Əhməd Qəşəmoğlu: "Əlbəttə, yaşanan olayda hər iki tərəfin günahı var"Aydın Xan Əbilov:"Dünyada hər hansısa bir canlını, ağacı kəsmək, yandırmaq ən dəhşətli bir hadisədir. Bir insanın yandırılması isə inanılmaz olaydır"
Dünən Tovuz rayonunda 37 yaşlı kişinin üstünə bezin töküb yandırıblar. Bu xoşagəlməz hadisə rayonun Qovlar qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Ələkbərov Elbrus İmran oğlunun üstünə benzin töküb od vurublar. Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Ələkbərov Vüqar İman oğlu törədib.
Belə ki, oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb. E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.
Qeyd edək ki, bu arzulonmaz məsələ ilə bağlı sosial şəbəkələrdə müzakirə açılıb. Əksəriyyət bildirir ki, müasir dönəmdə, XXI əsrdə dünyanın insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi çağırışlar etdiyi bir dönəmdə ölkəmizdə bu cür amansız hadisələrin baş verməsi heç də xoşagələn deyil.
Maraqlıdır, görəsən Azərbaycanda baş verən bu cür hadisələr nədən qaynaqlnaır və belə halların aradan qaldırılması üçün nələr edilməlidir ?
Suallarımızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az”a söyləyib ki, ölkəmizdə belə bir hadisənin baş verməsi həqiqətən də ürəkaçan deyil:"Əvvəlcə, onu deyim ki, bu heç bir ölkədə müsbət qarşılana bilməz. Amma olayın detallarına nəzər yetirdikdə məlum olur ki, bu məsələdə zərərçəkənin də yanlışları var. Hətta belə bir atalar sözümüz var: "Günah daha çox öləndə olur”. Həqiqətən də belədir. Yandırılan şəxsin səhvləri az deyil. Bizim mental dəyərlərimiz var. Axı ölkəmizdə evli ola-ola başqa qadınla bərabər olmaq kimi bir hal müsbət qarşılanmır.
Neçənci əsr olurs-olsun, amma bu kimi yanlış addımlar gənclərimizi korlayır. Azərbaycanda qeyri-rəsmi münasibətlərə, həyat yoldaşına xəyanət kimi ürəkaçmayan hadisələrə normal yanaşılmır. Bura da söhbət bir insanın həyatından, taleyindən gedir. Bizim dinimizdə, konstitutsiyamızda qəsdən bir insanın canına qıymaq, ona zərər vermək və ya öldürmək qadağandır. Hətta birinin üzərinə bezin töküb, diri-diri yandırmaq qandonduran olaydır. Əlbəttə, yaşanan olayda hər iki tərəfin günahı var, lakin hadisəni heç də müsbət qarşılamıram”.
Kulturoloq Aydın Xan Əbilov isə son zamanlar Azərbaycanda bu kimi tükürpərdən halların statistikasının artdığını bəyan edir:"Azərbaycanda ailə münasibətləri, xəyanət, bir-birilərini bəyənməmək, mülkiyyətin bölüşdürülməsi ilə bağlı olan zidiyyətlərin məhkəmə müstəvisində keçirildiyini müşahidə edirik. Bu da çox mənfi tendensiyadır. Bu vəziyyətin aradan qaldırılmasında Azərbaycan cəmiyyəti çətinlik çəkir. Əslində ailədən hər hansısa bir şəxsin yoldaşına xəyanət etməsinə Avropa ölkələrində müstəqil yaşam tərzi deyilir. Amma bizdə insanlar hələ də XV-XVIII əsrin düşüncəsində qalıb.
Yəni bir qadın və bir kişi evlənirsə, ömrünün sonuna kimi onunla bərabər olmalıdır. Lakin dünyada hadisələrə münasibətlər, yanaşmalar dəyişir. Artıq ailədə xəyanətlər olur. Düzdür, bu kimi hallar olmasa, çox yaxşı olar. Xaricdə cütlüklər arasında xəyanət olduqda, onlar məhkəməyə müraciət edib, boşanır və istədikləri kimi müstəqil şəkildə həyatlarını yaşayırlar.
Lakin Azərbaycanda boşanma hadisəsi "İkinci Dünya” müharibəsi şəklində baş tutur. Tərəflər bir-biri ilə düşmən olur, aralarındakı münaqişələr artır. Bəzən bu fonda sosial şəbəkələrdə müxtəlif videolarla qarşılaşırıq.
Xəyanət edən kişini aparıb meşədə cinsi zorakılığa məruz qoyurlar. Əvvəllər bu kimi hallarda qadınlara qarşı aqressiya var idisə, indi bu tendensiya kişilərə şamil olunur. Ümumiyyətlə, dünyada hər hansısa bir canlını, ağacı kəsmək, yandırmaq ən dəhşətli bir hadisədir. Amma bir insanın yandırılması inanılmaz olaydır. Belə hallarda məhkəməyə üz tutmaq ən yaxşı çıxış yoludur”.
Kənan Eynuroğlu