Finlandiya təcrübəsi örnək ola bilər

Azərbaycanda da ödənişsiz psixoloji yardım mərkəzləri yaradılmalıdır
Fərqanə Mehmanqızı: “Qərara gəlmişəm ki, Təhsil Nazirliyinə rəsmi müraciət edim. Edəcəyəm də. Sonra bu barədə mediaya məlumat verəcəyəm. Görək, rəsmi müraciətdən sonra hansı addım atılacaq”


Nadir İsmayılov: "Yardım mərkəzlərinin sayını artırmaq əlbəttə, yaxşı olar. Kadr baxımından
vəziyyət qənaətbəxşdir. Psixologiya üzrə 9 professor, 25 elmlər namizədimiz var. Harvard Universitetində təhsil almış 6 kadrımız var. İspaniyada təhsil alıb gələnlər var. Bu kadrlar işə cəlb olunmalıdır”




Finlandiyanın paytaxtı Helsinkidə psixoloji yardım mərkəzi yaradılıb. Məqsəd intihara meylli insanlara, özünə qəsd edən və ya buna cəhd edənlərə psixoloji yardım göstərməkdir. Ən əsası - Mərkəz tam ödənişsiz xidmət göstərəcək. Mərkəzin maliyyələşdirilməsi sosial və səhiyyə sahələri təşkilatlarına Dəstək Mərkəzi tərəfindən həyata keçiriləcək. Əlaqələndirici isə Finlandiya Psixi Sağlamlıq Təşkilatıdır. Finlandiyada ötən illər ərzində intihar statistikasının yüksəlməsindən narahatlıq var. Ödənişsiz psixi yardım mərkəzinin yaradılması ilə intiharların önlənəcəyi düşünülür.

Skandinaviya ölkəsində ictimai institutların sosial sahədə bu şəkildə birgə fəaliyyəti qibtə hissi doğurur.
Bizdə də xeyli sayda psixoloji yardım mərkəzləri var. Hamısı da pulludur. Psixoloji yardıma ehtiyacı olan insanlar çox zaman məhz ödənişli olmaları səbəbindən bu mərkəzlərə getmir. Eyni formada bizdə də psixoloji yardım mərkəzləri yaratmaq mümkün deyilmi?

"Təhsil Nazirliyinə müraciət edəcəyəm”

Psixoloq Fərqanə Mehmanqızı "Şərq”ə açıqlamasında Finlandiya təcrübəsinin böyük əhəmiyyət daşıdığını bildirdi:

- Əlbəttə, bu, çox yaxşı, təqdirolunası haldır. Bizdə də belə yardım mərkəzləri yaradılsa, xeyri olar. Mən həmişə problemin köklü həllinin tərəfdarı olmuşam. Fikrim budur ki, psixoloji yardımlara orta məktəblərdən başlanılmalıdır. Əgər psixoloqlara məktəblərdə fəaliyyət göstərmək icazəsi verilsə, bunun çox böyük faydası olar. Psixoloqlar məktəblərdə təlim-treninqlər təşkil etməli, testlər keçirməlidir. Bilirsiz, təcrübə göstərir ki, təlim-treninqlər nəticəsində insanların dünyagörüşünü, intihar barədə düşüncələrini tamamilə dəyişmək mümkündür. Xüsusilə də bu, azyaşlılara, yeniyetmələrə münasibətdə vacibdir. Son zamanlar azyaşlılar, yeniyetmələr, gənclərlə bağlı intihar xəbərləri alırıq. Amma orta məktəblərdə uşaqlarla təlimlər keçilsə, testlərə cəlb olunsalar, onların psixi-mənəvi durumu haqqında aydın təsəvvür yaranacaq. Uşaq və yeniyetmələrin psixoloji yardıma xüsusilə ehtiyacları var. Çünki valideynləri onları psixoloqların yanına aparmır, özləri də getmir. Hələ də bizim cəmiyyətdə bu fikir möhkəmdir ki, psixoloq yanına gedən psixi xəstədir, "dəlidir”. Halbuki, hər bir insan ən müxtəlif səbəblərdən, yaşadığı hansısa sarsıntıdan depressiyaya düşə, psixoloji problemlə üz-üzə qala bilər. Cəmiyyətdəki stresslər intihara meylliliyə gətirib çıxarır. Bu da özünü intihar statistikalarında göstərir. İntihara meylli cəmiyyət istəmiriksə, psixoloji yardımların təşkil olunmasına çalışmalıyıq.

