Güllələr açılır...

Ermənistan Qarabağda vəziyyətin dəyişməsində maraqlı deyil
XİN başçılarının görüşü ərəfəsində düşmən cəbhədə təxribatlara əl atır



Dağlıq Qarabağ cəbhəsində təxribata cəhd edən erməni silahlı bölmələri növbəti dəfə itki verib. Atəşkəs rejimini pozan düşmən layiqli cavabını alıb. Ermənistan KİV-lərinin məlumatına görə, erməni əsgər Vaçe Çilinqaryan cavab atəşi ilə öldürülüb.

Onun köməyinə gələn baş leytenant və sürücüsü də ağır yaralanıb. 

İlin əvvəlində, xüsusən XİN rəhbərlərinin görüşü ərəfəsində düşmənin cəbhə xəttində gərginliyi bilərək artırmasını "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, ermənilərin ehtiyatda olan yeganə planı təxribat törətməkdir. Ekspertin sözlərinə görə, düşmən ölkə problemin həlli yolunda öz manevr imkanlarını məhdudlaşdırır: 

"Münaqişənin həllini tapmaq üçün iki tərəf də münasibətlərini konkret şəkildə ortaya qoymalıdır. Azərbaycan tərəfinin mövqeyi münaqişənin əvvəlindən tam aydın bəllidir. Lakin düşmən ölkə 25 ildir nala-mıxa vurur. Müxtəlif bəhanələrlə, təxribatlarla danışıqlar prosesindən yan qaçır. Bu da onu göstərir ki, Ermənistanın işğalçı rejimi münaqişədə hansısa irəliləyişin olmasında maraqlı deyil. Nəzərə alaq ki, bu il Ermənistanda seçkilər keçiriləcək və idarəetmə sistemi dəyişəcək. Ona görə də hazırda ölkədə siyasi qruplar arasında daxili çəkişmələr və gərginlik hökm sürür. Ölkəyə kimin rəhbərlik edəcəyi məsələsi öz həllini tapmayıb. Ola bilsin, Serj Sarkisyan baş nazir ola bilmədi. Əgər Sarkisyan baş nazir olarsa, Ermənistanın siyasətində heç bir müsbət dəyişiklik olmayacaq. Yox əgər, hakimiyyətə onun rəqibləri yiyələnəcəksə, o zaman müəyyən normallaşma ehtimalı var. Hələlik seçki prosesinin nəticələrini gözləmək lazımdır”. 

Analitik bildirib ki, Azərbaycan ermənilərin təxribatlarına təəccüb etmir: 

"Dəfələrlə müharibə cinayətləri və soyqırım törətmiş bir ölkədən humanist davranış gözləmək əbəsdir. Hakimiyyətdə olan komanda məhz həmin cinayətləri törədən qüvvələrdir”. T.Abbasovun fikrincə, müəyyən zaman sonra nəticəsiz danışıqlara ehtiyac qalmayacaq: "Düzdür, fövqəldövlətlər regionda müharibənin başlanmasında maraqlı deyillər. Ancaq həmin dövlətlər özləri problemlərini silahların gücü ilə həll edirlər. Azərbaycan artıq qəti sözünü deyib. Əgər düşmən təxribatçı addımlarını davam etdirərsə, nəticə onlar üçün çox pis olacaq”.

İsmayıl