Geriyə dönüş yoxdur

Ərdoğanın Suriya ilə bağlı məqsədi aydındır
“O, həm Putinə, həm də Ruhaniyə dedi ki, Əsədi başa salsınlar”



Türkiyə Silahlı Qüvvələrinin Afrindəki "Zeytun budağı” əməliyyatı davam edir. Son məlumata görə, ötən gün Bəşər Əsəd rejiminə bağlı milislər Afrinə girməyə cəhd ediblər. Lakin Türkiyə Ordusunun xəbərdarlıq məqsədi ilə açdığı artileriya atəşlərindən sonra Afrinə 10 kilometr qalmış milislər qaçmağa başlayıblar. Suriya televiziyasının görüntülərində silahlarla təchiz edilmiş təxminən 20 avtomobil nümayiş olunub. Milislərin hərəkət istiqamətində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın fotosu diqqət çəkib.

"Türkiyənin top atəşindən sonra 40-50 avtomobildən ibarət karvan Afrindən geri çəkildi”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, Hələb yaxınlığından Afrinin cənub hissəsinə, oradan isə şəhər mərkəzinə girməyə təşəbbüs göstərən 40-50 avtomobildən ibarət karvan top atəşindən sonra geri çəkilib: "İndiyə qədər 1780 terrorçu zərərsizləşdirilib. "Zeytun budağı” əməliyyatı Afrin və ətrafındakı terror ünsürləri zərərsizləşdirilənədək davam edəcək. "Əsəd rejimi ilə YPG arasında anlaşma imzalandı” deyə xəbərlər yayılıb. Biz məsələyə ehtiyatla yanaşılmasının vacibliyini bildirdik”. Kalının sözlərinə görə, PYD və YPG ilə Bəşər Əsəd rejimi arasında iddia edildiyi kimi, bir anlaşmanın olduğundan söhbət gedə bilməz: "Anlaşma olsa belə Türkiyə olaraq əməliyyatla bağlı planlarımızı eyni qətiyyətlə davam etdirəcəyik. Rejim və ya başqa ünsürlərin bu addımlarının çox ağır nəticəsi olacaq”.

"Dəməşq rejimi ilə birbaşa əlaqə müzakirə mövzusu deyil”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə dövlətinin Suriya rejimi ilə əlaqə qurma ehtimalı barədə danışıb. Kalın yalnız fövqəladə hallarda Türkiyə kəşfiyyat orqanlarının birbaşa və ya bilavasitə Suriya rejimi ilə əlaqə yarada biləcəyini deyib. O, Suriya hökuməti ilə hər hansı siyasi danışıqların getmədiyini bildirib: "Dəməşq rejimi ilə birbaşa əlaqə qurmağımız müzakirə mövzusu deyil. Ancaq Astana prosesində Suriya ərazisində məsələləri izləməyimiz üçün qurduğumuz mexanizm var. Verdiyimiz mesajlar vaxtaşırı İran və Rusiya vasitəsilə Suriyaya çatdırılır. Fövqəladə şərtlərdən irəli gələrək kəşfiyyat orqanlarımız birbaşa, yaxud dolayı yolla əlaqə saxlaya bilərlər”.

"Əsəd rejimi Türkiyə ordusuna qarşı bizə yardım edəcək”

PYD terror təşkilatı Əsədin milis qüvvələrinin Afrinə girməyə cəhd etməsi ilə bağlı rəsmi bəyanat yayıb. Terror təşkilatının nümayəndəsi Suriya hökumətini vəzifəsini yerinə yetirməyə çağırıb və onları Türkiyə Silahlı Qüvvələrinə qarşı mübarizəyə səsləyib. Terrorçular türk ordusunun zərbələrindən məhv olduqlarını, təcili yardıma ehtiyac duyduqlarını dilə gətiriblər. Lakin görünən odur ki, Əsədə yaxın qüvvələr terrorçulara yardım göstərməkdə ciddi tərəddüd edirlər.

Türkiyəyə qarşı PYD-Əsəd anlaşmasında İranın rolu var

İngiltərənin "Financial Times” qəzeti Afrinə girməyə çalışan Əsəd qüvvələrinin mütəxəssislər tərəfindən "İran dəstəkli şiə milis qüvvələri” adlandırıldığını, bu səbəblə terror təşkilatı PYD ilə Əsəd arasındakı müqavilədə İranın rolu ola biləcəyini yazıb: "Bu da Suriya rejimi və YPG arasındakı müqavilənin Rusiyanın deyil, İranın himayəsi altında aparıldığına işarə edə bilər. Son həftələrdə Suriyadakı vətəndaş müharibəsi beynəlxalq güclərin oyunları ilə daha da mürəkkəbləşib. Buna Suriyadakı İrana aid hədəflərə atəş açdıqdan sonra endirilən İsrail təyyarəsi məsələsi də daxildir. Suriyadakı münaqişə Bəşər Əsəd hakimiyyətinə qarşı xalq üsyanı kimi başladı və bunun səbəb olduğu xaos həm PYD-yə, həm də İŞİD-ə ərazi təmin edən, qarmaqarışıq, çoxtərəfli bir müharibəyə çevrildi. Beynəlxalq müdaxilələr də mürəkkəbliyi artırdı. ABŞ rəhbərliyindəki koalisiya YPG-ni dəstəkləyir. Bu da praktikada Afrində iki ABŞ müttəfiqinin qarşı-qarşıya gəlməsi deməkdir”.

Kreml Əsədə "stop” əmri verdi...

Prosesləri şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Afrindəki kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı dərin dövlətə aiddir. Ekspertin sözlərinə görə, Kreml bununla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidir. Lakin Ərdoğanın "Afrində Bəşər Əsədin qüvvələri olsa belə şəhərə daxil olacağıq” deməsi Kremlin Əsədə "stop” əmri verməsi ilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.

Türkiyə diplomatiyası ordusundan geri qalmır

Analitik bildirib ki, Türkiyə diplomatiyası ordusundan geri qalmır: "Ərdoğan gün ərzində rusiyalı və iranlı həmkarları ilə təcili telefonla danışdı. Ərdoğanın məqsədi aydındır, həm Putinə, həm də Ruhaniyə dedi ki, Əsədi başa salsınlar. Çünki Suriya rejiminə bağlı qüvvələrin Afrinə daxil olub PKK tör-töküntüsünü əvəzləmələri heç nəyi dəyişməyəcək. Türkiyə ordusu irəliləməkdə davam edəcək. Ərdoğan bu vəziyyətdə ordunu geri çağıra bilməz, bu, onun və Türkiyənin imicinə zərbə olar, çünki iş yarımçıq qalar. 

Ona görə də ya Putin, ya da Ruhani Əsədi riskli addımdan çəkindirməli idi. Əlbəttə, deyə bilərsiniz ki, Afrin Suriya ərazisidir və Əsəd öz ərazisində nə istəyir, onu da edə bilər. Məsələ burasındadır ki, Əsəd bu haqqı çoxdan itirib. Ərazi bütövlüyü məsələsini PKK və ona bağlı olan qüvvələr Türkiyə ərazisini hədəf götürəndə düşünmək lazım idi”.

İsmayıl