F.Mehmanqızı qeyd etdi ki, təlimlərin keçirilməsi üçün orta məktəb rəhbərlərinə dəfələrlə müraciət edib, lakin hər dəfə də rədd cavabı alıb:

- Məktəb direktorları bizi qəbul etmir. Təhsil Nazirliyinə müraciət etməli olduğumuzu bildirirlər. Qərara gəlmişəm ki, TN-ə rəsmi müraciət edim. Edəcəyəm də. Sonra bu barədə mediaya məlumat verəcəyəm. Görək, rəsmi müraciətdən sonra hansı addım atılacaq. Orta məktəblərdən danışanda, deyirlər, psixoloqlarımız var. Amma həmin psixoloqların səmərəli işi görünmür. Əgər orta məktəblər şagirdlərin təhsilində, təlim-tərbiyəsində müsbət nəticələr əldə etmək istəyirsə, qapılarını psixoloqlara açmalıdır.

Bizdə "güzəran psixologiyası” inkişaf edib

F.Mehmanqızı bildirdi ki, istər psixoloji yardımlarla bağlı, istərsə də "Qaynar xətt”lə bağlı ictimaiyyət arasında güclü təbliğat işi aparılmalıdır:

- "Qaynar xətt”lərin nömrəsini heç mən bilmirəm, o ki, uşaqlar olsun. Harada bu haqda deyilir, elan verilir? Bir-iki sosial reklamla uşaq və yeniyetmələrin "Qaynar xətt” barədə məlumatlı olacağını düşünürlərsə, yanılırlar. Bununla bağlı hərtərəfli, geniş maarifləndirmə və təbliğat aparılmalıdır. Amma bu sahədə piar çox zəifdir. Avropada psixoloqlara böyük ehtiyac var. Çünki orada bir insan ailəsi ilə, yaxud rəfiqəsi ilə hansısa problemdən danışmağa başlayırsa, dərhal ona psixoloqa müraciət etməyi məsləhət görürlər. Bizdə isə "güzəran psixologiyası” inkişaf edib. Bizim camaat dərdini, problemini anasıyla, valideynləri ilə, bacısıyla bölüşür, amma onların ağlına da gəlmir ki, bu adamı psixoloqa yönləndirsinlər. Adam danışır-danışır, o birisi də dinləyir, bununla da iş bitir. Və bəzən biz bu sıxıntıların sonra intiharla nəticələndiyini görürük. Amma o adamlar sıxıntısı olan adamı psixoloqa yönləndirsələr, faciələrin qarşısını almaq olar. İndiki zamanda psixoloqlardan qaçmaq lazım deyil, əksinə, onlardan yardım almaq lazımdır. Və bu halda əlbəttə, bizdə də ödənişsiz psixoloji yardım mərkəzlərinin olması və bu barədə geniş informasiyaların verilməsinə ehtiyac var.

"İnam telefonu” təşkil edə bilmirik”

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayılov isə "Şərq”ə açıqlamasında Bakıda ödənişsiz psixoloji yardım mərkəzinin fəaliyyət göstərdiyini dedi:
- Bizdə də pulsuz yardım mərkəzi var. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Dövlət müəssisəsidir və ödənişsizdir. Gündə nə qədər adam ora müraciət edir. "Montin”də, İsmayıl Hidayətzadə küçəsi, 4 ünvanında yerləşir. Ola bilsin, bu barədə kimlərsə məlumatsızdır, məlumat kifayət qədər verilmir. Bir-iki dəfə mən Mərkəz barədə süjetin efirə getdiyini görmüşəm. Daha da çox informasiya vermək olar.

Bəs bu tipli psixi sağlamlıq mərkəzlərinin sayını artırmaq mümkün deyilmi?

Suala cavabında N.İsmayılov bunun o qədər də asan məsələ olmadığını bildirdi:

- Sayı artırmaq asan iş deyil. Məsələn, biz "İnam telefonu” xidmətini hələ lazımi səviyyədə təşkil edə bilmirik. Bunun üçün Səhiyyə Nazirliyi işçi ayırmalıdır. "İnam telefonu”nun 24 saat fasiləsiz işləməsi üçün azı 12 işçisi olmalıdır. Bunun üçün maliyyə ayrılmalıdır və s. Hamısı sərmayəyə bağlıdır. Psixi Sağlamlıq Mərkəzi yalnız gündüz saatlarında işləyir. Birdən gecə hadisə baş verdi, o zaman hara müraciət edilsin? Yardım mərkəzlərinin sayını artırmaq əlbəttə, yaxşı olar. Kadr baxımından vəziyyət qənaətbəxşdir. Psixologiya üzrə 9 professor, 25 elmlər namizədimiz var. Harvard Universitetində təhsil almış 6 kadrımız var. İspaniyada təhsil alıb gələnlər var. Bu kadrlar işə cəlb olunmalıdır. Yenə deyirəm ki, hər şey sərmayəyə, maliyyəyə bağlıdır. Maliyyə dəstəyi olsa da, yardım mərkəzlərinin də sayı artar.

Məlahət Rzayeva