NATO və Rusiya generalı Bakıda bir araya gələcək
Yanvar ayında Bakıda NATO-nun Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Kertis Skaparroti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında görüş olacaq. Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO-nun Silahlı Qüvvələrinin rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq.
Xatırladaq ki, ötən ilin fevralında Bakıda general Gerasimov və ABŞ Silahlı Qüvvələrinin generalı Cozef Danfordun görüşü keçirilib. Sentyabrda isə rus general NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə bir araya gəlib. Ekspertlərə görə, iki önəmli gücü təmsil edən hərbiçilərin növbəti dəfə görüş məkanı olaraq Azərbaycanın paytaxtını seçməsi Bakının əhəmiyyətdən xəbər verir. Şübhəsiz ki, ABŞ və Rusiya generallarının məhz Bakıda bir araya gəlməsinin digər siyasi, hərbi və strateji məqamları da olmamış deyil.
Gözlənilən mühüm görüşlə bağlı "Şərq”ə münasibət bildirən tanınmış politoloq Nəzakət Məmmədova deyib ki, Bakı artıq beynəlxalq əhəmiyyətli görüşlərin keçirildiyi strateji şəhər statusu qazanıb.
Ekspertin sözlərinə görə, planlaşdırılan görüş həm də ölkəmizin regionda ən sabit dövlət olması səbəbindən buradakı tədbirlərin təhlükəsizliyinə olan inamdan irəli gəlir:
"Ali hərbi rütbəli Rusiya və Qərb silahlı qüvvələrinin təmsilçiləri əvvəllər də Bakıda görüşlər keçiriblər. Çünki Azərbaycan həm geosiyasi mövqeyi, həm sabitliyi, həm də balanslaşdırılmış siyasət xətti yürüdən bitərəf ölkə kimi bu cür görüşlərin keçirilməsinə ən uyğun məkan hesab edilir. Yaxın Şərq, İran, Türkiyə, Rusiya, eləcə də Çindən Mərkəzi Asiya vasitəsilə Avropaya gedən yolların üzərində yerləşən ölkəmiz bu baxımdan unikaldır. Görüşən tərəflərə gəlincə, Rusiya Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitə rəhbərinin ilin əvvəlində görüşməsi müəyyən məsələlərdən xəbər verir. Öncə, görüşün formatına diqqət yetirək. Ötən il Gerasimov ABŞ nümayəndəsi ilə görüşmüşdüsə, bu il NATO nümayəndəsi ilə görüşür. Bildiyimiz kimi, ABŞ və NATO arasında son dövrlərdə müəyyən narazılıqlar var. Prezident Donald Tramp NATO müttəfiqlərindən üzvlük haqqını artırmayacaqları halda Amerikanın onları Rusiya təhdidindən qorumayacağını bildirmişdi. Bununla da avropalı müttəfiqlərində Vaşinqtona qarşı etimadsızlıq yaranmışdı. Ona görə də NATO təmsilçisi artıq Gerasimovla görüşünü ABŞ-ın mövqeyini nəzərə almadan, Obama dövründəki qadağalara məhəl qoymadan reallaşdıra bilir. Görünür, hərbi alyans artıq bundan sonra da müəyyən məsələlərdə Vaşinqtonla hesablaşmağa ehtiyac görməyəcək”.
Analitik bildirib ki, artıq iki NATO ölkəsi - Fransa və İtaliya Türkiyə ilə silah müqaviləsi bağlayıb. Halbuki, ABŞ və Türkiyə münasibətləri hazırda çox mürəkkəbdir:
"Eyni zamanda, İngiltərə də ABŞ-a qarşı bir çox məsələlərdə, o cümlədən Qüds və İran məsələlərində əks mövqe nümayiş etdirdi. Hətta Avropa ölkələrinin özlərinin ABŞ-dan ayrı bir NATO-ya bənzər hərbi-siyasi təşkilat yaratması planları səsləndirildi. Belə olan halda, NATO rəsmisinin Vaşinqtona məhəl qoymadan Rusiya generalı ilə görüşməsi və avropalıların təşəbbüsü öz əlinə alması çox diqqətçəkən məsələdir. Lakin ABŞ-ın tamamilə gözardı edildiyini də demək olmaz. Çünki Trampdan fərqli olaraq, Pentaqon NATO ilə münasibətlərini yüksək səviyyədə qorumağa çalışır. Bu görüş haqda NATO rəhbərliyi tərəfindən Vaşinqtona məruzə ediləcəyi də şübhəsizdir. Görüşün əsas mövzularının? isə Yaxın Şərq, İran, terrorçuluğa qarşı mübarizə, Ukraynadakı vəziyyət, silah satışı məsələləri olacağı ehtimal olunur”.
İsmayıl