Gənc qızı qapı dalında saxlamaq tərbiyə üsulu deyil

“Çox təəssüf ki, Səbinənin anası bunu çox acı, faciəvi şəkildə anlamış oldu”



Azərbaycanda daha bir yeniyetmə "qızını döyməyən dizini döyər” stereotiplərinin qurbanı olub. 14 yaşlı Səbinə Əhmədlinin anası qızını intihar həddinə çatdırmada ittiham olunur. Səbəb isə Səbinənin telefon yazışmalarının anası tərəfindən ələ keçirilməsidir. Müəllimlərinin dediyinə görə, Pirallahı rayonunda yerləşən Yavər Əliyev adına 235 saylı tam orta məktəbin rus bölməsində 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdəniymiş.

Cəmi 4 dərsdən qiyməti 4 olub, qalan fənlərdən 5 alırmış. Qonşularının dediyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb. İntiharın təfərrüatlarına görə, anası mərhumun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, baş verən faciə sözügedən ailədə ana - qız münasibətlərinin düzgün qurulmadığını göstərir. Əslində, bu məsələ tək Səbinənin ailəsinin problemi deyil. Qız uşaqlarının düzgün tərbiyə edilməsi bütün valideynlər üçün daim aktual bir problem olaraq qalmaqdadır. Valideynlər uşaqlarının tərbiyəsində bəzən şəxsi intuisiyalarına, bəziləri öz valideynlərinin təcrübəsinə əsaslanır, bəziləri isə mütəxəssislərə etibar edirlər. Bəs, ekspertlər necə düşünür? Belə hallarda analar qızları ilə necə davranmalıdır?

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, oğlan və ya qız olmasından asılı olmayaraq valideynlər yeniyetmə övladları ilə ehtiyatlı davranmalı, sonradan peşman olacaqları addımlara yol verməməlidirlər: "Yazışmada nədən söhbət gedib, nə danışılıb bilmirəm, amma yeniyetmə qıza ana o cür reaksiya göstərməməli idi. Əksinə, qızı ilə mülayim danışmalı, yad adamlarla səmimiyyətin ona verə biləcək zərərləri başa salmalı, bu yaşında bütün diqqətini dərsə yönləndirməsi və bunun gələcək həyatı üçün vacib olduğunu başa salmalı idi. 14 yaş qız-oğlan olmasından asılı olmayaraq yeniyetmənin özünü tanıdığı, şəxsiyyətinin formalaşdığı, hiss və duyğularını büruzə verdiyi dövrdür. Oğlan uşaqları ilə də, qız uşaqları ilə də bu yaş dövründə ehtiyatlı davranmaq lazımdır. Axı ana qıza atadan bir addım daha yaxındır, qızının kiminlə, necə və hansı mövzuda söhbət etdiyini aydınlaşdırmaq, zərərli bir ünsiyyətdirsə, ehtiyatla sonlandırmaq lazım idi. Uşaqlar sosial həyat axtarışındadır, ola bilər ki, yalnız məktəbə gedib evə gələn bir qız olub, oxuduğum qədəri ilə dərsləri də yaxşı olub, deməli, o yalnız sosial çevrəsinin genişlənməsi və ya ünsiyyət saxlamaq üçün kiməsə ehtiyac duyub. Artıq yeniyetməliyinin son dönəmində olan, hardasa gənc qız yaşına yaxınlaşan bir qızı qapı dalında dustaq etmək tərbiyə üsulu deyil. Çox təəssüf ki, Səbinənin anası bunu çox acı, faciəvi şəkildə anlamış oldu”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, analar qızlarına vaxt ayırmalıdır. Hansısa xoşagəlməz hadisə yaşanandan sonra aqressiv münasibət sərgiləmək əksər vaxtlarda əks-effekt verir: "Zorakılıq və ya kobud ifadələr gənc qızlara psixoloji təsir edir və onlar valideynlərindən qisas almaq fikrinə düşür. Hər bir ana kəskin müdaxilə etmədən qızının məşğuliyyəti, ətrafı ilə yaxından maraqlanmalıdır. Digər tərəfdən də hər bir ana o yaş dövrünü keçib. Bu xanım da anlamalıydı ki, yeniyetməlik dövrlərində belə şeylər olur. Əgər qızının sevdiyi birisi vardısa, ana sakit şəkildə ona öz məsləhətlərini verməli, seçiminin doğru və ya səhv olduğunu başa sala bilərdi. Ona təhsilini davam etdirmək kimi tövsiyələr verməli və qızına daha çox vaxt ayırmaqla onu bu prosesdən uzaqlaşdıra bilərdi. Amma bizim analar daha çox ittiham yolunu tutur. "Mən belə olmamışam, sən kimə oxşadım” və yaxud "Sənin kimi qız ölsə yaxşıdır” kimi sözlərlə yeniyetmələri danlamaq indiki dövr üçün əlverişli deyil. Bu cür münasibətdə o yaş dövründə olan qızlarda aqressiya yaradır və hər hansı bir yolla ailəsindən intiqam almaq, onlara vicdan əzabı çəkdirmək istəyir. Ola bilər ki, 14 yaşlı qız intihara cəhd edərkən niyyəti ölmək yox, anasına "dərs” vermək olub. Amma bəzi yolların geri dönüşü olmur”. M.Zeynalovanın sözlərinə görə, analar aradakı pərdəni götürmədən qızlarına həyat dərsi keçməlidirlər: "Bizim analar övladlarına qarşı "Körpədir, indidən gözünü açmayaq” siyasəti yeridirlər. Amma bir şeyi nəzərə almalıyıq ki, biz internet əsrində yaşayırıq. Hər birimizin mobil telefonu və sosial şəbəkələrə çıxışımız var. 10 yaşından 80 yaşına qədər olan hər kəs internetin əsrinə çevrilib. İndiki dövrdə övlad böyüdən valideyn hər şeyə hazır olmalıdır. Əks halda, övladının istəklərini anlamır və onunla arasında uçurum yaradır. Hansı ki, sosial mühitdə yaşayan insanlar üçün yanlış addımlar atmaq qaçılmazdır. Analar-qızlar arasında ünsiyyətdən əlavə səmimiyyət də olmalıdır. Qızlar analarından çəkinməməli, əksinə, onları özlərinə ən yaxın rəfiqə hesab edib bütün sirlərini bölüşməkdir. Bu şəraiti isə analar yaratmalıdır. "Olmaz”lar hər zaman "diqqətçəkən”olur. Analar qızlarına həmin "olmaz”ların yolverilməz olduğunu "şirin” dillə başa salmalı, ona doğru olanı aşılamalıdırlar. İntihar edən qızın anasını ittiham etmək istəmirəm, amma çox güman ki, qızına qarşı qeyri-etik ifadələrdən istifadə edib, danlayan zaman onu təhqir edib”.

Şəymən