Novruz bayramını səbirsizliklə gözləyən yüzlərlə ailələr var
Budəfəki əfv sərəncamına məşhur məhbusların adlarının düşəcəyi də ehtimal olunur
Novruz bayramı ərəfəsində ölkə başçısının Əfv sərəncamı imzalayacağına dair gözləntilər getdikcə artır. Buna səbəb isə Əfv Komissiyasının iclaslarının intensivləşməsi və hüquq müdafiəçilərinin bu istiqamətdə fəallaşmasıdır. Hətta sözügedən məsələ ilə əlaqədar bir neçə gün əvvəl hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüş çərçivəsində bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə bağlı siyahı təqdim edilib. Ramil Usubov Əfv Komissiyasının üzvü olduğu üçün görüşdə ilk olaraq siyasi məhbus siyahısı ortaya qoyulub. Siyahı ilə bağlı fikirlərini ünvanlayan hüquq müdafiəçiləri Əfv Komissiyasında həmin məhbusların taleyinin müsbət həll olunmasına dair istəklərini ifadə ediblər.
Əfvlə bağlı hüquq müdafiəçilərinin nazirlə görüşünü dəstəkləyən millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, hüquq müdafiəçilərinin, həmçinin də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təklifləri nəzərə alınmalıdır:
"Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”. Deputat mart ayında növbəti əfv fərmanının imzalanacağına ümid etdiyini bildirib.
Görüşdə iştirak edən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib ki, məqsəd siyahıda olan məhbuslarla bağlı məlumat vermək olub. Daha sonra hüquq müdafiəçilərinə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Əllərində olan siyahını Komissiyaya təqdim etdiklərini qeyd edən hüquq müdafiəçisi bu günlərdə Əfv Məsələləri Komissiyasının iclasının keçirildiyini də əlavə edib. Onun sözlərinə görə, siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin də adı var:
"Hətta bəzilərinin adı illərdir həmin siyahıdadır. Arzu edirik ki, budəfəki əfv siyahısında onların adını görə biləcəyik”.
Görüş barəsində təəssüratlarını bölüşən digər hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlının dediyinə görə, siyahıda blogerlər, jurnalistlər, inanclı insanlar, keçmiş dövlət məmurları var. Siyahıdakı adları tam şəkildə açıqlamaq istəmədiyini deyən S.Qocamanlı onların taleyinə son dərəcə obyektiv yanaşdıqlarını qeyd edib.
Görüşdə müzakirə olunan digər məsələlər isə onlara ünvanlanan şikayətlərlə bağlı olub: "Hər bir şikayəti Ramil müəllimin nəzərinə çatdırdıq.
Elə oradaca şikayətlər nəzarətə götürüldü. Artıq problemlərin aradan qaldırılması üçün işlər başlayıb”. Bu cür görüşlərin davamlı olacağını diqqətə çatdıran hüquq müdafiəçisi siyahını Əfv Komissiyasının digər üzvləri olan Azay Quliyevə və Əliməmməd Nuriyevə də verdiklərini bildirib və həmçinin Əfv Komissiyasının digər üzvləri ilə də görüşməyə çalışacaqlarını əlavə edib:
"Hər halda vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də bu problemdən narahat olan insanlar kimi, uzun illərdir bu problemlə məşğul olan hüquq müdafiəçiləri olaraq biz üzərimizə düşən işləri görürük, problemləri aidiyyəti qurumlara, şəxslərə çatdırırıq. Azərbaycanın siyasi məhbus problemindən qurtulması öncəliklə bizim marağımızdadır. Çünki bu problem "Damokl qılıncı” kimi ölkəmiz üzərində asılıb qalıb”.
Hüquq müdafiəçisinin qənaətincə, daha çox az müddət cəzası qalanlar, xəstə olanlar, qadın məhbuslar, səhhətləri ağır olan inanclı insanlar azadlığa çıxmalıdırlar. Ailə vəziyyəti ağır olanlar da nəzərə alınmalıdır.
Məhbusa Cinayət Məcəlləsi üzrə verilən maddə hökmən əfvdə nəzərə alınır. Ağır və ya orta maddələr nəzərə alınmaya bilməz. Məhbusun cəzasının 3/1-i qalmalıdır ki, əfv şansları yaransın.
Daxili işlər naziri ilə keçirilən görüşdən məmnun qaldığını deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, kim lazımdırsa, onların adları Ramil Usubova təqdim edilən siyahıda öz əksini tapıb. Novella Cəfəroğlu nazirə təqdim olunan siyahıda adları olan məhbusların əksəriyyətinin əfv olunacağına əminliyini də gizlətməyib.
Şəymən