Geosiyasi layihə milyonlar gətirəcək

TAP-dan gələn gəlir Azərbaycan büdcəsinə ciddi təsir edəcək
Böyük ehtimalla 2020-ci ildə Azərbaycan qazının Avropaya daxil olmasının şahidi olacağıq


Yunanıstanın Soloniki şəhərində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminin rəsmi açılışı keçirilib. Mərasimdə çıxış edən Yunanıstanın Baş naziri Aleksis Tsipras deyib ki, TAP-ın tikintisi Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparılır.

A.Tsiprasın sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP regional əməkdaşlığı tərənnüm edir: "Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyəti var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 8 000 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir”. Təməlqoyma mərasimində Azərbaycandan olan nümayəndə heyətinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Onunla yanaşı, energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev də tədbirə qatılıblar. Məlumat üçün bildirək ki, TAP "Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir. SOCAR-ın TAP-dakı səhmi 20 faizdir. Kəmərin ümumi uzunluğu 878 km-dir. Layihənin Azərbaycan üçün əhəmiyyətindən danışan neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, TAP hər şeydən öncə Azərbaycan üçün geosiyasi əhəmiyyət daşıyır: "TAP çox böyük geosiyasi əhəmiyyəti olan layihədir. Çox ehtimal ki, 2020-ci ildə Azərbaycan qazının Avropaya daxil olmasının şahidi olacağıq. ABŞ və Avropa Birliyi TAP-ı prioritet layihə hesab edirlər. Ona görə də layihənin maliyyələşdirilməsində, texniki təchizatında, işlərin əvvəlcədən planlaşdırılmış cədvəl üzrə həyata keçirilməsində gecikmələr olmayacaq. TAP reallaşandan sonra Avropanın enerji xəritəsində çox ciddi dəyişikliklər olacaq. Marşrut boyu yeni birləşdirici qaz kəmərlərinin çəkilməsinin şahidi olacağıq. Layihənin tam miqyasda işə düşməsi Avropanın qaz bazarlarına digər ölkələrin hasil etdiyi boru kəmər qazının daxil olmasına imkan yaradacaq. Söhbət Trans-Xəzər layihəsindən gedir. Hazırda bu layihə risklidir. Çünki həm İran, həm də Rusiya bu layihəyə qısqanclıqla yanaşır”. Ekspert layihənin Azərbaycana gətirəcəyi maddi gəlirlərə də toxunub: "Kəmərdən gələn gəlir Azərbaycanın büdcəsinin formalaşmasına təsir göstərəcək. Yaxın 3 ildə enerji daşıyıcılarının beynəlxalq bazarda qiymətinin necə olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Adıçəkilən layihə həm Azərbaycana əlavə dividendlər gətirəcək, həm də ildən-ilə ölkəmizdə neft hasilatının aşağı düşməsi fonunda büdcə xərclərimiz məhz həmin kəmərdən gələn gəlir hesabına formalaşacaq”. Ekspert bildirib ki, gələcəkdə TAP layihəsinə İran da qoşula bilər: "İran Avropanın qaz portfelində müəyyən faizdə yer almaq niyyətindədir. İran rəsmiləri bunu sıxılmış qaz vasitəsilə həyata keçirmək istədiklərini desələr də, əslində Avropa istiqamətində ixrac kəmərlərini məhz Türkiyə üzərindən gerçəkləşdirməyi hədəfə alıblar. Hələlik İraq və Suriyadakı siyasi vəziyyət İranın öz niyyətini reallaşdırmasına imkan vermir. Ən optimal tranzit məkan Türkiyədir”.

İsmayıl