Mirnaib Həsənoğlu: “Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var”
Fotojurnalistikaya ciddi ehtiyac var
Qabil Abbasoğlu: “İnternet medianın meydanı genişləndikcə, fotojurnalistkanın imkanları nisbətən yüksələ bilir”
Mirnaib Həsənoğlu: “Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var”
Mirnaib Həsənoğlu: “Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var”
Arif Əliyev: "Bizdə fotojurnalistika kifayət qədər zəif inkişaf etmiş bir sahədir”
Rauf Arifoğlu: "İndi daha yüksək səviyyəli texnika var və səviyyəli işlər görmək olur”
Ölkənin aparıcı media quruluşları böyük oxucu auditoriyası qazanmaq uğrunda uzun illər bir-biri ilə ciddi rəqabətə giriblər. Dərc etdikləri materialların oxunaqlığının yüksəldilməsinə çalışıblar. Bunun isə əsas yolunu verilən mətnlərin müvafiq maraqlı şəkillərlə bəzədilməsində görüblər.
Heç kimə sirr deyil ki, məqaləni oxudan və oxucunun diqqətini yazıya cəlb edən eksklüziv, orijinal və mətnə aid görüntülərdir. Bu baxımdan, mətbuatı fotojurnalistikasız təsəvvür etmək mümkün deyil. Sözügedən janr jurnalistikanın ən mühüm və ayrılmaz qollarından biridir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə ifadə edirsə, fotojurnalistlər bunu şəkillərlə çatdırırlar. Lakin hazırda fotojurnalistikaya maraq azalıb və bu sahədə kifayət qədər problemlər peyda olub. Bəzi qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan fotolarla təqdim edir. Üstəgəl, müxtəlif mətnlərin davamlı olaraq eyni şəkillərlə işıqlandırılması halına da çox rast gəlinir ki, o da oxucuları yorur. Bundan başqa, redaksiyalar fotomüxbir saxlamaq əvəzinə, jurnalistlərə fotoaparat verib, çəkilişlərə göndərirlər. Şübhəsiz ki, həmin qeyri-peşəkarlar ortaya cazibədar görüntülər qoya bilmirlər. Belə olan təqdirdə isə məhsulun keyfiyyəti aşağı düşür.
Bu sahədəki nöqsanların qaynaqlandığı səbəblər və problemdən qurtuluş yollarından danışan "Lent”.az saytının baş redaktoru Qabil Abbasoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda fotojurnalistikanın durumu qənaətbəxş səviyyədə deyil. Onun sözlərinə görə, xüsusən də çap mətbuatında fotoların səviyyəsi tamamilə aşağıdır: "Azərbaycanda rəngli poliqrafiya sənayesi o qədər də inkişaf etməyib. Bu səbəbdən bəzi qəzetlərin fotodan istifadə imkanları çox məhdud olur. Lakin qeyd etmək lazımdır ki, internet medianın meydanı genişləndikcə, fotojurnalistkanın imkanları nisbətən yüksələ bilir. Bütün hallarda düşünürəm ki, foto, video və digər informasiya daşıyıcılarına tələbat yüksək olmadığı üçün ölkəmizdə fotojurnalistikanın imkanları o qədər də yaxşı deyil”.
Müsahibimizin qənaətincə, Azərbaycanda sözügedən sahənin inkişafına ciddi ehtiyac duyulur: "Bu sahə jurnalistikanın əsas qollarından biridir. Foto mətnin və ya informasiyanın yarısı deməkdir. Bunu arxa plana keçirmək olmaz. Məsələyə diqqət yetirilməlidir.Texniki imkanların məhdudluğu, fotojurnalistikanın ənənə halını almaması və məktəb şəklində formalaşmamasının neqativ nəticələri özünü büruzə verir”.
Həmsöhbətimiz hesab edir ki, gələcəkdə fotojurnalistlər üçün yaxşı imkanlar yaranacaq: "Azərbaycan oxucularını təkcə mətnlə və yaxud sözlü informasiyalarla deyil, həm də təsviri informasiyalarla təmin etməyi bacaracağıq”.
Ölkəmizdə qabiliyyətli fotoqrafların olduğunu iddia edən Q.Abbasoğlu söyləyib ki, fotojurnalistika reportyorluğun bir qoludur: "Reportyorluq inkişaf etmirsə, fotojurnalistikanın tərəqqisindən danışmağa dəyməz. Reportyorluq sənəti də ciddi diqqətə alınmalıdır, önəm verilməlidir. Bu halda fotojurnalistikanın əhəmiyyəti yüksələcək”.
Baş redaktorun fikrincə, jurnalistikada fotoqraflar deyil, sırf peşəkar fotojurnalistlər çalışmalıdırlar: "Görünür, jurnalistikanın tədrisində fotojurnalistika ayrıca bir sahə kimi tədris olunmalıdır. İxtisaslı fotojurnalistlər yetişdirilməlidir”.
