Gümrüdəki hadisə planlı ola bilər

Ona görə ki, Ermənistan hazırda Qərblə müəyyən separat danışıqlar aparır



Yanvarın 12-də Gümrü şəhərində baş verən qətl olayı Ermənistanı, eləcə də Rusiyanı dərindən silkələyib. Ermənistanda qulluq edən Valeri Permyakov adlı müddətli hərbçi erməni ailənin 6 üzvünü qətlə yetirib. Hadisə Ermənistan dairələrinin kəskin reaksiyasına səbəb olub. Ermənilər dünən axşam Gümrüdə yerləşən Rusiya bazasının qarşısında etiraz aksiyası keçiriblər.

Rusiya Müdafiə Nazirliyinin xüsusi qrupu olay yerinə dərhal gələrək, araşdırmalar aparıb. Hətta Serj Sarkisyan təcili müşavirə keçirib. Hadisənin Rusiya-Ermənistan münasibətlərinə hər hansı soyuqluq gətirib-gətirməyəcəyi isə sual altındadır.

Politoloqlar isə baş verən hadisənin iki ölkə arasındakı əlaqələrdə ciddi problemlərin baş verəcəyini ehtimal edirlər.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir ki, Gümrüdəki qətliam hadisəsi ilk növbədə adi bir cinayət və ya humanitar bir fəlakət təəssüratı bağışlasa da, ortada məsələyə daha şübhəli yanaşmağa əsas verən faktlar var. Şübhələrə əsas isə bunun adi bir cinayət hadisəsi olmamasıdır: "Fakt odur ki, həmin əsgər cinayət törətdikdən sonra Ermənistan-Türkiyə sərhədinə yollanaraq Rusiya sərhədçilərinə təslim olub. Rusiya isə birmənalı şəkildə bildirir ki, hərbiçisini Ermənistana təslim etməyəcək, çünki bu, Rusiya qanunlarına ziddir. Hərçənd deyə bilmərəm ki, Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın statusu ilə bağlı müqavilədə bu detallar aydınlaşdırılmışdı, ya yox, amma istənilən halda cinayət baş verdiyi yerdə araşdırılmalıdır. Yuxarıda qeyd etdiyim kimi, bu motivsiz cinayət hadisəsi planlı aksiya təəssüratı bağışlayır. Ən azından iki ölkə münasibətlərinin indiki dönəmi belə şübhələrin yaranmasına əlavə əsas verir. Ona görə ki, artıq mətbuatdan da göründüyü kimi, Ermənistan hazırda Qərblə müəyyən separat danışıqlar aparır. Belə olan halda ehtimal etmək olar ki, bu, Ermənistan rəhbərliyinə çox sərt bir mesajdır. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi nəticəsində baş nazir, parlamentin spikeri, bir neçə dövlət rəsmisi qətlə yetirilib. Ancaq cinayətin üstü açılmadı. Yalnız cinayətkar ömürlük həbs cəzasına məhkum edildi və məsələ bununla da bağlanıb”.

Ərəstun Oruclunun qənaətincə, məhz bu səbəbdən də indi baş verən bu olay müəyyən ehtimalların yaranmasını labüd edir: "Bir qədər konspirasiya nəzəriyyələrindən uzaq olaraq süni şübhə yaymaq istəməsəm də, hər halda bunun üçün kifayət qədər əsas var. Ermənistanın olaya bu cür sərt reaksiyası da özlüyündə çox mətləblərdən xəbər verir. Eyni zamanda, hakimiyyət rəsmilərinin faktiki olaraq susaraq bu etirazlara şərait yaratması onu göstərir ki, Ermənistan və Rusiya arasında bir çox məsələlərə dair artıq çox ciddi fikir ayrılığı var. Ermənistan kimi müttəfiqi və yaxud rusların öz təbirincə desək, forpostlu dövlətlərlə Rusiya artıq hədə və şantaj dilində danışmağa başlayıb. Çünki Ermənistanın Qərblə hansısa gizli və ya yarımgizli danışıqları barədə artıq rus mətbuatında da məlumatlar yer alıb. Bu da hadisələrin ümumi kontekstinə uyğun gəlir”.

İndiki situasiyada Rusiya ilə münasibətlər fonunda Qərbin Ermənistanla əlaqələr qurmaq istəyinin anlaşılan olduğunu deyən politoloq bildirib ki, Rusiyanın məsələyə reaksiyası məhz bu cürdür: "Mən heç bir konspiroloji nəzəriyyəyə söykənmək istəmirəm, ancaq baş vermiş olayda kifayət qədər müəmmalı məqamlar var. Yenə də istənilən halda Rusiya-Ermənistan münasibətləri pozulsa belə, bu, Azərbaycana heç nə verməyəcək. Çünki Rusiyanın şərtləri istənilən halda ağırdır və bu, Rusiyanın siyasi stilidir. Moskva hər zaman müttəfiqliyi yalnız öz dominantlığı kimi anlayır. Moskva İrəvanın dövlət sərhədlərini faktiki olaraq məhdudlaşdırıb, bütün enerji və kommunikasiya infrastrukturunu nəzarətə götürüb. Buna görə də Rusiya bu baxımdan Azərbaycan üçün yaxşı və arzuolunan müttəfiq deyil. Hətta Rusiya Azərbaycanla münasibətləri daha da inkişaf etdirməyi istəsə belə, yenə də istənilən halda Qarabağ problemini heç zaman həll etməyəcək. Bu baxımdan yaranmış şəraitin bizim üçün əlverişli olduğunu düşünmürəm”.

Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, Ermənistan sözügedən tələbləri irəli sürsə belə, bu ancaq müxalifətin iqtidara qarşı istifadə edə biləcəyi bir taktikası ola bilər: "Çünki Ermənistanın iqtisadiyyatı bu gün 70-80 faiz Rusiyadan asılıdır. Həmçinin bu ölkənin hərbi potensialı da əsasən Rusiyanın Ermənistan ərazisində yerləşən 102 saylı hərbi bazası ilə sırf bağlıdır. Eyni zamnda bu bazada çoxsaylı ermənilər iş yerləri ilə təchiz edilib”. Onun fikrincə, Gümrü şəhərində bir ailənin 7 üzvünü qəddarcasına avtomat silahla qətlə yetirən Permyakov erməni tərəfə təhvil verilməyəcəkdi və hərbçi olduğu üçün istintaqı hərbi prokurorluq aparacaq: "Bütün bunlara baxmayaraq Rusiya tərəfi də narahatdır və Rusiya Federasiyası Müdafiə Nazirliyi müavinlərindən birinin rəhbərliyi ilə xüsusi bir komissiya da yaradılıb. Çünki xarici bir dövlətin ərazisində yerləşən hərbi bazanın nümayəndəsi qəddarcasına qətl hadisəsi törədir. Bu isə yerli vətəndaşların iradına və hərbçilərə qarşı hər cür neqativ hərəkətlərə gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, baş vermiş olay daha çox ermənilər və rus hərbçiləri arasında gərginliyə səbəb ola bilər: "Düşünürəm ki, erməni rəhbərlər bundan sığortalanmaq məqsədilə istintaqın məhz hərbiçilər tərəfindən aparılmasına razılıq verəcək. Eyni zamanda qətl edilənlərin yaxınlarına maddi kompensasiya tələbi ilə çıxış edəcəklər. Öz növbəsində Rusiya tərəfi də bu variantla razılaşacaq. Çünki hər cür iğtişaş baş verə bilər. Bu isə ermənilərin xeyrinə deyil”.

Şəymən