Girovların məktubu da “kəsildi”
Səadət Bənənyarlı: “Ermənistan tərəfi girovlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır”
Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində girov götürülən soydaşlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailəsi onların həyatından narahatdır. Bu günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri növbəti dəfə girovlara baş çəkib.
Lakin bu başçəkmə girovların ailələrini heç cür qane etmir. BQXK girovlarla daim öz mandatına uyğun olaraq görüşdüyünü, səhhətləri, saxlanma şəraiti və onlarla davranışı monitorinq etdiklərini deyir, ailələri ilə əlaqə yaratmaqda yardım etdiklərini bildirirlər. Məlumdur ki, əlaqə deyiləndə məktublaşma nəzərdə tutulur. Lakin narahatlıq doğuran həm də bu amildir ki, Dilqəm Əsgərov ailəsinə məktub yazmayıb.
Bu barədə "Sherg.az” saytına Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərova məlumat verən BQXK əməkdaşları ailənin məktubunu Dilqəmə çatdırdıqlarını, lakin onun cavab yazmadığını deyiblər. BQXK nümayəndələri D.Əsgərovun nə məktub yazmaq istədiyini, nə də videogörüntü alınmasına icazə vermədiyini bildiriblər. Elə bu da Dilqəm Əsgərovun oğlunun atasının səhhəti ilə bağlı şübhələrinə əsas verir. Şahbaz Quliyevin qardaşı İlham Quliyev də BQXK-nin onlara heç bir məktub gətirmədiyini deyib. Ş.Quliyevin məktub yazmamasının səbəbi bilinmir.
İki soydaşımızın erməni separatçıları tərəfindən girov götürülməsindən artıq 4 il ötür. Bu müddət ərzində BQXK sadəcə girovlara baş çəkib onların səhhəti ilə bağlı məlumatlar və ailələrinə məktublar gətirib. Amma artıq məktublar da "kəsilir”. Soydaşlarımızın girovluqdan azad edilməsi və onların səhhəti ilə bağlı dəqiq, konkret məlumat almaq üçün hansı addımların atılmasına ehtiyac var?
Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı "Şərq”ə açıqlamasında bildirdi ki, girovlarla bağlı istənilən sonluğa nail olmaq üçün bu məsələ daim gündəmdə saxlanılmalıdır:
- Biz qeyri-hökumət təşkilatı kimi bu iki soydaşımızla bağlı bir sıra beynəlxalq təşkilatlara müraciətlər etmişik. Girovların taleyinin gündəmdə olmadığını deyə bilmərəm. Çünki rəsmi strukturlarla yanaşı ölkədəki əksər qeyri-hökumət təşkilatları da girovların taleyi ilə daim maraqlanır, məsələni diqqətdə saxlayırlar. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu günlərdə keçirilən mətbuat konfransında Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışdı. Biz hüquq müdafiəçiləri Strasburqda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirakımız zamanı Avropa Parlamenti deputatları ilə görüşümüzdə girovların məsələsini yenə qaldırdıq. Hətta Avropa Şurasının Azərbaycan üzrə sabiq həmməruzəçiləri ilə də bu barədə söhbət etdik, məsləhətlər aldıq ki, girovların işi ilə bağlı beynəlxalq hüquq səviyyəsində hansı addımlar atıla bilər. Beynəlxalq təşkilatlara müraciətlərin böyük önəmi var. Çünki beynəlxalq təşkilatlar ictimai institutların çağırışlarına, yerli xarakterli bəyanatlara diqqət ayırır. Biz də çalışırıq ki, bu məsələ daim gündəmdə olsun. Məlumdur ki, Ermənistan tərəfi girovlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Lakin iki soydaşımızın girovluqda saxlanmasının insan haqlarına, bütün beynəlxalq konvensiyalara zidd olduğunu da hamı yaxşı bilir.
S.Bənənyarlı soydaşlarımızın girovluqdan azad edilməsi üçün Rusiya dövlətinin təsir imkanları olduğunu da dedi:
- Dilqəm Əsgərov rəsmən Rusiya vətəndaşıdır. Rusiya hökumətinin öz vətəndaşının taleyinə bu dərəcədə biganəliyi əlbəttə, sual doğurur. Rusiya dövləti vətəndaşına sahib çıxmalı və onun girovluqdan azad olunmasını tələb edə bilər. Demirəm, Dilqəm Əsgərov Rusiyaya ekstradisiya edilsin, çünki girov saxlanılan hər iki soydaşımız faktiki olaraq qeyri-qanuni saxlanılıblar. Tanınmamış, separatçı, qondarma bir respublikanın qondarma məhkəməsi onlar barədə hökm çıxarıb. "DQR” hansısa rəsmi dövlət deyil ki, tərəflər arasında hüquqi prosedur icra edilsin və girovlar başqa bir ölkəyə təhvil verilsin. "DQR” qondarma, separatçı, qanunsuz, işğalçı bir tərəfdir.
Dilqəm Əsgərov da, Şahbaz Quliyev də işğal olunmuş Azərbaycan ərazisində qanunsuz olaraq saxlanılır. Onların azad edilmələrinə yalnız bizim hər birimizin bu məsələni daim gündəmdə saxlamaqda diqqətdə qalmalarını təmin etməklə, həmçinin, beynəlxalq təşkilatlarla mütəmadi əlaqə saxlayıb həqiqətləri onların nəzərinə çatdırmaqla nail ola bilərik. Rusiya dövləti Azərbaycana yeni səfir təyin edib. Hesab edirəm ki, yeni səfirlə bu məsələni müzakirə etmək faydalı olardı.
Məlahət Rzayeva