Gülən hərəkatı Türkiyə ilə məhdudlaşmır

Fətullahçı şəbəkə Azərbaycan müxalifətinin də içinə yeriyib



Azərbaycanın dövlətçilik maraqları, xalq-dövlət vəhdətinin bariz nümunəsi heç vaxt imkan verməz ki, hansısa xarici təşkilat, yaxud ölkəmizin müstəqilliyinə müdaxilə etməyə cəhd edən daxili-xarici ünsürlər bu birliyə xələl gətirsin. Azərbaycanın qanunları var və buna cəhd edənlər mütləq layiqli cavabını alacaqlar. Qardaş Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra bu çirkin planın arxasında duran şəbəkə üzvlərinin və onların əmri ilə hərəkət edən xəyanətkarların həbsinə start verilib.

Məlum olub ki, Fətullahçı şəbəkə bir sıra ölkələrlə yanaşı, Azərbaycana da sirayət edib. Məhz onların sırasında AXCP sədri Əli Kərimlinin adının da hallanması bir çox faktlarla sübuta yetirilib. Ekspertlərə görə, bu kimi vəziyyət Ə.Kərimli kimi siyasətçi üçün ilk deyil. Belə ki, onun bütün dövrlərdə bu və ya digər şəkildə anti-Azərbaycan xarakterli xarici təşkilatlarla iş birlikləri mövcud olub. Məqsəd isə hər nə yolla olursa-olsun, hakimiyyətə gəlməkdir. Bu baxımdan, Türkiyədə başlanan bu proseslərin araşdırılması dərinləşdikcə, növbəti dəfə aydın olub ki, fətullahçıların fəaliyyəti təkcə Türkiyə miqyası ilə məhdudlaşmır. Türkiyə ilə yanaşı, Qafqaz və Mərkəzi Asiya, eyni zamanda, ərəb ölkələrində də geniş agentura şəbəkəsi quraraq, süni siyasi böhranların yaradılması üçün uyğun vaxtı gözləyirmişlər. Azərbaycanın bütün sahələrdə güclü inkişaf yolu keçməsi, dünyanın siyasi arenasında söz sahibinə çevrilməsini istəməyən qüvvələr isə hər zaman olub. Onlar ilk növbədə Fətullah Gülənin təşkilatına xüsusi tapşırıqlar verərək, növbəti mərhələdə Azərbaycanı da hədəfə almağı tapşırıb. Artıq faktlar da belə qənaətə gəlməyə əsas verir ki, Əli Kərimli Fətullah Gülən üçün hər zaman əlverişli vasitə olub. Özü də bu xəyanətkar əməkdaşlıq bir neçə illərə qədər gedib çıxır. Beləliklə, fətullahçılar Azərbaycanda da "beşinci kolon”un xidmətlərindən istifadə etmək və ölkədə qarışıqlıq yaratmaq planlarını hazırlayıb. Məhz ilk olaraq, Türkiyə hökumətinin siyasi-hərbi və ictimai sektordakı fətullahçı terror təşkilatı tərəfdarlarını təmizləmə əməliyyatları Əli Kərimlinin televiziya məkanına çıxan yeganə yolunu bağlayıb. Əli Kərimlinin, həm də Qənimət Zahidin səs-küyləri bir daha onların fətullahçılarla əlaqələrini üzə çıxarmış oldu. AXCP sədrinin Türkiyə mediasında təbliğatını da Gülən təşkilatı planlaşdırıb. Türkiyədə bağlanan 16 fətullahçı telekanal arasında AXCP-nin "Azərbaycan saatı”nın yayımlandığı "Barış” və "Can Ərzincan” TV-ləri də var idi.

Bu günə qədər Qərbdəki bəzi anti-Azərbaycan dairələrindən AXCP sədri üçün gələn maliyyə vəsaitlərinin birbaş Fətullah Gülənə məxsus olması da üzə çıxıb. Ə.Kərimli "Eurovision-2012” yarışması, 2013-cü il Prezident seçkiləri və 2015-ci il I Avropa Oyunları zamanı FETÖ-çülərdən böyük məbləğdə pul alıb. Ümumiyyətlə, FETÖ lideri ilə Əli Kərimlinin sıx əlaqələrinin olması faktını AXCP sədrinin oğlu Türkel Kərimlinin yaxın zamanlarda ABŞ-a səfəri də isbatladı. Türkiyədə Fətullah Gülən şəbəkəsi ətrafında gərgin anların yaşandığı vaxt Əli Kərimli oğlu Türkel Kərimlini ABŞ-a göndərir və onun Vaşinqtonda bir sıra siyasətçi, zəngin iş adamları ilə görüşünü təşkil edir. Sual olunur, Türkiyə ilə ABŞ arasında Fətullah Gülənlə bağlı ciddi qalmaqalın yaşandığı bir zamanda, Azərbaycan dövlətinin bu məsələdə bilavasitə qardaş Türkiyənin yanında olduğu, qardaş ölkənin maraqlarını müdafiə etdiyi bir zamanda Əli Kərimli oğlunu nəyə görə Amerikaya göndərib? Çox güman ki, FETÖ-dən növbəti təlimatlarını almaq və onları icra etmək üçün. Əbəs yerə deyil ki, T.Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib. Fətullah Gülən də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunduğundan, Əli Kərimli maddi vəsaitləri və "Azərbaycan saatı”na yeni efir meydanı almaq üçün oğlunu "elçi” kimi okeanın o tayına göndərib. Heç bir halda Azərbaycan dövləti belə ünsürlərin ayaq açıb yürümələrinə, xəyanətkarların dövlətçilik maraqlarına qarşı çıxmalarına imkan verməyəcək. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi, dünyada söz sahibinə çevrilməsi faktoru kifayət qədər bu fikrə əsaslanmağa zəmin yaradır. Əli Kərimli və onun kimi xəyanətkarlar qanun qarşısına çıxıb, xalqa cavab verəcəklər.

DADP-nin keçmiş sədri, politoloq Məmməd Əlizadə də bildirib ki, hakimiyyət hərisliyi, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması Əli Kərimlini dövlətimizi təhdid edən qüvvələrlə belə əməkdaşlıq etməyə vadar edib: "Əli Kərimli o qüvvələrdəndir ki, heç zaman Azərbaycanın çiçəklənməsi, onun inkişafı, xalqın firavan yaşamasında maraqlı olmayıb. Onun işi-gücü ancaq
ölkədə qarmaqarışıqlıq salmaq, stabilliyin pozulmasına nail olmaqdan ibarət olub. Onun bütün siyasi fəaliyyətini dərindən izləsək, hərəkətlərində əsasən məhz yuxarıda qeyd etdiyim çalarların üstünlük təşkil etdiyini görərik. Bu insan hakimiyyətə sahib çıxmaq üçün Azərbaycana düşmən olan ən təhlükəli qüvvələrlə belə əməkdaşlığa hazırdır. Təki, onu maliyyələşdirsinlər. Bu mənada onun və komandasının Gülənlə əlaqəli olması, Azərbaycanı təhdid edən qüvvələrlə birlikdə fəaliyyət göstərməsi məndə heç bir təəccüb doğurmur. Bu gözləniləndir. Yəni öz çirkin niyyətlərini həyata keçirmək üçün maliyyə əldə etmək və hakimiyyət hərisliyi Əli Kərimlini düşmənlərimizlə belə uf demədən əməkdaşlığa getməyə meyilləndirib”.

İsmayıl