Bu sahədəki plagiatlığa gəlincə, müsahibimiz nəzərə çatdırıb ki, mətnlə fotonun oğurluğu arasında heç bir fərq yoxdur: "İkisi də eynidir. Azərbaycanda fotoya informasiya daşıyıcısı kimi baxmaq ənənəsi o qədər də aktual deyil. Daha çox mətnə diqqət yetiririk. Ona görə də mətnin oğurlanmasına daha ciddi reaksiya veririk. Bununla yanaşı, son zamanlar foto müəlliflərinin hüququ tanınır və qorunur. Bütün məsələlərin həlli üçün zaman lazımdır. Zamanla yoluna qoyulacaq. Buna rəğmən oturub, gözləməli deyilik. Fotojurnalistikanın tədrisinə fikir verməliyik. Bacarıqlı fotoqraflar mövcuddur. Onlara təlim keçirilməlidir. Bu sahənin prinsipləri aşılanmalıdır, öyrədilməlidir”.
Azərbaycan Fotoqraflar Birliyinin rəhbəri Mirnaib Həsənoğlu hesab edir ki, fotojurnalistika hər zaman sevilmir, çünki daim problemlərlə məşğul olur: "Fotojurnalistika 2 yöndə inkişaf edir. Ənənəni davam etdirənlər və yeni müstəqil fotojurnalistlər, dünya mətbuatına çıxanlar. Azərbaycanda fotojurnalist araşdırmaları ilə məşğul olanlar çoxdur. Lakin yerli mətbuat onlarla maraqlanmadığı üçün heç yerdə göstərilmir, xarici mətbuata çıxır. Yaradıcılıq deyəndə isə, fotoqrafiyanın istiqaməti çox önəmlidir. Bu gün çoxları çəksə də, heç birinin istiqaməti yoxdur. Böyük bir fotoqraf ordusu gözünə yaxşı görünəni çəkir, vəssalam”.
M.Həsənoğlu söyləyib ki, bizim media orqanlarında, adətən reportajlarda verilən fotoların çoxu ancaq portret xarakteri daşıyır: "Hər hansı bir tədbirdən material hazırlanırsa, həmin tədbirdə çıxış edən şəxslərin ancaq portretləri və ya nə vaxtsa çəkilən şəkli yerləşdirilir. Bunların hamısı bizim mətbuatda mövcuddur. Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var. Amma buna da tam olaraq fotojurnalist işi demək olmaz. Həmin sahədə çox böyük problemlərə rast gəlinir”.
Birlik rəhbərinin qənaətincə, media quruluşunun mütləq fotoredaktor ştatı olmalıdır: "Fotoredaktor ayrıca bir peşədir. Sovet dönəmində agentliklərdə fotoredaktorlar olub. O dönəm dağılıb gedəndən sonra fotoredaktor deyilən anlayış mətbuatımızdan itib. Bir çox jurnallarımızda, qəzetlərimizdə hazırlanan şəkillərə baxın. Onların heç birində fotojurnalist işi yoxdur. Yazan jurnalist və ya redaktor ağlına hansı şəkil gəlirsə, onu da götürüb mətnlərə verir. Bəzən şəkil seçimi ilə qəzetlərin dizaynerləri məşğul olurlar”.
Fototexnikanın bol olmasından söz açan qurum sədri bu sahədə olan təhsildən çox narazıdır: "Azərbaycanda fotojurnalistika ilə bağlı təhsil yoxdur. Universitetlərin heç biri fotojurnalistika təhsili vermir. Problem ondadır ki, bizdə bu sahədə tədris vəsaiti deyilən şey yoxdur”.
"Sumqayıtxəbər.com” portalının rəhbəri Eyvaz Qocayev bildirib ki, müasir dövrümüzdə insanların informasiyaya münasibəti xeyli dəyişib. Onun fikrincə, artıq insanlar daha çox vizual görüntülərə fikir verirlər: "İnsanlar kitabdan daha çox filmlərə baxırlar. Gündəlik sosial şəbəkələrdə paylaşımlara fikir versəniz görərsiniz ki, paylaşımlar arasında müxtəlif fotolar daha çox üstünlük təşkil edir. Hesab edirəm ki, xəbər saytlarında və qəzetlərdə təqdim olunan şəkil çox önəmlidir. Əlbəttə ki, xəbərin mahiyyəti də burda önəmli rol oynayır. Xəbərlə foto bir-birini tamamlamalı və təqdim edilən fotoşəkil informasiya haqqında ilkin fikir formalaşdırmalıdır”.
Baş redaktorun sözlərinə görə, yazılarda təkrar fotolardan istifadə etdikdə xəbər diqqəti daha az cəlb edir: "Xarici mətbuatda biz daha çox rast gəlirik ki, başlıqlar fotonun üzərində əks olunur. Fotoya xüsusi forma verilir və bir növ biz şəklə baxanda artıq xəbər haqqında ilkin fikrimiz formalaşır. Xəbər portalları hətta bunun üçün xüsusi işçi də saxlayırlar”.
