"1300-dən çox əməkdar və xalq artistləri var. Hər kəsi görüşə çağıra bilməzdik"
"Gələn dəfə nəzərə alacağıq"
Nazir prezidentlə görüşə çağırılmayanlardan üzr istədi
"1300-dən çox əməkdar və xalq artistləri var. Hər kəsi görüşə çağıra bilməzdik"
"1300-dən çox əməkdar və xalq artistləri var. Hər kəsi görüşə çağıra bilməzdik"
Dünən Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirib.
Nazirin konfransı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə müzakirə olunan məsələlərə həsr olunub.
Keçirdiyi mətbuat konfransında son illər mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar barədə geniş məlumat verən Ə.Qarayev deyib ki, bu islahatların aparılmasında İlham Əliyevin və Mehriban Əliyevanın əsas rolu var. Əbülfəs Qarayevin sözlərinə görə, iki il öncədən başlayaraq bütün işlər regional sistemlər vasitəsi ilə idarə edildi: "2018-ci ilin aprel ayında isə sistemin daha da təkmilləşməsi məqsədilə mədəniyyət və turizm bölünərək ayrı-ayrı qurumlar oldu. Bu, bütün yerlərdə mədəniyyət sahəsinin inkişafına səbəb oldu. Həmçinin Mədəniyyət Nazirliyinə mədəniyyət məsələlərinin işlərinə daha ciddi fikir verməyə imkan verdi. Qısa zamanda biz region qurumların köməyi ilə daha çox işlər görə bildik”.
Kiçik addımlar böyük islahatlara səbəb olur
Nazirin sözlərinə görə, həyata keçirilən islahatlar zamanı beynəlxalq təcrübədən istifadə olunması istiqamətində də zəruri addımlar atılacaq: "Biz xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq olunması istiqamətində Avropa İttifaqının "Tvinninq” layihəsini həyata keçirmişik. Qarşımızda duran əsas məsələlərdən biri də hazırda qabaqcıl beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiqini davam etdirməkdir. Həmçinin digər inkişaf etmiş ölkələrin tətbiq etdikləri proqramları regionlarda tətbiq edəcəyik. Kiçik addımlar böyük islahatlara səbəb olur. Bir sözlə, sistemli şəkildə işləyirik. Bu işlər zamanla özünü göstərəcək. Son iki ildə kifayət qədər eksperimental da olsa, vacib işlərin görülməsinə nail olunub. Aparılacaq islahatlarda insan faktoru diqqətdə saxlanılacaq. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə, yanlış düşünür. İnsanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz”.
Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə toxunan Əbülfəs Qarayev bildirib ki, bu görüşlər cəmiyyətdə böyük əks-səda doğurub: "Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Kinematoqrafiya ilə bağlı qanun müzakirə olunmaq üçün Milli Məclisə təqdim olunmuşdu. Kinematoqrafiya ilə bağlı sərəncam verildi. Artıq bir neçə layihələrə başlamışıq. Filmlər həmişə çəkilirdi, sadəcə daha da təkmilləşdirmə işləri görüləcək. Cənab Prezident islahatların davamı kimi teatrlara da vəsait ayırıb. Bu da teatrın inkişafına səbəb olacaq. Teatrların çoxu təmir olunub, amma teatrda yenə də inkişaf olmalıdır”.
…bəzi regionlarımızda dağıdılmış mədəniyyət ocaqları, kitabxanalar hələ də var
Nazir regionlarda muzeylərlə bağlı görüləcək işlərdən də danışıb: "Bu gün regionlarda yaşayan şəxslərin tələbatları fərqlidir, internet dövrüdür. Biz etiraf etməliyik ki, bəzi regionlarımızda dağıdılmış mədəniyyət ocaqları, kitabxanalar hələ də var. Bu proseslər regionlarda da davam etdirilir və etdiriləcək. Məsələn, 30-a yaxın muzey təmir edilib, 30-dan çoxunun isə təmirə ehtiyacı var”.
Mən telekanalların işinə birbaşa əmr edə bilmərəm…
Media nümayəndələrinin suallarını cavablandıran nazir Prezidentlə mədəniyyət xadimlərinin görüşündə Tahir İmanovun səsləndirdiyi fikrə də münasibət bildirib.
Ə.Qarayev özəl telekanallara müdaxilə etmək səlahiyyətində olmadığını deyib:
"Tahir İmanovun və komandasının fəaliyyətini izləyirik. Onlar iddia etdilər ki, özəl şirkətlər tərəfindən onlara məhdudiyyət qoyulub. Mən telekanalların işinə birbaşa əmr edə bilmərəm, amma məsləhət verə bilərəm. Mən də arzulayıram ki, özəl kanallarda zəngin təcrübəyə malik bədii şura olsun”.
Kim kənarda qaldısa, üzr istəyirəm, gələn dəfə nəzərə alacağıq
Nazir, həmçinin Xalq artisti Rasim Balayevin hansı səbəbdən Prezidentlə mədəniyyət xadimlərinin görüşünə dəvət olunmadığına da aydınlıq gətirib: "1300-dən çox əməkdar və xalq artistləri var. Hər kəsi görüşə çağıra bilməzdik. Düşünürəm ki, Rasim Balayev və digər mədəniyyət xadimləri ilə də görüş olacaq. Kim kənarda qaldısa, üzr istəyirəm, gələn dəfə nəzərə alacağıq”.
Nəsiminin Azərbaycana gətirilib-gətirilməyəcəyi ilə bağlı sualı cavablandıran nazir Nəsiminin məzarının Hələb şəhərində olduğunu xatırladıb:
"O yer tək bizim yox, orada yaşayan insanlar üçün də müqəddəsdir. Biz, hətta o məzarın yenidən qurulması haqqında müzakirələr aparmışdıq. Sadəcə müharibə buna imkan vermədi. Ümid edirəm ki, vaxt gələcək, bunu da reallaşdıracağıq”.
Tezliklə ərəb ölkələrində Azərbaycan, Azərbaycanda isə ərəb ölkələrinin film həftələri keçiriləcəyini vurğulayan Ə.Qarayev bu istiqamətdə müzakirələrin keçirildiyini deyib: "Tezliklə niyyət protokolu imzalanacaq. İtaliya, Hindistan və başqa ölkələrlə də belə layihə həyata keçirilir”.
Cəfər Cabbarlının ev muzeyinə görə xəcalət çəkirdim
Cəfər Cabbarlının ev muzeyinin fəaliyyəti ilə bağlı çoxdan məşğul olduqlarını vurğulayan nazir deyib ki, bu bina Cabbarlının öz ailəsi tərəfindən özəlləşdirilib. Yəni dövlətin və ya nazirliyin balansında deyil.
Nazirin sözlərinə görə, yalnız dövlət balansında olan müəssisələrdə təmir-bərpa işləri aparılır: "Biz bu ailə ilə dəfələrlə müzakirə etmişik. Ailə istəyir ki, orada yeni ev tikilsin və evin birinci mərtəbəsində C.Cabbarlının ev muzeyi yaradılsın. Belə praktika var. Mən burada heç bir qəbahət görmürəm. Binanın fiziki durumu pisdir. Müvafiq qurumlar əgər bu barədə qərar qəbul etsələr, ona uyğun işlər görüləcək. Ola bilsin, orada yeni bina tikilsin. Ümumiyyətlə isə mən bu vaxta qədər bu bina ilə bağlı həm xəcalət, həm də təəssüf hissi çəkirdim".
Şəymən