Gürcüstan prezidenti ilə görüş gözlənilir

Zəlimxan Məmmədlinin ata yurduna getmək qadağası aradan götürülməyib




"Keçən ilin iyun ayından müavinim Salman Murğuzovun, oktyabr ayının 19-dan isə mənim Gürcüstana girişim yasaqlanıb. Bu proses həmin ölkənin indiki hakimiyyəti iş başına keçəndən start götürüb. Təbii ki, məsələ bizi ciddi narahat edir”.

Bu barədə "Şərq”ə "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, məlum qadağa hiyləgər və bölgədə iki xalq arasında gərginlik yaratmağa çalışan qüvvələrin işidir: "Burada erməni izi də, Kreml izi də aramaq olar. Hər halda fikrimiz budur ki, hadisə həm də Gürcüstanın Avropa ailəsinə gedən yolunu bağlamağa hesablanan xəyanətdir. Rəsmi Tiflis bunun fərqində olmalıdır. Azərbaycan tərəf də məsələyə həssas yanaşmalıdır”.

Birlik sədri qeyd edib ki, proses Gürcüstanın prezidenti səviyyəsində nəzarətə götürülüb: "Azərbaycan və Türkiyədə də hadisəyə həssas yanaşma müşahidə olunmaqdadır. Son olaraq şəxsən Gürcüstan siyasi hakimiyyəti və hüquq-mühafizə orqanlarına cinayət işinin açılmasını, obyektiv istintaq aparılmasını bildirmişəm. Üstəgəl, cinayətim sübut olunarsa, cəzamı çəkməyə hazır olduğumu söyləmişəm. Bunu xüsusi bəyanatla KİV-də yaymışam. Hazırda da həmin fikrimin üzərində dayanıram”.

Z.Məmmədli bütün rəsmi qurumları - QHT sektoru, parlamentariləri bu məsələyə biganə qalmamağa çağırıb: "Gizli təsirli minadır. Həmin mina zərərsizləşdirilməlidir. Məsuliyyəti isə birmənalı şəkildə Gürcüstan güc strukturları və bu işə rəvac verən siyasi qolun üzərinə düşür”.

Təşkilat rəhbəri Gürcüstan prezidenti ilə görüş planlarının olduğunu bəyan edib: "Addımlarımızı həmin görüşün nəticəsinə uyğun olaraq müəyyənləşdirəcəyik”.

Ayyət Əhməd