Filippində “Manqxut” qasırğası nəticəsində ölənlərin sayı 65-ə çatıb





Filippin hakimiyyət orqanlarının yaydığı məlumata görə, Luson adasında "Manqxut” qasırğası nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

AZƏRTAC yerli kütləvi-informasiya vasitələrinə istinadla xəbər verir ki, təbii fəlakət Luson adasının şimalında və Benqet əyalətində torpaq sürüşmələrinə səbəb olub. Daha 43 nəfər itkin düşmüş hesab edilir.

İlkin məlumatlara görə, qasırğa nəticəsində 2800 ev dağılıb. Sentyabrın 16-da axşam 155 min nəfərin təxliyə mərkəzlərinə sığındığı bildirilib.

Filippin Prezidenti Rodriqo Duterte Kaqayan əyaləti də daxil olmaqla daha çox zərər çəkən rayonlara səfər edib. Yerli hakimiyyət orqanlarına dəyən zərərin həcminin müəyyənləşməsi və xəsarət alanlara yardım göstərilməsi barədə göstəriş verib.

Zərər çəkən rayonların əksəriyyətinin yüksək dağlıq ərazilərdə olduğu bildirlir ki, bu da polisə və xilasedicilərə xilasetmə əməliyyatlarının aparılmasında çətinliklər yaradır.