şüaların mövcudluğu uzun müddət məlum deyildi. Radiodalğaların və ultrabənövşəyi şüaların kəşfindən əvvəl, insanlar heç xəyallarına da gətirə bilməzdilər ki, "qeyri-təbii” şey olan radioötürücü nədir.

Hamıya məlumdur ki, elmi faktları əldə etməyin yeganə yolu məntiqdir. Buna baxmayaraq, məntiqi cəhətdən belə bir nəticəyə gəlmək olar ki, insan həyatı hər zaman səma varlıqlarının güclü təsiri altındadır.

Astroloq ulduzların insan həyatına təsiri olmadığını deyən insanların nəzərinə bunun əksini sübut edən yeddi faktı çatdırıb:
1) Günəş üzərində olan ləkə və partlayışlar Günəşdə burulğanlara səbəb olur və Yerdə hava şəraitinə güclü təsir edir, xüsusən də atmosferin yuxarı təbəqələrində yerləşən ionosferaya və mənfi ionları bizim hərəkətimizə, hisslərimizə və davranışımıza təsir edir.
2) Atmosferdəki elektrik yükləri, eləcə də, geomaqnetizm və elektromaqnetizm insanlara, heyvanlara və bitkilərə təsir edir.
3) Oksigen öz-özlüyündə müəyyən mənada maqnit xüsusiyyətlərinə malikdir. Buna görə də Günəşin maqnit sahələri və ləkələri Yerin atmosferinə nəinki termik, eləcə də, maqnitik təsir edir.
4) Ay atmosfer rütubətinə, iqlimə, bitkilərə, heyvanlara və insanlara bilavasitə zəruri təsir edir.
5) Kosmos şüaları canlı orqanizmlərin DNT və RNT-də, nukleon turşularında ciddi dəyişikliklərə səbəb olur.
6) Geomaqnetizm insanların və heyvanların orqanizmlərinə təsir edir. Bu orqanizmlər geomaqnit sahəsində baş verən dəyişikliklərə reaksiya verir.
7) Məlumdur ki, planetlər öz orbitlərində bir mexanizm kimi, Günəşdə ləkə və partlayışların yaranmasına təkan verir. Planetlərin Günəşə nəzərən yerləşməsini bilərək, bir çox hadisələr haqqında qabaqcadan məlumat vermək mümkündür. Planetlərin bu harmonik vəziyyətləri Günəşlə Yerin maqnit sahəsinin aktivliyinə, Yerin maqnit sahəsinin formasına təsir edir, bununla da bütün canlı varlıqlar, o cümlədən, insanlar bu təsirə məruz qalırlar.

Qaldı ki bürclərin insan həyatına birbaşa təsirinin olub-olmamasına, buna məşhur ingilis yazıçısı Devid Lorensin bir fikri ilə cavab verərdim: "Kosmos bizim də daxil olduğumuz böyük və canlı bir bədəndir. Günəş - nəbzi bizim kiçik damarlarımızdan keçən böyük ürəkdir. Ay - bizi ömürlük lərzəyə gətirən böyük əsəb sistemidir. Kim bilir, Saturn və ya Venera bizi necə idarə edir? Həyat enerjisi hər an bizim qəlbimizə axır...”

Şəymən