Gənclərin pozğun həyatı...
Paytaxtı bürüyən “əxlaqsız yuvaları” onların məkanlarını genişləndirir
Binəqədi şossesindəki "Vulkan” motelində baş vermiş qətl hadisəsi öz təyinatı üzrə fəaliyyət göstərməyən iaşə obyektlərinin cinayət əməlləri üçün "isti yuva” olduğunu təsdiqlədi. Qətl hadisəsi barədə Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilirdi ki, Sumqayıt şəhər sakini 35 yaşlı Afaq Şükürova əmisioğlu tərəfindən motelin hamam otağında qətlə yetirilib. Mərhum həyat yoldaşını və 2 uşağını ataraq əmisioğlu ilə Bakıya gəlibmiş və onlar bir neçə gün "Vulkan” motelində qalıblar. Sonra da məlum hadisə baş verib. Bu hadisənin ailə ehkamlarına zərbə vurması başqa bir mövzudur və müasir həyatımızda ailə müqəddəsliyinin artıq rahat bir şəkildə ayaqlar altına atıla bildiyi gerçəkliyini ortaya qoyur.
Biz isə bu və buna bənzər hadisələrin baş verməsində məkan rolunu oynayan motellər, otellər, gecə barları, əyləncə klubları, çay evləri, sauna və istirahət mərkəzlərindən danışacağıq.
Heç kəsə sirr deyil ki, hazırda paytaxtda, eləcə də regionlarda mehmanxana, otel, motel, istirahət mərkəzi adı altında öz təyinatı üzrə fəaliyyət göstərməyən, tamamilə başqa məqsədlərə xidmət edən iaşə obyektləri var. Və belə məkanlar cəmiyyətdə "əxlaqsızlıq yuvası” kimi tanınır. Təbii ki, müasir standartlara uyğun, paytaxtımıza yaraşıq verən, turizmin inkişafı məqsədilə inşa edilən mehmanxana və istirahət mərkəzləri də var. Amma onlarla yanaşı, zahiri görkəmindəncə ürək bulandıran və şübhələnməyə kifayət qədər əsaslar verən məkanlar da var ki, məhz onlar qeyri-etik davranışların və hətta cinayət əməllərinin də ünvanına çevrilir.
Müəyyən məqsədlər üçün inşa edilən bu tip motellər, istirahət mərkəzləri adətən yol kənarlarında, necə deyərlər, gözdən uzaq, könüldən iraq yerlərdə boy göstərir. Kənardan baxanda belə, içəridə anti-sanitariyanın hökm sürməsi bəlli olur.
Məsələn, paytaxtın "Babək” prospekti ilə Günəşli qəsəbəsini birləşdirən şosse yolunda bir neçə il əvvəl "Günəş” otelinin "açılışı” oldu. Sakinlər bir də gözlərini açıb gördülər ki, yanacaqdoldurma məntəqəsi ilə dəmir sexinin tam da arasında bir otel fəaliyyətə başlayıb. Böyründə də "Topqapı hamamı”. Burda deyiblər, kasıb inəyinin adını "Gümüş” qoyar. Palçıqlı yolda nə "Topqapı hamamı”?! Nə "Günəş” oteli. Otelin giriş qapısında onun neçə ulduzlu olduğu yazılmamışdı. Bir mərtəbəli, kənardan daha çox yeməkxananı xatırladan tikili idi. Çox güman ki, ora əvvəllər ya restoran, ya da yeməkxana imiş. Sonra kimsə oranı otelə "çevirdi”. Otelin zahiri görünüşü də haqqında şübhəli fikirlər yaradırdı. Həm də təkcə zahiri görkəmi yox. Nə işdirsə, bu otelin ətrafında əlində mobil telefon o tərəf bu tərəfə gəzişən xanımlar gözə dəyirdi. Bu mənzərəni avtobus sərnişinləri də müşahidə edirdilər. Və dəfələrlə "bu otel nəyə xidmət edir, burda?!” kimi iradlar da səslənirdi.
Maraqlı burasıdır ki, aidiyyəti üzrə çalışmayan motel və otellər mövzusunu işləyərkən Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına daxil olub "Günəş” oteli haqqında məlumat əldə etmək istədik. Nazirliyin saytında belə bir otel adına rast gəlmədik.
Nazirlik "əxlaq polisi” deyil
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi Zöhrə Əliyeva "Şərq”ə açıqlamasında Günəşli qəsəbəsindəki "Günəş” otelinin sənədlərinin hazırda yoxlama mərhələsində olduğunu dedi:
- Nazirliyin rəsmi şəkildə lisenziya verdiyi müəssisələr var. Mehmanxana, otellər, istirahət mərkəzləri ilə bağlı nazirliyin saytında geniş informasiyalar verilir. Əgər hansısa otelin adı orada yoxdursa, deməli, o mehmanxana ilə bağlı monitorinq aparılır və ya sənədləri yoxlanır. Bunların əksəriyyəti özəl müəssisələrdir. Nazirliyin üzərinə düşən vəzifə standartları müəyyən etmək və müəssisələrin standartlara uyğunluğunu yoxlamaqdır. Hansı müəssisənin sənədləri qaydasındadırsa, şəraiti müəyyənləşmiş standartlara uyğundursa, təbii ki, həmin müəssisələrə lisenziya verilir. Nazirlik əxlaq polisi deyil ki, motellərdə, otellərdə kimin nə işlə məşğul olduğunu yoxlasın.
Z.Əliyevanın sözlərinə onu əlavə edək ki, sözügedən məkanda "Günəş oteli” yazılmış yarlıq artıq yoxdur. Deyəsən, nazirliyin yoxlaması həqiqətən də otelin qapısını kilidləyib.
Fətəli xan Xoyski küçəsi, 146 saylı bina
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə motel və oteləbənzər məkanlarda baş verənlərə münasibət bildirərkən konkret ünvan göstərdi:
- Mən açıq deyirəm, yaşadığım ünvanda - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 146 saylı binanın birinci mərtəbəsində gecə barı fəaliyyət göstərir. Sakinlər dəfələrlə şikayət ediblər ki, səs-küydən səhərəcən yata bilmirik. Gecə yarısından səhərə qədər o bar işləyir. Gənc oğlanlar, qızlar ora gəlir, binanın qarşısı avtomobillərlə dolu olur. İçkili vəziyyətdə olurlar, əxlaqsız sözlər, davranışlar, dava salırlar, dalaşırlar... Artıq sakinlər bezib. Sakinlərin bütün bu narazılıqlarına baxmayaraq həmin gecə barı ilə bağlı ölçü götürən yoxdur. Siz hələ, yol kənarındakı motellərdən, istirahət mərkəzlərindən, yeməkxanalardan danışırsınız. Paytaxtın əhəmiyyətli, mərkəzi inzibati rayonunda, şəhərin ortasında belə biabırçılıq hökm sürür. Çox böyük murdarçılıqlar baş verir orda. Hara baxır, rayonun güc strukturları, sahə müvəkkilləri? Gecə barı o deməkdir ki, səhərə qədər insanları narahat etməlidirlər? Yaşayış binasının altında gecə barının fəaliyyət göstərməsinə ümumiyyətlə icazə verilməməlidir. Bu binada yaşlı adam da var, uşaq da, gənc də. Bu bar onlara hansı müsbət təsir göstərə bilər? Avropa ölkələrində də gecə klubları, gecə barları var. Amma London, Berlin kimi mərkəzi Avropa şəhərlərində gecə saat 11-dən sonra belə müəssisələr bağlanır. Onların səhərə qədər işləməsinə icazə verilmir. Deməli, biz Avropanı da geridə qoymuşuq. Şəhərdə nə qədər belə şübhəli məkanlar fəaliyyət göstərir.
Gecə saat 2-də nə çay?!
İ.Altay qeyd etdi ki, şübhəli məkanlar, səhərə qədər fəaliyyət göstərən gecə barları dövlətçilik və ictimai sabitlik üçün təhlükə yaradır:
- Burada artıq, dövlətçiliyimizə ziyandan söhbət gedir. Nə qədər ki, belə əxlaqsızlıq yuvaları, qeyri-etik davranışlara məkan olan yerlər var, ictimai mənafe və dövlətçiliyimizə ziyandır. Çay evləri, gecə klubları gənclərin "sevimli” yerinə çevrilib. Başa düşmürəm, gecə saat 2-də nə çay?! Məlum məsələdir ki, belə yerlər cinayətlər üçün açıq məkanlardır. Gənclərin əxlaqını pozur. Son illər gecə klubları, barların sayı artıb. Gecə klublarında qumar da oynayırlar, başqa əxlaqsızlıqlar da olur. Hesab edirəm ki, bu məsələyə bir əncam çəkilməlidir. Və inanıram ki, belə də olacaq. Amma bu ölkənin güc strukturları nəzarəti gücləndirməlidirlər. Xatırlayırsınızsa, bir müddət əvvəl gecə barında bıçaqlaşma olmuşdu. Belə hadisələr bir deyil, iki deyil. Yəni, bu məkanlar potensial cinayət yuvalarıdır. Bu tip məkanlarda cinayət əməlləri, əxlaq pozuntuları kütləvi xarakter almağa başlayıb. Və məncə, bunun qarşısı təcili surətdə alınmalıdır. Yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları üzərlərinə düşən işi yerinə yetirməlidirlər. Belə əxlaqsızlıq yuvalarının arxasında dayananları ifşa etməlidirlər. Paytaxtın mərkəzi inzibati rayonunda belə biabırçılıq baş verirsə, təsəvvür edin ki, bölgələrdə nə vəziyyətdir. Məlum məsələdir ki, yol kənarlarındakı motellər, "istirahət mərkəzləri” müvəqqəti dayanacaq yerləridir. Motellərin əsas funksiyası səfərə çıxanlara, yolda olanlara xidmət göstərməkdir. Amma hamımız bilirik ki, bizdə bəzi motellərin funksiyası başqadır. Bunların hamısı ciddi şəkildə yoxlanmalıdır, nəzarətə götürülməlidir. Faktsız danışmaq istəmirəm, amma bu tip məkanların sahibləri uyğunluq sertifikatını bəzən rüşvətlə əldə edirlər. İaşə obyektləri üçün nəzərdə tutulmuş standartlara uyğun gəlmədikləri halda, fəaliyyətlərini davam etdirirlər. Artıq belə şübhə yaranır ki, deməli, onların arxasında dayananlar var. Hüquq-mühafizə orqanları belə halları üzə çıxarmalıdır.
Məlahət Rzayeva