Gürcüstan hakimiyyətinin susqunluğu anlaşılmazdır

Erməni qaniçənə heykəl qoyulması azərbaycanlılarla yanaşı gürcülərin də milli qüruruna toxunur
Rəsmi Tiflis Azərbaycanla müttəfiqliyi də nəzərə alaraq tezliklə Avaqyanın heykəlini götürməlidir


Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak etmiş erməni hərbçinin büstünün qoyulması məsələsi ətrafında polemika davam edir.

Buqaşendə heykəli ucaldılan separatçı, terrorist Mixail Avaqyan Azərbaycanın Xocalı şəhərində minlərlə dinc sakinə qarşı törədilmiş soyqırımda iştirak edənlərdən biri olub. O, Horadizdəki körpü uğrunda döyüşlərdə snayperdən yaralanır və xəstəxanaya aparılarkən yolda ölür.
Azərbaycanın strateji müttəfiqi olan Gürcüstan isə bizimlə olan dostluq münasibətlərinə məhəl qoymadan ermənilərin əli günahsız insanların qanına bulaşmış qatilinə heykəl ucaldılmasına göz yumur. Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notasına, heykəlin sökülməsi ilə bağlı müraciətinə rəğmən susqunluq nümayiş etdirir. Üstəlik də Gürcüstanın müdafiə naziri Levan İzoriya bu gün Yerevana birgünlük rəsmi səfərə gəlir.

Ermənistan KİV-nə istinadən aldığımız xəbərə görə, səfər zamanı İzoriya erməni həmkarı David Tonoyanla görüşəcək və nazirliklər arasında ikitərəfli əməkdaşlıqla bağlı illik plan imzalanacaq.
Maraqlıdır, Azərbaycan tərəfi Gürcüstan barədə ölçü götürməli, əlaqələri yenidən dəyərləndirməlidirmi?

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, deputat Hikmət Babaoğlunun "Şərq”ə açıqlamasına görə, Gürcüstanla Azərbaycan arasında olan münasibətlər strateji xarakter daşıyır və elə də asanlıqla pozula biləcək münasibətlər deyil:

 "Doğrudur, bu münasibətlər bəzi regional aktorların heç xoşuna gəlmir və onu pozmaq üçün daima çalışırlar. Məsələn, Ermənistan bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atır, ancaq bu vaxta qədər əsla məqsədinə nail ola bilmir və bilməyəcək də . Çünki Gürcüstan və Azərbaycan arasında olan münasibətlər hər iki ölkənin dövlət və milli maraqlarına söykənir. Azərbaycan özünün bütün qlobal layihələrində tranzit ölkə kimi məhz Gürcüstanı müəyyənləşdirib. Bu layihələr və onların ətrafında formalaşan çoxşaxəli əməkdaşlıq və tərəfdaşlıq platforması hər iki ölkənin inkişafına mühüm töhfələr verir. Şübhəsiz ki, işğalçı Ermənistan qərb marşrutlu layihələrimizdə özünü Gürcüstana rəqib kimi görür və əslində bu layihələrin ona necə böyük inkişaf gətirə biləcəyini də yaxşıca dərk edir. Ancaq işğalçılıq siyasəti bu ölkəni faktiki blokada vəziyyətinə salıb və hazırda çıxış yollarından biri kimi də Gürcüstanla yaxşı əlaqələr qurmağın olduğunu görür. Bu isə heç vaxt baş tutmayacaq, çünki Ermənistan Gürcüstanın şimali-qərb əyalətlərinə də potensial işğal ərazisi kimi baxır və gürcülər də bunu yaxşı bilirlər. Ona görə də iki ölkənin müdafiə nazirləri arasında imzalanmsı nəzərdə tutulan sənədlər imzalansa da, elə kağız üzərində qalacaq”.

Erməni terroristə Gürcüstanda heykəl qoyulması məsələsinə gəldikdə isə H.Babaoğlu deyib ki, bu hadisə elə gürcülərin də milli qüruruna toxunan hadisədir və əksər gürcülər də bunu belə qəbul edirlər: 

"Görünür, bəzi məsələlərin həll edilməsi mərhələ-mərhələ baş tutan hadisəyə çevrilir. Ona görə da son bir ildə Ermənistan və Gürcüstanda baş verən siyasi proseslərin gətirdiyi yeniliyin oturuşmasını gözləmək lazımdır. Bir qədər sonra bəlli olacaq ki, gürcü xalqının mənafeləri nəyi tələb edir və onun inkişafı üçün ən optimal və səmərəli yol hansıdır” .

Şəymən