Baş redaktor diqqətə çatdırıb ki, yazıdan asılı olaraq fotoların sayı dəyişilə bilər: "Müşahidə edirik ki, mətnlər uzun olduqda əgər bir foto verilibsə, o yazılar daha çox yorucu olur və insanlar bu xəbəri qısa müddətdə yarımçıq qoyurlar. Lakin uzun yazılarda bir neçə foto olarsa, o zaman oxucunu daha çox cəlb edir. Qəzetlərdə, xəbər saytlarında və yaxud da sosial şəbəkələrdə bəzən şəkil paylaşarkən "şərhsiz”, "no comment” sözünə rast gəlirik. Bunun özü fotonun nə qədər əhəmiyyətli olduğunu göstərir. Yəni foto özü də bir informasiya daşıyıcısıdır”.
Yazıçı-jurnalist Əziz Rzazadə də yazılarda foto seçiminin çox mühüm olduğunu düşünür: "Bəzən şəkil xəbərə əlavə informasiya qatır. Burda hər şey fotodakı davranış jestini tutmaqdan asılıdır. Bəzən isə bir foto bütün yazını əvəz edir və altından sadəcə "şərhsiz” yazırlar, bu bəs edir”. Yazar şəkillər üzərində yerləşdirilən loqolara münasibətinin çox pis olduğunu deyir. O qeyd edir ki, agentlik loqosunu dünyanın heç bir yerində o cür vermirlər: "Loqolar adətən şəkildə uzaq bir küncdə yerləşdirilir. Həm də kölgəylə duyulur. Bizdəki kimi adamın gözünü deşmir. Halbuki "Reuters” kimi foto agentliklər ümumiyyətlə, fotolarını satarkən öz loqosunu yerləşdirmir”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev düşünür ki, fotolar istənilən uğurlu yazıdan təsir qüvvəsinə görə daha güclü faktor hesab olunur: "Şəkillər daşıdığı informasiyaya görə də effektli olur. Amma problem burdadır ki, bizdə fotojurnalistika kifayət qədər zəif inkişaf etmiş bir sahədir. Təəssüf ki, fotojurnalistlərimiz də o qədər çox deyil. Uğurlu fotoqrafların da əksəriyyəti peşələrini dəyişərək bir növ rəssamlığa meyl edirlər. Əgər fikir versək, rəsmlərin əksəriyyətində insanların yalnız baş hissəsinin verildiyini müşahidə edərik. Standartlaşdırılmış baş şəklin dizaynı oxucuların bezməsinə gətirib çıxarır. Bu sahədə xeyli müddətdir hazırlıq keçilsə də, müxtəlif kurslar fəaliyyət göstərsə də, hələlik istənilən müsbət nəticə alınmayıb”. A.Əliyev qeyd edib ki, mətbu orqanların ilk olaraq istehsal etdikləri fotolar üzərinə loqolar qoymasının səbəbi var. Buna baxmayaraq, şəkilli loqolar əlavə problemlər deməkdir: "Foto agentliklər çəkdikləri şəkillər üzərinə ona görə öz loqolarını yerləşdirirlər ki, çox zaman digər xəbər portalları və qəzetlər həmin şəkillərdən istifadə edən zaman istinad etmirlər. Bu da şəkli çəkən tərəfi narazı salır. Əslində, loqolu şəkillər media üçün əlavə problemlər yaradır. Faktiki olaraq o yazıları və fotoları təmizləmək üçün böyük əmək və vaxt sərf edilir. Yəni səbəbi olsa da, artıq və lazımsız işdir”.
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da bu sahədəki problemlərin olduğunu qəbul edir, amma onu da deyir ki, sürətli inkişaf da müşahidə olunur: "Azərbaycanda fotojurnalistika yeni inkişaf istiqamətinə yönəlib. Texnikanın yenilənməsi, plyonka yaddaşından rəqəmsal yaddaşa keçid nəticəsində inkişaf müşahidə olunur. Biz bu imkanlardan yararlanmağa çalışırıq və artıq aktual hadisələrin özündən çəkilmiş fotolardan istifadə edirik. Artıq qeyd etmək olar ki, Azərbaycanda vizual informasiya dünya miqyasında olan vizual informasiya ilə yanaşı durmağa başlayıb”.
Baş redaktor inanır ki, yaxın gələcəkdə foto və vizual informasiyalar, fotojurnalistlər ön plana keçməyə başlayacaq, redaksiyalarda fotoredaktor ştatı yaranacaq.
R.Arifoğlu da mətbuatda mətnə uyğun olmayan şəkillərin verildiyini etiraf edir və bildirir ki, bu, redaktorların səhvindən baş verir: "Əslində redaksiyalarda şəkillərə texniki işçilər baxırlar. Bəzən fərqinə də varmırlar ki, bu, yay və ya qış şəklidir. Bu hadisələr əvvəllər tez-tez baş verirdisə, indi bir qədər azalan istiqamətə doğru gedir. İndi daha yüksək səviyyəli texnika var və səviyyəli işlər görmək olur”.
R.Arifoğlunun sözlərinə görə, hələ də bəzi media orqanlarının rəqəmsal texnikanı almağa imkanı çatmır və plyonkadan istifadə edənlər var. "Amma gələcəkdə texnikaların alınması fərqli bir istiqamətə, istihbarata yol aça bilər. Bu da istihbarat jurnalistikası olacaq. Bu hələ Azərbaycanda yoxdur”.
Davamı var...
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb