Generallar niyə qovuldu?

Güclü tərəf bizik, ermənilərin açıqlamaları absurddur
Onlar hərbi vəziyyəti dəyişə bilməyəcəklərini çox yaxşı bilirlər


Ermənistanın general-leytenantı Manvel Qriqoryan sərsəm ifadələrlə Azərbaycanı təhdid edib. Qriqoryan Ermənistan tərəfinin itirdiyi əraziləri geri qaytaracağını bəyan edərək ölkəmizi hədələyib: "Qarabağda təmas xəttinin konturları tez-tez dəyişir və hələ dəyişməkdə davam edəcək. Bütün dövrlərdə bizimkilər yeni mövqelər tutublar. Fürsət tapan kimi itirilmiş əraziləri geri qaytaracağıq”.

Məlumdur ki, aprel döyüşündə biabırçı şəkildə uduzduqlarını, mühüm mövqeləri itirdiklərini ermənilər özləri də etiraf edirlər. Amma buna baxmayaraq, Ermənistanın siyasi və hərbi rəhbərliyi ölkə ictimaiyyətini aldatmağa çalışır, "hərbi uğurlar” nağılı ilə üsyanın bir addımlığında olan xalqı sakitləşdirməyə səy göstərirlər. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Şərq”ə açıqlamasında bildirib ki, ermənilərin məntiqini anlamaq çox çətindir: "Aprel savaşına qiymət verən düşmən tərəfi erməni cəmiyyətindəki böyük səfərbərlikdən, ordunun gücündən, Azərbaycan xalqına vurulan böyük zərbələrdən danışır, 2 mindən artıq itkilərimizin olduğunu söyləyirdi. Təbii ki, bunların uydurma olduğunu çox gözəl bilirdik. Əgər reallıq olsaydı, onda cinayətkar Sarkisyan rejimi bir qədər də güclənməli, Ermənistanda ziddiyyətli proseslər, qarşıdurmalar yaşanmamalıydı. Lakin düşmən ölkədə biri-biri ilə uzlaşmayan hadisələr baş verir. Ermənistan tərəfi iddia edir ki, guya, Azərbaycanın qarşısında dayanan yalnız Qarabağ ordusudur. Əgər beləydisə, onda Ermənistan Müdafiə Nazirliyinin üç generalı niyə işdən çıxarılırdı?!”. Deputat bildirib ki, ermənilər çox absurd və ziddiyyətli açıqlamalar verirlər: "Təsəvvür edin, əvvəlcə erməni hakimiyyəti itirdikləri ərazilərin onlar üçün əhəmiyyətsiz olduğunu iddia edirdi. İndi isə qocalmış veteran deyir ki, guya bizim cavan əsgərlərimizin qabağına çıxaraq itirdikləri mövqeləri yenidən ələ keçirəcəklər. Əlbəttə, bu, xülyadır. Reallıq isə başqadır. Ermənilər hərbi vəziyyəti dəyişə bilməyəcəklərini çox yaxşı bilirlər. Əslində torpaqların geri qaytarılmasından sadəcə biz danışa bilərik. Çünki ermənilərin əlində olan ərazilər bizə məxsusdur”.

İsmayıl