“Fəxrəddin Abbaszadə Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır”




"Fikir pülüralizmi, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların haqları və s. bu kimi məsələlər beynəlxalq güc mərkəzlərinin milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri ən effektiv silahdır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək dəyərsizləşdirilir. Bunu qlobal imperializm öz məqsədlərinə çatmaq üçün edir: 

"Başqa ölkələrdən hüquq və azadlıqlara hörmət tələb edən beynəlxalq güc mərkəzlərinin özləri ən çox hüquq və azadlıqları pozan ölkələrdir. Onlar öz milli maraqlarını, imperialist maraqlarını təmin etmək üçün istismar obeykti kimi müəyyənləşdirdikləri ölkələrə xüsusi bir təzyiq, yaxud elə siyasi şantaj mexanizmi formalaşdıraraq onun adını bəzən beynəlxalq hüquq müdafiəsi təşkilatları, bəzən beynəlxalq və regional təşkilat, bəzən söz və vicdan azadlıqları təşkilatları qoyurlar. 

Ancaq bunların əsl məqsədi hüquq və azadlıqların qorunması deyil, bəzi ölkələri nəzarət altında saxlamaq üçündür. Fəxrəddin Abbaszadəninin həbsinə siyasi don geyindirmək istəyənlər də elə həmin istismarçı mərkəzlərin beynəlxalq şantaj şəbəkəsidir. Fəxrəddin Abbaszadə Azərbaycana qarşı radikal çıxışlar edən separatçıdır. Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da Rusiyada saxlanılıb. Onun haqqında hələ 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və həbsinə qərar verilib”.

Parlament üzvü bildirib ki, F.Abbaszadə ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı separatçı çıxışlar edib: 

"Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bəllidir. Dəfələrlə işğalçı Ermənistanın paytaxtında müxtəlif tədbirlərə qatılaraq işğalçılıq siyasətinə dəstək verib. Bütün bunlar isə ölkəmizin milli təhlükəsizliyini təhdid etməklə konkret cinayət tərkibli hərəkətlərdir. Hamı çox aydın dərk etməlidir ki, Azərbaycan qanunlarını pozan, onun milli təhlükəsizliyini təhdid edən hərəkətlərə kim yol veribsə, mütləq cəzalandırılacaq. 

Ona görə də burada etnik mənsubiyyət ya da hansısa azadlıq, hüquq axtarmaq yersizdir. Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və hamı eyni dərəcədə məsuliyyət daşıyır. Bu hadisəni siyasiləşdirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”.

İsmayıl