Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Məsələ barədə "Sherg.az”a danışan tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova ölkə başçısının qərarının çox mühüm olduğunu bildirib.
Onun sözlərinə görə, bu addım Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər planını özündə əks etdirən Prezident sərəncamının əhəmiyyətini gündəmə gətirir:
"Maliyyə vəsaitinin ayrılması, Prezident İlham Əliyevin məsələyə xüsusi diqqət yetirməsi, müvafiq dövlət qurumlarını da bu yöndə təcili, mühüm, düşünülmüş addımlar atmağa sövq etdirir. Ona görə, Cümhuriyyətlə bağlı tədbirlərin keçirilməsi il boyu həyata keçirilməlidir. Davam edən tədbirlərdə də öncə Cümhuriyyətin elan olunması dövründən başlayaraq, bütün onun mövcudluğu dövründə ən mühüm hadisələrin 100 illiyinin qeyd olunması da gündəmdə olmalıdır. Sadəcə, 28 mayda, AXC-nin elanı, İstiqlaliyyət Aktının qəbulu ərəfəsi ilə kifayətlənmək olmaz. Müvafiq olaraq, Azərbaycan ordusunun yaranması, Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi, parlamentin təsisi və s. hadisələrin 100 illiyi keçirilməlidir. Cümhuriyyətin mövcudluğunda ilkə imza atılan bütün hadisələrin yubileyi yüksək səviyyədə qeyd edilməlidir. Düşünürəm ki, prezidentin müvafiq sərəncamı da il boyu tədbirlərin davam etdirilməsini, eyni zamanda Cümhuriyyət tarixi, onun təbliğatının, tədqiqatının gündəmdə saxlanmasını özündə ehtiva edir. Dövlət tərəfindən göstərilən bu xüsusi diqqətin yerlərdə təmin edilməsi üçün də xüsusi işlər aparılmalıdır”.
Tədbirlər planının fərdi şəxslər, qurumlar tərəfindən təkliflər formasında irəli sürüldüyünü xatırladan F.Əhmədova 100 illiyə qədər olan vaxtın daraldığını vurğulayıb:
"Ümumiləşdirilmiş şəkildə hansı tədbirlər planı hazırlanıbsa, mütəxəssislərin müzakirəsinə çıxarıla bilər ki, pərakəndə, sistemsiz işlər görülməsin. Bunun əhəmiyyəti, effekti də ondan ibarətdir ki, tədqiqatçıların, bir çox dövlət qurumlarının birgə hazırladığı, müzakirədən keçən ciddi tədbirlər planı ortaya qoyulmalıdır. Ali məktəb, hansısa nazirlik ayrı-ayrılıqda beynəlxalq və respublika səviyyəli konfrans keçirmək, kitab nəşr etməklə ciddi nəticə əldə edə bilməz. Qarşımızda dayanan məsələ Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqının bu əlamətdar hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olmaqdan ibarətdir.
Prezident İlham Əliyevin qeyd etdiyimiz qərarı stimul verir, qarşıya böyük öhdəlik və vəzifələr qoyur”.
Aysel Aslan