Falçıları məsuliyyətə cəlb etməklə iş bitməz

Gərək insanlara düzgün istiqamət verilsin. Nəyisə insanın əlindən alırıqsa, ona alternativ təqdim etməliyik
“Bir falçını tutacaqlar, camaat o birisinin qapısına gedəcək”




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin yerli bölmələri ilə birlikdə Ucar və Şamaxı rayonlarında falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib.

Əməliyyatın keçirilməsində əsas məqsəd falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı KİV-də məlumatların yer almasıdır.

Yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib. Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildiriblər.

O da qeyd edilir ki, falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərin qanunsuz əməllərinə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq respublikanın digər bölgələrində də hüquq-mühafizə orqanları ilə birlikdə mübarizə tədbirləri davam etdiriləcək.

Vətəndaşlarınsa diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Təbii ki, falçılıqla məşğul olan, insanların sadəlövhlüyündən, savadsızlığından, mövhumata, xurafata meyilliyindən, dini bilgisizliyindən sui-istifadə edənlər çoxdur. Onlar paytaxtda da, bölgələrdə də geniş yayılıblar və insanları min-bir dillə aldadaraq pullarını mənimsəyir, qanunsuz gəlir əldə edir və təbii ki, vergidən də yayınırlar. Ölkəmizdə, təəssüf ki, dərin kökləri olan falçılığı sarsıtmaq mümkün olacaqmı? Bunun üçün hansı tədbirlərin görülməsinə ehtiyac var?

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında DQİDK-nin həyata keçirdiyi tədbirləri dini maarifləndirmə istiqamətində müsbət addım kimi dəyərləndirdi:

- Biz görürük ki, dövlət komitəsinin yas mərasimləri ilə bağlı apardığı maarifləndirmə işləri müsbət nəticəsini verdi. Yas mərasimlərində din xadimlərinin apardığı söhbətlər, Qafqaz Müsəlmanları İdarəsinin də dindarlara, ruhanilərə tövsiyələri bəhrəsini verdi. İndi yas mərasimləri artıq əvvəlki qayda ilə demək olar ki, keçirilmir. Vəfat etmiş şəxsə, yalnız dəfn və 3 mərasimi təşkil olunur. İsrafçılığa çox da yol verilmir. Artıq insanlarımız da anlamağa başlayıb ki, yas mərasimlərinə külli miqdarda vəsait sərf etmək düzgün deyil, bu, vəfat etmiş şəxsin ailəsini, doğmalarını ağır maddi duruma salır. Bütün bu nəticələr ictimaiyyət arasında təbliğat aparılması yoluyla əldə edildi. Əgər falçılıq adı altında dələduzluqla məşğul olanlara, insanları aldatmaqla gəlir əldə edənlərə qarşı effektiv mübarizəyə nail olmaq istəyiriksə, yenə də

maarifləndirmə və təbliğat işlərinə üstünlük verməliyik. Çünki dələduzları qanuna tabe etdirmək heç də həmişə lazımi nəticəni vermir. Bir bölgədə iş aparılacaq, hüquq-mühafizə orqanları əməliyyat həyata keçirəcək, onlar da başqa bir bölgədə, başqa şəhərdə, kənddə peyda olacaqlar. Etiraf etməliyik ki, əhali bəzən hansısa problemini həll etməkdə aciz qaldıqda, çıxış yolunu, əlbəttə, tam yanlış olaraq falçının qapısını döyməkdə görür. Bu, əlbəttə, ilk növbədə imanın zəifliyindəndir. Çünki bəndə Allaha inanırsa, falçıya inanmamalıdır. Bir qəlbə iki eşq sığmadığı kimi, inam da ikili ola bilməz. Ya gərək Allaha inanasan və qəbul edəsən ki, sənin taleyinə Allahu-təala tərəfindən qərar verilib, ya da gərək falçıya "inanıb” bədbəxt olasan. Bilirsiz, bunlar hamısı bizim insanların imanının zəifliyi və dini savadsızlığının nəticəsidir. Ona görə də gərək dini maarifləndirmə işləri aparılsın, təbliğat gücləndirilsin. Müsbət meyilləri, sağlam ideologiyanı fikir mübadiləsi, təhlil və təbliğat vasitəsilə yaymaq olar. Bizim geniş, müasir dünyagörüşlü, savadlı, dini biliklərə malik ziyalılarımız, din xadimlərimiz var. Onları əhali ilə görüşlərə dəvət etmək, telekanallarda bu mövzularla bağlı müzakirələr təşkil etmək lazımdır. Bəzən televiziyalarda qeyri-ehtiyac duyulan mövzulara geniş vaxt ayrılır, ehtiyac duyulan mövzularsa kənarda qalır. Dövlətdən maliyyələşən televiziyalar öz yerində, həmçinin özəl telekanallarda da dini maarifləndirmə proqramlarına yer ayrılmalıdır. Bəzi telekanallarda falçıların açıq-aşkar reklamı, təbliğatı aparılır. Adlarını da müasirləşdirib "ekstrasens” qoyublar. Məncə, DQİDK dövlət qurumu olaraq telekanallara bununla bağlı iradlarını bildirməli və tövsiyələrini verməlidir. Ən əsası, dini maarifləndirmə işi aparılmalıdır ki, insanlar nəyin düzgün, nəyin qanunsuz olduğunu bilsinlər. Falçıları məsuliyyətə cəlb etməklə iş bitməz. Bir falçını tutacaqlar, camaat o birisinin qapısına gedəcək. Gərək insanlara düzgün istiqamət verilsin. Nəyisə insanın əlindən alırıqsa, ona alternativ təqdim etməliyik. Falçılığa qarşı ən gözəl vasitə dini biliklərin artırılmasıdır. Belə olarsa, cəmiyyət falçılığın necə zərərli bir peşə olduğunu anlayar və özü bu dələduzlardan imtina edər.

Məlahət Rzayeva