"Gəlin, özünüzlə Vətən ətri gətirin!”
Moskvada Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib
Moskvada, Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondunda, fondun və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının təşəbbüsü ilə, Azərbaycanın xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş təşkil olunub. Xalqının böyük şairi ilə görüşdə AMİİ fondunun, ASGA-nın, "Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin rəhbərləri və üzvləri, Moskvada yaşayan ziyalılar, yazarlar: şairə Maya Bədəlbəyli, Afaq Şıxlı, Yaşar Süleymanlı, azərbaycanlı tələbə-gənclər və eləcə də KİV nümayəndələri iştirak edirdilər.
Görüşü Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili açdı. O, hörmətli millət vəkilinin gəlişinin Moskvada yaşayan ziyalılar və eləcə də gənclər üçün çox xoş olduğunu söylədi.
Bu görüşün qanlı 20 Yanvar ərəfəsində keçirilməsinin də tarixi bir an olduğunu qeyd edən Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondunun rəhbəri Şamil Tağıyev, vətəndən uzaqda yaşayan azərbaycanlıların öz tarixini bir gün belə unutmadığını, hər zaman Vətən eşqiylə yaşadıqlarını vurğuladı.
Fondun rəhbəri, möhtərəm qonağı dinləmək arzusunda olduqlarını deyərək, sözü ona verdi.
Sabir bəy bu görüşdən çox mütəəssir olduğunu bildirib, qürbətdə yaşamağın asan olmadığını söylədi və bu soyuq qış axşamında, həm də istirahət günü, onunla görüşə gələn bütün soydaşlarına dərin təşəkkürünü bildirdi. "1990-cı ilin yanvar günlərini çox yaxşı xatırlayıram. Azərbaycana hücum olunmayacağı haqda fikir bildirmiş Qorbaçov sözünü tutmadı. Bakıdakı ekstremist qüvvələrə qarşı mübarizə adı altında, sovet qoşunları hava, su, quru - hər yolla Bakıya yeridildi. Bakılılar öz şəhərini qorumaq niyyətilə küçələrə axışmışdı. Həmin günlərdə vətənin ziyalısını da, fəhləsini də - vətən sevgisi bir araya gətirmişdi. Gecə-gündüz meydanda olurduq. 19-dan 20-nə keçən gecə bir neçə saatlıq evə getdim. Komendant saatı bitən kimi küçəyə çıxdım ki, meydana qayıdım. Şəhəri tanımadım. Gözəl Bakımız darmadağın olmuşdu. İnsanlar öldürülmüş, nahaq qanlar axıdılmışdı. Bir şey məni dəhşətə gətirdi. Küçə boyu qərənfillər düzülmüşdü, güllərin rəngi qana qarışmışdı. Demək ki, bazara gül aparan adamlar bu dəhşəti görüb o gülləri yollara - soydaşlarının qanı tökülən asfaltın üzərinə düzmüşdülər...
Meydanda bir qadın hər gün bizi görəndə "Özünüzü qoruyun” deyə yalvarırdı. Sonradan ölənlər arasında onun da olduğunu bildim... Bizi qorumaq istəyən bir ana, bir bacı ürəyinə düşmən gülləsi dəymişdi.
Xəstəxanaları gəzirdik. Bir palataya daxil oldum. Gənc bir oğlan can verirdi, çarəsiz, dərdli anası isə ağlayırdı. Məni görəndə oğlan başını qaldırmaq istədi, gücü çatmadı. Zorla da olsa gülümsədi. Gözlərim doldu. Həkim məni bayıra çağırıb: "Onun bütün qarın boşluğu darmadağın olub. Ömrünə 2-3 dəqiqə qalıb, amma qəlbindəki dəyanətə və sevgiyə bax ki, ölüm ayağında belə sizə hörmətini bildirməyə çalışdı”.
Şəhidlərimizi Xiyabanda dəfn edərkən torpağın altından illər öncə dəfn olunmuş digər şəhidlərimizin sümükləri çıxdı. Sümük-sümüyə qarışdı. Sanki, erməni terrorundan həlak olmuş şəhidlərimiz öz oğullarını qoynuna alırdılar...
Əzizlərim, o hadisələr haqda danışmaq çox çətindir. 20 Yanvar - Azərbaycan xalqının, bakılıların ürəyində bir xal kimi ömürlük qalacaqdır. O zaman biz bu dəhşətin qarşısını ala
bilmədik. Zamanı geri qaytarmaq mümkün deyil. Lakin biz yeni faciələrin qarşısını almaq iqtidarındayıq. Qarabağı, işğal olunan torpaqlarımızı, qara yanvarımızı zamanla bizə unutdurmaq istəyirlər. Vətənimizi bəlalardan qorumaq üçün ilk öncə olanları unudulmağa qoymamalıyıq. Bu öz əlimizdədir! Bu gün siz - Moskvada yaşayan gənclər, ziyalılar - şəhər hökumətindən 20 Yanvar gününü meydanlarda sakit nümayiş şəklində keçirmək icazəsini ala bilərsiniz. Bu sizin haqqınızdır!”
Söz Moskvada yaşayan şairə, publisist və tərcüməçi Afaq Şıxlıya verildi. Afaq xanım hörmətli millət vəkilinə bir daha "xoş gəldin” dedi. Vətən sevgisinin, millət sevgisinin ondan uzaq düşmək məcburiyyətində qalan insanların qəlbində bir günəş kimi yandığını söyləyən şairənin çıxışı, hamını kövrəltdi: "20 Yanvar hadisələri zamanı 20 yaşım vardı, gənc həkim idim. Gənclik duyğuları isə ən unudulmaz və ən saf olurlar. Sabir Rüstəmxanlının kim olduğunu o zamandan bilirəm. Onun mətanətinin, dəyanətinin şahidi olmuşam. Lakin sizi yaxından görmək mənə bir neçə il bundan öncə nəsib oldu. Qızım - gənc yazar Nilufərlə DGTYB-nin Bakı konfransında olarkən, birliyin üzvlərilə birgə iki dəfə sizin qonağınız olduq. Siz əsl azərbaycanlı qonaqpərvərliyilə bizi qəbul etdiniz. Buna görə dərin təşəkkürlərimi bildirirəm!
Qürbətin də qonaq sevgisi gözəldir. Bizim süfrəmiz də, ürəyimiz də - Vətən ətri gətirən qardaş-bacılarımıza açıqdır. Bu hiss bizim xalqımıza xas olsa da, qəriblikdə bam-başqadır. Biz bir-birimizə mənəvi ehtiyac duyuruq. Ana dilimizdən və içimizdəki Vətən sevgisindən başqa sığınacağımız yoxdur. Bəlkə də, zaman gələcək, saf Azərbaycan dilini öyrənmək üçün qürbətlərə üz tutacaqlar. Çünki biz bu dili, son ümid yeri kimi, tər-təmiz qoruyub saxlayırıq. Bu dildə danışan zaman özümüzü Vətənin ayrılmaz bir parçası hiss edirik. Bu üzdən də, Azərbaycan dilini ucaldan, yaşadan, dünyaya sevdirən söz adamlarımıza ehtiramımız və sevgimiz sonsuzdur! Bizi yad etməkdən usanmayın. Gəlin, özünüzlə Vətən ətri gətirin!”
Sabir bəy bu görüşdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirərək, onların xahişi ilə bir neçə şeir oxudu.
Görüş 20 Yanvar şəhidlərinin anımına verilən ehsan süfrəsilə başa çatdı.